• Hacıbala Abutalıbovun fəaliyyət prinsipləri, uğur sirrləri buna bağlıdır

    Hacıbala Abutalıbovun fəaliyyət prinsipləri, uğur sirrləri buna bağlıdır

    Bakı 16 il əvvəlki şəhər deyil

    Tarixdə çox şəxsiyyətlər öz xalqının inkişafı, tərəqqisi yolunda mücadilə etmiş, milyonların qəlbində özünə şərəfli abidə ucaltmışdır. Yüzilliklər boyunca müstəmləkə əsarətində inildəyən Azərbaycanın aydınları, dəyərli mütəfəkkirləri xalqımızın inkişafı, milli dövlətçiliyimizin yaradılması üçün mübarizə aparıb, min-bir məşəqqətlərə qatlaşmışdır. Tale bir əsrdə Azərbaycana iki dəfə müstəqil dövlət qurmaq şansı verib. Birinci dəfə bu dövləti cəmi 23 ay qoruyub saxlamaq mümkün oldu. İkinci müstəqillik dönəmində isə az qala dövlətimiz heç 23 ay da ayaqda qalmayacaqdı. Siyasi səriştəsizlik, daxili intriqalar, hakimiyyət uğrunda amansız mübarizələr və nəhayət müharibə, xarici müdaxilə təhlükəsi... Belə bir zamanda-parçalanmış, işğal olunmş, iqtisadiyyatı dağılmış ölkənin taleyində yeni bir səhifə açıldı. Tarixin xilaskarlıq missiyası ilə mükafatlandırdığı Heydər Əliyev batmaqda olan bir gəminin sükanı arxasına keçdi. Heydər Əliyev dühası Azərbaycanı məhv olmaqdan, tarixin səhifələrində əbədi yox olmaqdan xilas etdi-O dövləti sadəcə xilas etmədi, dövləti yaratdı, qurdu!

    Ümummili lider “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyərək uğurlu bur strategiyanın əsasını qoydu, son işartıları da sönməkdə olan bir ocağın külləri altından odlar ölkəsini Günəş kimi nura qərq etdi. Bəlkə də tarixdə heç bir liderə müəssər olmayan bir missiyanı uğurla başa vuran H. Əliyev bu müqəddəs yolu etibarlı əllərə təhvil verərək əbədiyyətə qovuşdu. Bu gün artıq dünyanın qəbul etdiyi, hesablaşdığı, mötəbər kürsülərdən haqq səsi eşidilən, uğurlu inkişaf strategiyası bir model olaraq qəbul edilən, güclü iqtisadiyyata, orduya və LİDERə malik olan bir Azərbaycan vardır! Memarı Heydər Əliyev, rəhbəri İlham Əliyev olan bir Azərbaycan !

    Bu müqəddəs yolda hər zaman ümummili liderin yanında olan, bütün fəaliyyəti ilə liderə və dövlətə sadiqlik simvoluna çevrilən, ona göstərilən böyük etimadı şərəflə doğruldan Hacıbala Abutalıbovun hər bir məmura örnək ola biləcək həyat yolu Azərbaycanımızın inkişaf yolu ilə paralel addımlayır. Tutduğu bütün vəzifələrdə xalqın və dövlətin mənafelərini hər şeydən uca tutan, qarşıya qoyulan vəzifələrə, ali məqsədlərə nail olan H. Abutalıbov Heydər Əliyev amallarının həyata keçməsi üçün var gücüylə çalışır. Hələ 1995-2000-ci illərdə Suraxanı rayon icra hakimiyyətinin başçısı olarkən Hacıbala müəllimin yorulmaz fəaliyyəti ümummili lider tərəfindən layiqincə qiymətləndirildi, 1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzaladı. Bu ümummili liderin H. Abutalıbovun iş təcrübəsinə verdiyi böyük dəyər idi. Sonra ona daha böyük bir etimad göstərildi, yeniləşən Azərbaycanın paytaxtına rəhbər təyinatı aldı. İndi Hacıbala müəllimin üzərinə daha böyük yük düşürdü- vaxtilə Heydər Əliyevin qurub yaratdığı Bakını dünyaya yeni simada təqdim etmək. Bu zaman həm tarixilik

    qorunmalı, həm modernlik təmin edilməliydi. Bakı köhnə sovet simasından müasir Avropa paytaxtına çevrilməliydi. Bu məqsədlərə ancaq yorulmaq bilmədən çalışan, hər zaman ümummili liderin etimadına layiq olan bir şəxs nail ola bilərdi. Seçim yenə də uğurlu idi- Hacıbala Abutalıbov Bakının yeni simasının memarına çevrildi. Azərbaycanın artan iqtisadi gücünün timsalında paytaxtımız nəhəng tikinti meydançasına çevrildi. Cənab prezidentin qayğısı nəticəsində Bakı dünyada heç bir şəhərin keçmədiyi bir inkişaf, tərəqqi yolu keçdi. İstər İlham Əliyevin, istərsə də Mehriban xanımın Azərbaycanın tarixi keçmişinə böyük sevgidən qaynaqlanan müasir dünyagörüşü Bakını anban gözəlləşdirdi.

    İndi hər kəs bu şəhərin qənirsiz gözəlliyinə valeh olur. Bakı on altı il əvvəlki şəhər deyil. Onun siması günbəgün dəyişir, yeniləşir. Bir il əvvəl bu şəhərdə olan xarici qonaqlar etiraf edirlər ki, Bakı tanınmaz dərəcədə gözəlləşib. Bakı ölkəmizdə gedən nəhəng quruculuq işlərinin ən bariz nümunəsidir. Haraya baxırsan, yenilik var, köhnə məhəllələrin yerində ucalan göydələnlər, parklar və xiyabanlar, yeni yollar adamda qürur hissi doğurur. Bakı Avropanın gözəl şəhərlərini də arxada qoyub. Bəli, Bakı doğrudan da, arzularımızın şəhərinə çevrilib. Xəzərə qucaq açan bu şəhərin gözəlliyi hər kəsi heyran qoyur. Elə bil hansısa rəssam əliylə çəkilmiş bir tablodur. Onun rəngləri də başqa bir aləmdir.

    Cənab Prezident İlham Əliyevin bir kəlamı isə bu günümüzün mənzərəsini aydın təsəvvür etmək imkanı yaradır: “Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız ən sürətlidir. Təkcə son on ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir-həm siyasi, iqtisadi, həm energetika, mədəniyyət sahələrində”. Budur, Azərbaycanın bugünkü reallığı.

    Bakı isə bu irəliləyişin önündə addımlayır. Onun hüdudları genişlənir, əhalisi artır, dünyanın ən gözəl şəhərləri sırasında adı çəkilir. Biri digərindən hündür binalar, abad yollar, möhtəşəm körpülər, insana rahatlıq və zövq bəxş edən parklar və xiyabanlar, yeni yaşayış kompleksləri, dünyanın məşhur mehmanxana brendləri paytaxtımızı meqapolisə çevirmişdir. Müasir Bakının yeni rəmzləri meydana gəlmişdir. Alov qüllələri, Dövlət Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi və onlarla digər memarlıq inciləri bu şəhərin gözəlliyinə xüsusi bir çalar qatır. Bakı xarici turistlərin daha çox üz tutduğu şəhərlərdəndir. Turistləri bu şəhərə cəlb edən təkcə yeni yaradılan abidələr deyil, daha çox bu xalqın milli-mənəvi dəyərlərinə çevrilmış tarixi abidələridir. Qız Qalası, İçərişəhər Dövlət Tarixi- Memarlıq Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi-Memarlıq Qoruğu və Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və neçə-neçə muzeylər bu şəhərə təşrif buyuranları həqiqətən valeh edir.

    Bütün bunlar isə yorulmaq bilmədən çəkilən zəhmətin, göstərilən etimada qarşılıq əməyin bariz nəticəsidir. Bu günkü Bakının müasir simasında H. Abutalıbovun gərgin əməyinin, yorulmaz əzminin izləri vardır. O, bu gün də iş başındadır, bu gün də yorulmadan Bakımızın yenidən qurulması uğrunda çalışır. Cənab prezident İlham Əliyevin qarşıya qoyduğu böyük vəzifələi həyata keçirmək üçün Hacıbala müəllim bütün varlığıyla Bakını gözəlləşdirir, çiçəkləndirir. Bu ümummili liderə, onun layiqli davamçısı olan İlham Əliyevə, xalqımıza, dövlətimizə, Bakımıza olan sonsuz sədaqətin, sevginin təntənəsidir.

    Nicat Mahmudov


    Facebook-da paylaş