Əli Əhmədovdan bahalaşma etirafı: 20 millət vəkili danışır, 15 deputat susur - Eksklüziv siyahı

“Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik”
Bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, hökumət tərəfindən qiymətlərin daha sürətlə artmaması üçün vacib olan tədbirlər görülür. Baş nazir müavini bahalaşmanı etiraf edib.
Amma millətin içində olmalı bəzi millət vəkilləri var ki, xalqdan kənar gəzir, ağzına su alıb oturur, bahalaşmadan kəlmə kəsmir. Onlar barəsində dəfələrlə yazılıb.
Lakin deputatlar yenə də susmağa üstünlük verib. Ya onlara danışmaq qadağandır, ya da günləri xoş keçir.
Bununla belə, Ə.Əhmədovun çıxışı yenidən həmin deputatları yada salır. Məsələn, Mahir Abbaszadə, Tahir Mirkişili, Mirzəcan Xəlilov, Rüfət Quliyev, Kamaləddin Qafarov, Rüstəm Xəlilov, Hacı Madər Musayev, Cavanşir Paşazadə, Muxtar Babayev, Azər Badamov, Azər Kərimli, Sədaqət Vəliyeva, Sevinc Fətəliyeva, Məlahət İbrahimqızı və başqalarını qeyd etmək olar.(politika.az)
Oxucular da, ictimaiyyət də, media da şahiddir ki, adıçəkilən mandat sahibləri nə Milli Məclisdə, nə mətbuat səhifələrində ölkədəki iqtisadi vəziyyətdən, işsizlik, ixtisar, ərzağın bahalaşması haqda danışıblar.
Sanki mandat onlara hökumətin fəaliyyətini mədh etmək və Qarabağ mövzusunda ümumi fikirlər söyləmək üçün verilib. Hərçənd, ölkənin sosial vəziyyətinin pisləşdiyini və bahalaşmanın getdiyini çox yaxşı müşahidə edirlər.
Azərbaycan iqtisadi fəlakətin tən ortasında çabalayır. Neft pullarının məmurlar tərəfindən talan edilməsi və orta təbəqənin ləğvi yenidən ölkəni 90-cı illərin yoxsulluq dövrünə qaytarır.
Məmurlar ölkəni elə günə qoyub ki, kor-kor, gör-gör. Sözügedən deputatlar isə ölkədə məmur özbaşınalığına etiraz etmir.
Mehriban Əliyeva, Zeynəb Xanlarova, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Adil Əliyev, Fazil Mustafa, Zahid Oruc, Tahir Kərimli, Əli Məsimli, Vahid Əhmədov, Yevda Abramov, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Aqil Abbas, Çingiz Qənizadə, Araz Əlizadə, Siyavuş Novruzov olmasa Milli Məclisdə sanki iş dayanıb. Bundan başqa, Fərəc Quliyev, Asim Mollazadə, Rasim Musabəyov siyasi kontekstdə fəallıq nümayiş etdirir.
Azərbaycan xalqı isə dövlətinə güvənir. Dövlət idarəçiliyində olan bəzi nazir-məmur qruplaşması bu güvəni öldürür və ölkəni ağır dövrəyə salır.
Xalq kasıblaşır, köçkünlər, yurdundan didərgin düşmüş insanlar dövlətdən narazı salınır, ölkənin gələcəyi olan xarici təhsilli uşaqlar isə oxumaq əvəzinə təhsil haqqı üçün qara bazar işlərinə sürüklənir.
Rubrika.az
Facebook-da paylaş















