Bayram bitdi, gözlənilən olmadı - BAZARLARDA SON QİYMƏTLƏR
Hər il bayram ərəfəsində bazarda qiymətlər bahalaşır. Bahalaşmanı həmin dövrdə məhsullara tələbatın artması ilə izah edirlər. Adətən bayram başa çatdıqdan sonra qiymətlərdə yenidən ucuzlaşma müşahidə olunur. Bu dəfə isə vəziyyət fərqlidir. Bayram başa çatıb, amma bazarlarda qiymətlər Novruz bayramı ərəfəsində olan qiymətlərdən də bahadır.
Paytaxt bazarlarında apardığımız müşahidələr əksər meyvə-tərəvəz məhsullarının qiymətinin artdığını göstərir. Armud və bananın qiyməti isə az qala iki dəfə bahalaşıb.
Bayram ərəfəsində 3 manata satılan armudun qiyməti 5.00 - 5,50 manat arasında dəyişir, 2,50 manata satılan bananın bir kiloqramı 3,50 manata qalxıb.
Bazarlarda ticarət ilə məşğul olan şəxslər bildirdilər ki, bayramdan əvvəl çəkisi 18,5 kq olan bananın yeşiyi 50 manatdan 64 manata qaldırılıb. Bananın topdansatış qiymətinin təxminən 30% bahalaşması pərakəndə satış qiymətlərinə də təsir göstərib.(APA)
"Bayramda qiymətlər bir balaca qalxmışdı. Amma indi stabilləşib. Məsələn bu gün bananın qiyməti 3 manant-3.50 arasında dəyişir. Bayram əvvəl bu qiymət neçəyə idi? İki manat olmayıb. Elə indiki qiyməti idi. Amma bu il bayramda bananı 4 manatdan satdıq. Çünki tələbat çox idi. Armudun qiyməti 3-4 manat arası dəyişir. Heyvanın kiloqramı 4 manat, nar 3 manat, üzüm 5 manat, ananas 7 manatdır, almaların qiyməti 2.50 manat ilə 4 manat arası dəyişir".
Bundan başqa kivinin bir kiloqramı 3 manata, limonun dənəsi 50 qəpiyə, Qızıləhmədi alma 3 manata, qreypfrutun kiloqramı 2 manata təklif olunur.
Tərəvəzlərdən yaşıl bibərin kiloqramı 6 manatdır.
"Rəngli istiotlar 6 manat, acı bibərin kiloqramı 5 manat, Bakı xiyarının kiloqramı 5 manat, Zirə pomidorunun kiloqramı 6 manat, türk pomidorunun kiloqramı 3-3.50 arası dəyişir. Badımcanın kiloqramı isə 5 manat 50 qəpiyədir".
Gədəbəy kartofunun kiloqramı bir kilosu 1.50 qəpiyə təklif olunur, soğanın qiyməti isə sortuna görə 1 manatdan 1 manat 50 qəpik arasında dəyişir.
Bazara Zaqatala və Qəbələdən gətirilən təxminən 1 kiloqramlıq kənd toyuğu 4,5 manata, dana əti 11 manata, quzu əti 12 manata, sümüksüz mal əti 13 manata təklif olunur.
Balıq məhsullarının qiymətində isə ciddi dəyişiklik yoxdur. Bir kiloqram kütüm 6-8 manat, kefal 5-7 manat, Naxçıvan sazanı 8-10 manat, sudak 7-14 manat, xanı balığı 5-6 manat , belamur 6-7 manat, berj 13-15 manat, karp 5 manat, sazan 6-8 manatdır.
Adətən Novruz bayramından sonra göyərti məhsulları ucuzlaşsa da, bu dəfə əks proses müşahidə olunur. Hazırda paytaxt bazarlarında göyərtinin dəstəsi 15-20 qəpikdir. Satıcılar yeni məhsulun bazara çıxması ilə qiymətlərin yarıbayarı azalacağını söyləyirlər.
Rubrika.az
Facebook-da paylaş








