• Serj Sərkisyanın qandallanması üçün hüquqi prosedurlara start verildi

     Serj Sərkisyanın qandallanması üçün hüquqi prosedurlara start verildi

    Milli Məclisdə “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin geniş müzakirəsi keçirildi

    Fevralın 10-da Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması” haqqında qanun layihəsinin təqdimatı oldu.

    Parlamentin İnsan hüquqları komitəsinin təşkilatçılğı ilə keçirlən təqdimat mərasimində çıxış edən komitə sədri, Milli Məclisin sədr müavini Bahar Muradova giriş nitqi ilə çıxış etdi. O bildirdi ki, qanun layihəsi Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə hazırlanıb. Vitse-spiker layihənin Xocalı soyqırımının ildönümü ərəfəsində ərsəyə gəlməsinə də diqqət çəkdi: “Bir neçə gündən sonra Xocalı soyqırımının 25-ci ildönümü tamam olacaq. Ancaq çox təəssüf ki, bu illər ərzində aparılan işlər bizim istədiyimiz nəticəni verməyib. Ermənistan ordusu Azərbaycan ərazilərini işğal altında saxlayır və insanlar öz yurdlarında yaşamaq imkanından məhrum edilib”.

    B.Muradova xatırlatdı ki, artiq 10 ölkə Xocalı hadisələrini soyqırım kimi tanıyıb, ABŞ-ın ştatları müvafiq qərarlar qəbul edib, həmçinin bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırmına qiymət verib: “Ancaq bu qərarlar nə Ermənistanı işğala son qoymağa, nə də onun havadarlarını bundan nəticə çıxartmağa vadar etməyib. Biz beynəlxalq aləmi məsələ ilə bağlı düzgün bilgiləndirmək, Azərbaycana qarşı törədilən cinayətlərin hüquqi qiymət alması və cinayətkarların cəzalandırılması barədə məlumatlandırmaq yönündə müəyyən işlər görmüşük. Ancaq bu gün ərazilərimiz işğal altındadır, insanlar öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Dünya vaxtilə bu cinayətlərin mahiyyətindən xəbərsiz olub. Bu hadisələrə ilkin münasibət ümummilli lider hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb. Cinayətkarlar bəlli olsa da, qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar”. Vitse-spiker ölkə prezidenti İlham Əliyevin Xocalı soyqırmının 25 illiyi ilə bağlı sərəncam verdiyini xatırladaraq əlavə edib ki, sərəncamdan irəli gələn məsələlərlə bağlı parlamentin də görməli olduğu işlər var. “Milli Məclisdə də ümumi fikir bundan ibarət oldu ki, beynəlxalq cinayətlərin qarşısının alınması və onun cəzalandıılması ilə bağlı qanunun qəbuluna ehtiyac var. Ona görə də "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması" haqqında qanun layihəsinin hazırlanması ideyası yarandı. Bu, Qüdrətli Azərbaycan Təşkilatının təşəbbüsü, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Milli Məclisin dəstəyi ilə başlanan layihənin son tədbiridir". B.Muradova deyib ki, Milli Məclis QHT-lərə Dövlət Dəstəyi Şurası və Mətbuat Şurası ilə Xocalı soyqırımı tədbirlərini keçirməklə bağlı memorandum imzalayıb.(musavat.com)
    Bundan sonra sədr müavini bu təşəbbüsə verdiyi dəstəyə görə, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri, prezidentin köməkçisi Əli Həsənova təşəkkür etdi. Eyni zamanda sədr müavini tədbirdə iştirak edən PA ictimai-siyasi şöbənin müdir müavini Ərəstun Mehdiyevə, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevə, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərova, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə, həmçinin qanun layihəsinin müəllifi “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin icraçı direktoru Elman Aslanova təşəkkürünü bildirib.

    Bundan əlavə tədbirə qatılan aidiyyəti komitələrin nümayəndələrini, Milli Məclisin ekspertlərini, insan hüquqları ilə məşğul olan QHT-lərin rəhbərlərini də salamladı, onlara minnətdarlıq etdi.

    Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirdi ki, ermənilərin Dağlıq Qarabağda və ətraf ərazilərdə törətdiyi cinayətlər hələ də davam edir: “Orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar. Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir”.

    O bildirdi ki, ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər: “Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır”. Ç.Əsəgərov Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına da münasibət bildirdi: “Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır. Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”. PA rəsmisi vurğuladı ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib: “Artın həmin işlər icraata götürülüb”.

    “Ermənistanın təcavüzünün aradan qaldırılması uğrunda gedən mübarizə illərində baş verən ən dəhşətli hadisə Xocalı soyqırımıdır. Bu hadisə Ermənistanın siyasi rejiminin törətdiyi ən ağır cinayətlərdən biridir”.

    Bunu isə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev söylədi. Ə.Mehdiyev xatırlatdı ki, hələ 1994-cü ilin fevralında Milli Məclisdə Xocalı soyqırımı mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müzakirəyə çıxarılıb və ona hüquqi qiymət verilib. Administrasiya rəsmisi prezident İlham Əliyevin cari ildə imzaladığı sərəncama istinad edərək bildirib ki, hələ də Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməyib. Ə.Mehdiyev dedi ki, Xocalı soyqırımı erməni canilərinin 100 ildən artıq müddətdə Azərbaycana qarşı həyata keçirdiyi ən qanlı hadisələrdən biridir: “Azərbaycanda bu soyqırım aktı ilə bağlı istintaq aparılıb, 2005-ci ildən sonra bu iş Hərbi Prokurorluğa həvalə olunub və cinayət işi bu gün də davam edir. Araşdırmaların gedişində cinayətkarlar müəyyən olunub və İnterpol vasitəsilə axtarışa verilib. Bu cinayəti törədənlər Ermənistan rəhbərliyində təmsil olunmuş şəxslər, o cümlədən, keçmiş prezident R.Köçəryan, bugünkü prezident S.Sarksiyan və onların ətrafı, o cümlədən, separatçı rejimin rəhbərliyi, həmçinin hərbi canilər iştirak edib. Serj Sarkisyan özü də bu cinayətin törədilməsində yaxından iştirak etdiyini etiraf edib, bunu stereotipin qırılması kimi qiymətləndirərək özünə bəraət qazandırmağa çalışıb”. Ə.Mehdiyev xatırlatdı ki, bir sıra dövlətlər Xocalı soyqırımını tanıyıb: “Bu informasiya mübarizəsi sahəsində aparılan işin nəticəsidir. Xeyli uğurlar qazanmışıq, amma təcrübə göstərir ki, bu, mübarizədə qalib çıxmaq üçün, torpaqların işğaldan azad edilməsi üçün kifayət etmir”.

    Milli Məclis Aparatının İnzibatı və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsini təqdim etdi.

    Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev bildirdi ki, 1988-ci ildən bəri Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz davam edir: “Təkcə Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də qırğınlar törədilib. Yeni hazırlanan "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" qanun layihəsi Hərbi Prokururluqda öyrənilib. Layihəyə təklifimiz var. Bunlar həm redaktə xarakterli, həm də digər məsələlərlə bağlıdır".

    Hərbi prokuror qanun layihəsindəki bəzi detallarla bağlı konkret fikirlərini bölüşdü, redaktə tipli dəyişikliklərin olmasının vacibliyini qeyd etdi. X.Vəliyev qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı aparılan işlərdən də bəhs etdi:

    “Azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə dair 297 nəfər haqqında axtarış elan edib, İnterpola göndərmişik. Amma indiyədək 297 nəfərdən heç kim saxlanılaraq, Azərbaycana təhvil verilməyib, onlardan birini də əldə etməmişik”. Hərbi prokuror Xocalı qatillərinin cəzalandırılmasının mümkün olmamasının səbəbləri haqda danışarkən dünyadakı ikili standartların mövcudluğunu xatırlatdı: “Bunu hamınız bilirsiniz, dünyada ikili standartlar var. Müsəlmana bir münasibət var, xristiana başqa... Beynəlxalq İnterpol Təşkilatı da eyni mövqedə durub, başqaları da”. X.Vəliyev “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin hazırlanmasına təqdirlə yanaşmaqla yanaşı, layihəyə əlavə və dəyişikliklərini təklif edib: “Bu qanun layihəsi qəbul olunsa, əlavə bir rıçaq əldə etmiş olacağıq. Nəticədə Azərbaycan vətəndaşlarına qarşı soyqırım törədən və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin mühakiməsi mümkün olacaq”.

    “Qüdrətli ölkə, məsələn, ABŞ, yaxud Rusiya bəlkə qanunsuz yollardan da istifadə edib, xaricdəki şəxsləri həbs edib gətirə bilər. Amma Azərbaycan kimi ölkələr üçün bu, çox çətin məsələdir”. Bu fikirlər isə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə məxsusdur.

    “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi barədə mövqeyini bölüşən Aparat rəhbəri bildirdi ki, bu qanunun çox böyük siyasi və mənəvi əhəmiyyəti var: “Amma unutmayaq ki, bu cür qanunvericilik cəmi 7 ölkədə rəsmiləşdirilib. Ona görə də çox çətin prosesdir, çünki ölkənin qanunvericiliyi yalnız ölkə daxilinə aiddir. Əgər biz bu qanunun dünya tərəfindən qəbul olunmasını istəyiriksə, onda gərək onun hamı üçün anlaqlı olmasına çalışaq. Yəni nümayiş etdirək ki, biz təkcə özümüz üçün qəbul etməmişik. Eyni zamanda cəmiyyətə izah etməliyik ki, bu qanunun qəbul olunması ilə bütün işlər həll olunmayacaq”.

    Daha sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, digər deputatlar Vüsal Hüseynov, Tahir Kərimli, Rövşən Rzayev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış etdilər. Əksər natiqlər layihənin plenar iclasda müzakirəsini istədilər.

    BAMF sədri Umud Mirzəyev layihəni fövqəladə əhəmiyyətə malik sənəd adlandırdı və müəlliflərə təşəkkür etdi.

    Təşkilat sədri etnik təmizləməni təbliğ edən şəxslərin də cəzalandırılması barədə müddəanın layihəyə əlavə edilməsini istədi. Bundan əlavə, işğal altındakı ərazilərdə həyata keçirilən cinayətlərdən, həmçinin narkotik istehsalından bəhs edərək bu barədə də qanuna əlavələri zəruri saydı.

    Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə dedi ki, bu layihədə Azərbaycan ərazisində törədilə biləcək növbəti cinayətlərlə bağlı xəbərdarlıqlar da əksini tapmalıdır.

    Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, bu tədbir vətəndaş cəmiyyətindən gələn təkliflərə Milli Məclisin sayğı ilə yanaşmasının nəticəsidir. Ə.Amaşov Yaxın Şərqdə baş verənlərə diqqət çəkərək əlavə etdi ki, əgər biz bu sənədi qəbul etsək, digər ölkələr də öz hüquqlarını müdafiə etmək üçün bu sənədə də istinad edəcəklər. “Xocalı soyqırımını törədənlər bu gün vəzifədədirlər, amma bir müddət sonra vəzifədə olmayacaqlar. Vaxt gələcək Xocalı soyqırımını törədənlər Lapşin kimi qoluqandallı Azərbaycana gətirilib mühakimə olunacaqlar” - Ə.Amaşov bildirdi.

    Deputat Zahid Oruc dedi ki, bütün bu proseslər Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan prosesdir: “Bütün bu aktlar bizim siyasi və hərbi mövqeyimizi möhkəmləndirir”. Z.Oruc Gürcüstanın işğal altındakı ərazilərlə bağlı qanunu qəbul etdiyini xatırladıb dedi ki, biz də illər öncə çox asanlıqla analoji qanunu qəbul edə bilərdik.

    Deputat bir sadə yunanın “mən öz evimə dönmək istəyirəm” məzmunlu müraciətini Avropa Məhkəməsinə göndərdiyini və 1998-ci ildə müraciətinin təmin olunduğunu misal çəkdi. Ardınca yüz minlərlə köçkünlərin də eyni məzmunlu müraciət etmələri ilə bağlı proses başlatmağı təklif etdi.

    Deputat Asim Mollazadə dedi ki, hərbi cinayətkarların siyahısı hərtərəfli araşdırılmalıdır: “Ermənilər bu cinayətləri tək törətməyiblər, onların sahibləri də iştirak ediblər. 366-cı alayın heyətini də unutmamalıyıq. Bəli, Lapşinin məsələsi ürəyimizdən tikan çıxartdı. Amma o zaman ürəyimizdən tikan o zaman tam çıxar ki, Xocalıdakı uşaqları qətlə yetirən qatillər Bakıya əlibağlı gətiriləcək”.

    Deputat Cavanşir Feyziyev qanun layihəsinin mükəmməl hazırlandığını bildirdi. Qeyd etdi ki, Xocalı qatillərinin cəzalandırılması üçün hüquqi imkan yaradacaq.

    Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə qanunun müzakirəsini rəhbərlik etdiyi təşkilatda keçirməyi təklif etdi.

    Sonda B.Muradova iştirakçılara təşəkkür etdi və müxtəlif səviyyələrdə qanun layihəsinin müzakirəsinin davamının faydalı olacağını bildirdi.

    Rubrika.az


    Facebook-da paylaş