• Bankların problemli kredit fırıldağı - ÇIXIŞ YOLU NƏDİR?

    Bankların problemli kredit fırıldağı - ÇIXIŞ YOLU NƏDİR?

    Belə kreditlərin həcmi durmadan artır; ekspert səbəbləri və çıxış yolunu göstərdi...

    Azərbaycan bank sektorunu, dolayısı ilə iqtisadiyyatı iflic edən ən önəmli faktorlardan biri də problemli kreditlərdir ki, onların da həcmi durmadan artır. Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2017-cı il başlayanda bu göstərici 1 milyard 314 milyon manat olub

    Deməli, problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Belə kreditlərin ümumi kredit portfelində payı isə artıq 10 faizə yaxınlaşır. Bu da o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir.

    “Moody’s” beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan banklarında bu, kredit portfelinin 20 faizini təşkil edir. Mərkəzi Bankın məlumatında isə problemli kreditlər 7,4 faizdir.

    Bəs geri dönüşü olmayan kreditlərin həcminin artması əhalinin maddi durumunun daha da pisləşməsi demək deyilmi? Digər tərəfdən, bankların hələ də soyğunçu siyasətlərindən əl çəkməməsinin, yüksək faizlər hesablamaqda davam etməsinin səbəbi nədir? Hökumət bu istiqamətdə niyə həlledici addım atmır? Reallıq və statistika: fərq nə qədərdir?

    “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, açıqlanan rəsmi statistika hələ həqiqəti əks etdirmir, problemli kreditlərin real həcmi bu rəqəmlərdən bir neçə dəfə çoxdur: ”Beynəlxalq reytinq agentlikləri də bu fikirdədir. Sadəcə banklar həqiqi rəqəmləri gizlədir. Niyə? Ona görə ki, əvvəla, problemli kreditlər üzrə banklar ehtiyat yaratmalıdır, bəzən hətta kreditin 100%-i həcmində. Bu isə artıq xərcdir və bankın kapitalını “yeyir”. Yəni problemli krediti çox olan bank qanunvericiliyi və prudensial normativlərin tələblərini pozmuş olur. Buna görə Maliyyə Bazarlarına Nəzarət Palatası həmin bankı cəzalandıra, hətta lisenziyasını geri ala bilər. Odur ki, guya normativ tələblərə riayət edirlər kimi görünmək üçün rəqəmləri azaldırlar. Digər səbəb isə reklamdır. Problemli krediti çox olan bank etimad doğurmur, müştəriləri qaçırdır. Bu, o deməkdir ki, bank müştərilərinin vəsaitini düzgün idarə edə bilmir, çox riskli yerləşdirirlər. Belə banka kim etibar edib pulunu ora qoyar ki? Həmçinin ona görə də həcmi az göstərirlər".
    Problemli kreditlər niyə artır? Ə.Həsənovun fikrincə, bu formal rəqəmlər onu göstərir ki, həqiqi göstəricilər də artmaqda davam edir deyə, artım tempini açıqlamağa məcburdurlar: “Problemli kreditlərin artmasının birinci səbəbi odur ki, müflisləşən sadə vətəndaşlar, sahibkarlar və şirkətlərin sayı artır. Bunun səbəbi isə iqtisadi böhrandır. Digər tərəfdən, ödəniş qabiliyyəti olanların da çoxu artıq banklara ödənişlərini dayandırır, çünki banklar güzəştlər tətbiq etmir - xüsusilə dollar kreditləri üzrə. Halbuki Konstitusiya Məhkəməsi bunu onlara tapşırmışdı. Borclular başa düşür ki, bu gedişlə əbədi olaraq bankın borclusu olacaqlar, çünki manatın məzənnəsinə etibar yoxdur. Həmçinin banklar borcunu ödəməyənlərə və ödəyənlərə fərqli münasibət göstərir. Ödəməyənlərə bəzən ciddi güzəştlər edirlər ki, borcun filan qədərini bağışlayırıq, heç olmasa filan qədərini ödə, krediti bağlayaq. Amma ödəyənlərə güzəşt etmirlər ki, pulu var ödəyir, qoy ödəsin. Hətta onları artıq faiz və cərimə ilə də yükləyirlər. Təbii, belə vəziyyətdə ödəyənlər də ödənişləri dayandırır. Real vəziyyət indi belədir ki, ağır durumda olan bank sahibləri və inzibatçıları banklarının bağlanacağı ilə barışıblar. Sadəcə, prosesi uzadırlar ki, banklardan mümkün qədər çox vəsait çıxara bilsinlər”.

    Ekspertin fikrincə, bank rəhbərləri bankların bağlanacağı fikri ilə barışıb, buna görə də onları bankın ümumi vəziyyəti az maraqlandırır: “Yəni sistemli şəkildə düşünmürlər ki, necə edək ki, mümkün qədər çox borclu uzunmüddətli olsa da ödənişləri etməyə başlasın. Güzəştlər sistemi tətbiq etməyə, şəffaf olmağa çalışmırlar. Sadəcə, öz yaxınlarının və öz şirkətlərinin adına olan kreditlərin ödənişindən yayınmağa, digərlərini hədə-qorxu, zor və sair üsullarla məcburi ödəniş etdirməyə çalışırlar ki, sonda daha çox vəsait qoparıb aradan çıxsınlar. Təbii ki, haqqını bilən və müqavimət göstərən borcludan dərhal əl çəkirlər. Savadı olmayan, zəif, qorxan borcluların üstünə gedirlər. Kredit götürənlərin intihar etməsinin də əsas səbəbi budur. Məqsəd çox bəsitdir: bacardığım qədər artıq pul qopardım, bank batırsa qoy batsın”.

    İqtisadçı deyir ki, belə şəraitdə hökumət sərt addımlar atmalıdır: “Qanunvericiliyə edilmiş son dəyişikliklər ümumən məhz buna yönəlib. Amma bu dəyişikliklər Palata tərəfindən çox bərbad və savadsız hazırlandığı üçün tətbiqi çox çətin olacaq. Digər tərəfdən, elə bu dəyişikliklərin bəziləri korrupsiya üçün şərait yaradır. Palataya fövqəladə səlahiyyətlər verilir, amma adekvat nəzarət mexanizmi yoxdur. Həm də Palatanın hazırladığı bu dəyişikliklər orada savadlı kadr problemi olduğundan xəbər verir. Savadsız adamın amalı düz olsa belə, əməli baş tutmayacaq. Amma amalın özünün də saflığı şübhəlidir. Çünki Palata rəhbərliyinin banklarla sıx bağlılığı var və bu da real sərt addımlar atılacağını şübhə altına qoyur”.

    Bəs nə etmək lazımdır? Əkrəm Həsənov diqqətə çatdırdı ki, ilk növbədə bütün banklarda yoxlama aparıb saxta kreditlər yolu ilə mənimslənilmiş vəsaitlərin qaytarılmasına nail olmaq lazımdır: “Daha sonra müflisləşmə haqqında qanunvericiliyi təkmilləşdirərək ödəniş qabiliyyətini itirmiş vətəndaşların özlərini müflis elan etməsi üçün şərait yaratmağa ehtiyac var. Ödəniş qabiliyyəti olan borclulara isə adekvat güzəştlər tətbiq etmək lazımdır. Dəfələrlə mən də, digər ekspertlər də maliyyə ombudsmanı institutunun yaradılmasını təklif etmişik ki, bu problemlərin şəffaf və ədalətli həllinə nail olunsun”.

    Rubrika.Az


    Facebook-da paylaş