150 saylı tam orta məktəbə kim rəhbərlik edir? - Direktor müavini, yoxsa "laborant direktor müavini"?

Doğrudan da “Tərəkəmə” , “Uzundərə” sədaları altında dərs keçməyin ayrı ləzzəti var
Redaksiyamızın elektron ünvanına Yasamal rayonunda yerləşən 150 saylı tam orta məktəbdə baş verənlər barədə şikayət məktubu daxil olub. Məktub müəllifləri bildirirlər ki, bu məktəbdə tədrisin keyfiyyəti ildən-ilə aşağı düşür.Bunun əyani sübutu özünü şagird sayında göstərir. Təkcə onu qeyd etmək kifayətdir ki, əvvəllər 700-dən çox şagirdin təhsil aldığı məktəbdə indi 260 şagird qalıb. Övladlarının gələcəyindən narahat olan valideynlər onların bu məktəbdə oxumasını qəbul etmək istəmirlər.
150 saylı məktəbdə şagirdlərdə pozitiv əhval-ruhiyyə yaratmaq üçün onlara “musiqili dərslər” təşkil edilir. Belə ki, eyni binada yerləşən musiqi məktəbindən gələn şən musiqi səsləri altında müəllim və şagirdlər daha koloritli dərs keçirlər. Doğrudan da “Tərəkəmə” , “Uzundərə” sədalrı altında dərs keçməyin ayrı ləzzəti vardır.
Şikayət məktubunda bildirilir ki, 150 saylı məktəbə rəsmən direktor əvəzi kimi Sevda xanım rəhbərlik etsə də əslində vəziyyət tamamilə fərqlidir. Bildirilir ki, bütün səalihiyyətlər məktəbdə laborant işləyən Sevinc xanımın əlindədir. Sevinc xanım məktəbin qeyri-rəsmi direktoru hesab edilir.
Məhz bu rəhbərlik sayəsində dərslərin keyfiyyəti ildən-ilə aşağı düşür. Yuxarı siniflərdə isə ümumiyyətlə “jurnal siniflər” mövcuddur. Belə ki, şagirdlər müəyyən haqq ödəyəndən sonra hazırlıq kurslarında təhsillərinə davam edirlər. 150 saylı məktəbin texniki işçiləri arasında “ölü ştatların” sayı yetərincədir. Adlarına maaş yazılan belə işçiləri rəhbərlikdən başqa görüb tanıyan yoxdur.
Şikayət məktubunda bildirilir ki, 150 saylı tam orta məktəbə yarıtmaz rəhbərlik nəticəsində çox acınacaqlı durum yaranıb. Məktəbin nüfuzdan düşməsi valideynlər kimi sıravi müəllimləri də narahat edir. Lakin, hamı narahat olsa da rəsmi direktor əvəzi Sevda xanım və qeyri-rəsmi direktor səlahiyyətlərini həyata keçirən Sevinc xanım mövcud vəziyyətdən deyəsən çox razıdırlar.
P.S Şikayət məktubunda göstərilən faktları araşdırmaq üçün 150 saylı məktəbdə oldum. Məni Sevinc xanım qarşılasa da deyilənləri təkzib edəcək heç bir dəlil-sübut ortaya çıxara bilmədi. Direktor əvəzi Sevda xanım isə məktəbin idarə olunmasında kadr çatışmamazlığından və bu məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsini məlumatlandırdığını bildirdi. Lakin təəssüflər olsun ki, dərs ili artıq sona çatmasına baxmayaraq mövzu ilə bağlı Baş idarənin hələ ki ciddi addımlar atmadığını vurğuladı.
Nicat Mahmudov
Facebook-da paylaş












