• Manat yenidən BAHALAŞDI - Bu proses hara aparır?

     Manat yenidən BAHALAŞDI - Bu proses hara aparır?

    İki hərracda manat bahalaşır, dolların ucuzlaşmasının isə müvəqqəti olacağı bildirilir...

    Milli valyuta olan manat iki hərracdır ki, bahalaşır. Əksər ekspertlər manatın bahalaşmasının müvəqqəti və inzibati olduğu qənaətindədirlər. Fevralın 7-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 2,8 faiz möhkəmlənib. Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini fevralın 7-si üçün 1,8769 səviyyəsində müəyyən edib.

    Ekspert Əkrəm Həsənovun sözlərinə görə, dolların rəsmi məzənnəsi ən yüksək nöqtəyə- 1,92 manata çatanda vətəndaşlara xəbərdarlıq edib: “Bunu dəfələrlə demişəm ki, son manatınızı xarici valyutaya çevirməyin. Çünki böyük ehtimalla sürətlə davam edən cari devalvasiya yaxında bir müddət, bir neçə aylıq dayanacaq və hətta ola bilsin ki, manat bir az bahalaşacaq. Mərkəzi Bank da deyəcək ki, “Görürsüz, manat istədiyi tərəfə üzür”. Nəticədə sizə manat lazım olanda, onu daha baha alacaqsız. Yazımdan 2 gün sonra manat ilk dəfə bahalaşıb dollara nisbətdə 1,9111 oldu. Sabaha isə daha da bahalaşdı. Yəni qeyri-adi bir şey baş vermir. Gözlənilən idi və əhaliyə bu barədə xəbərdarlıq etmişdim”.

    Ekspert Natiq Cəfərli isə qeyd edib ki, prosesin müvəqqəti olduğu dəqiqdir: “Görürəm ki, ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşması gözləntiləri yaranıb. Biznes belə çevik deyil, məzənnənin qiymətlərə həmən təsiri olmur, ola da bilməz. Çünki biznes özünü də sığortalayır, müqavilələr öncədən bağlanılır, bu gün bazarda olan mallar əvvəlcədən alınıb, bəlkə də, 1,90-1,95 koridoru olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də məzənnənin qiymətlərə təsiri olmayacaq, çünki, obyektiv səbəblərə görə fevralın sonu, martın əvvəli valyutaya təlabat artacaq. Büdcə xərcləri, büdcədən maliyyələşən investisiyalar üçün vəsaitin ayrılması indi başlayacaq. Novruz Bayramında ölkəyə idxal artacaq. Bayramlarda ölkədən səfərə gedənlərin sayında kəskin artış olacaq”.

    Ekspertin sözlərinə görə, son hərracda təklif olunan valyutanın həcmi dəyişməyib- cəmi 35 milyon dollar olub: “Həftədə 2 dəfə hərrac olur, 70 milyon dollar satılacaq, aya 280 milyon dollar edir. Bu templə dollar satışı davam etsə, ilə 3,4 milyard dollar vəsait edir. Ölkənin isə il ərzində valyuta təlabatı, təqribən 10-11 milyard dollardır. Yəni görünən odur ki, nə məzənnəni aşağı həddlərdə saxlamağa, nə də dar həcmdə valyuta satışını davam etdirməyə imkan və resurs yoxdur. İndi Mərkəzi Bankın əsas hədəfi məzənnənin sabitləşdirilməsi olmalıdır, bəlli koridorda məzənnə sabitləşməsə bu bank sektoruna da, ticarətə də ciddi mənfi təsir edəcək. Mərkəzi Bank sərt pul siyasəti ilə manatın dövriyyəsini də xeyli azaldıb, manat kütləsinin həcmi 2 dəfədən çox aşağı düşüb, bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur. İqtisadi aktivliyin azalması isə iş yerlərinin itirilməsinə, əhalinin gəlirlərinin azalmasına səbəb olur, orta və uzun vadədə bu addım ölkəyə məzənnənin özündən daha çox ziyan vuracaq”.(musavat.com)

    Ekspert Vüqar Bayramov isə deyib ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb: “Hətta dollara təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi. Dollara tələbi artıq əsasən 3 faktor yaradır: idxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi. Dollarlaşma səviyyəsi yüksək olduğu üçün artıq əhalinin yığımlarının strukturu manatın məzənnəsinə əvvəllər ciddi təsir etsə də indi təsir xeyili dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var. Əslində, əks-dollarlaşma prosesinə başlaya bilərsə, Mərkəzi Bank həmin dollarlarının bir hissəsinin manata çevirilib sərmayəyə yönəlməsinə nail ola bilər”.

    Ekspertin fikrincə, əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü struktruna nəzər alsaq, fevral ayının birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır: “Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr ayları hesab edilir. Çünki bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrində maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımdan dollara tələb yenidən yüksəlir. Gözlənilir ki, məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək. Əgər Mərkəzi Bank Neft Fondunun bu ilki 7,5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Və əslində 2017-ci ildə Neft Fondunun 14,5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır”.

    Rubrika.az


    Facebook-da paylaş