• "Məhkəməyə verəndə nə olur ki?" -Hafiz Hacıyev icra başçısını yıxıb-sürüdü

    "Məhkəməyə verəndə nə olur ki?" -Hafiz Hacıyev icra başçısını yıxıb-sürüdü

    Bir neçə gün öncə mediada, daha dəqiqi, elektron KİV-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və onun oğlu Məhəmməd Hacıyev haqda məlumatlar dərc edildi.

    Məlumatlar əsasən başçı oğlunun təmtəraqlı həyat tərzinə üstünlük verməsi, gününün çox vaxtını əyləncədə keçirməsi ilə bağlı idi. Qeyd edilirdi ki, Məhəmməd Hacıyevin bahalı avtomobil kolleksiyası var: “Onun avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir”. Yazıda bir çox başqa məqamlar haqda da qeyd edilirdi, lakin nə şəxsi toxunulmazlıq, nə şərəf və ləyaqətin təhqiri, nə də digər bu kimi hallarla bağlı hər hansı pozuntular yox idi. Ölkə prezidenti İlham Əliyevin dəfələrlə xəbərdarlıqlar etməsi, məmurların özlərinin və övladlarının təmtəraqlı həyat tərzi yaşaması ilə bağlı narazılıqlar bildirməsi bu kimi xəbərləri hər zaman diqqət mərkəzində saxlayır.Biz də bu baxımdan həmin məlumatları dərc etdik. Təbii ki, ölkə qanunlarına uyğun olaraq qarşı tərəfin cavab haqqını tanıdığımızı da vurğulamaqla. Material saytımızda dərc edildikdən sonra İmişli Rayon İcra Hakimiyyətindən zəng edildi və yazının saytdan götürülməsi təklif edildi.(?) Biz bu təklifi rədd edərək, qarşı tərəfə mövqeyini işıqlandırmağa hazır olduğumuzu dedikdə isə bundan imtina edərək bildirdilər ki, cənab başçı (Vilyam Hacıyev) müvafiq tədbirlər görəcək. Bu məsələdə V.Hacıyevin sərbəst olduğunu dedik.
    Daha sonra bir sıra saytlarda bu məlumatların hansısa qüvvələr tərəfindən ötürüldüyü barədə yazılar dərc edildi. Guya həmin qüvvələr İmişlidə görülən işləri gözdən salmaq məqsədilə “qaralama kampaniyası” aparır. Maraqlıdır, əgər İmişlidə hansısa yüksək səviyyədə inkişafa səbəb olan işlər görülürsə bunu qaralamaq üçün niyə V.Hacıyevin oğlunun təmtəraqlı həyatından yazılmalıdır? İkinci və əsas məsələ: niyə icra başçısı oğlu haqqında yazılanları təkzib etmək əvəzinə, özünə qarşı düşmənçilik edən naməlum qüvvəni axtarır? Medianın yazılmamış qaydalarında belə bir yanaşma var: təkzib yoxdursa xəbər gerçəkliyi əks etdirir.İcra başçısının redaksiyamıza zəng edən sözçüsünə qarşı tərəf olaraq mövqe verməyi təkidlə istəsək də, bundan imtina edildi. Belə olan halda, biz oğul Hacıyev haqda yazılanların heç də yalan olmadığını iddia edə bilərik.

    Bir daha qeyd edirik ki, saytımızda dərc edilən “Başçı oğlunun aristokrat həyatı” sərlövhəli yazı başqa KİV-ə istinadla dərc edilmişdi. Buna rəğmən, əgər İH-in sözçüsü xəbərin yalan olduğunu deyib, təkzib xarakterli bir mətn göndərsəydi onu da dərc edəcəkdik. Bu, bizim peşə borcumuzdur. Yaradılan şəraitə baxmayaraq, təkzib verməyən qarşı tərəf bu gün yazını dərc edən media qurumlarını (hansı ki, o sırada AFN də var) hüquqi addımlarla təhdid edirsə, bu, ya onların mövcud qanunlardan xəbərsiz olması, ya da prosesin naşı adamlar tərəfindən idarə edildiyini deməyə əsas verir. Vilyam Hacıyev yaxşı bilməli idi ki, onu vəzifəyə təyin edən prezident İlham Əliyev mediaya dözümlülük göstərməyin tərəfdarıdır. Bunu hörmətli başçının yaxın qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də qeyd etdi.(afn.az)açıqlamasında partiya sədri bildirdi ki, medianı məhkəməyə verən, jurnalistlərə təzyiq edənlərə heç vaxt haqq qazandırmır: “Belələri getsin dözümlülüyü, humanistliyi cənab prezidentimiz İlham Əliyevdən öyrənsinlər. Görsünlər ki, ölkə prezidenti nə qədər demokrat insandır, oxşasınlar ona. Prezidentin təyin etdiyi kadrlardır, o necə fəaliyyət göstərir onlar da o cür hərəkət etməlidirlər. Görünür, bunlar da belə yol tutublar. Mən həmişə medianın yanındayam. Kim jurnalistləri məhkəməyə verir, media ilə intriqaya gedir yanlışlıq edir. Media təbiətin, insanların güzgüsüdür. Hər kəsin səhvi də ola bilər, işində, fəaliyyətində çatışmazlıq da, media tənqid də edə bilər, nöqsanları açıq şəkildə yaza da bilər, bundan nəticə çıxarmaq lazımdır. Bu, o demək deyil ki, gedib məhkəməyə müraciət etmək lazımdır. Cənab prezident də hər zaman deyib ki, mediaya açıq olun, nümunə olun, qoy onlar da bundan nəticə çıxartsınlar. Dözümlülük sərgilmək lazımdır. Adamın pis tərəfi də olar, yaxşı tərəfi də, media hamısını yazmalıdır. Məhkəməyə verəndə nə olur ki?”

    Rubrika.az


    Facebook-da paylaş