İslamiadanın açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirildi

Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə gənclər və idman naziri, İslamiadanın Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Al-Nassar, İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər.
A.Rəhimov çıxışı zamanı bildirib ki, İslamiadanın Bakıda keçirilməsi qürurvericidir. Nazir Liviya, Sudan və Küveytin Oyunlarda iştirak edə bilmədiyi üçün təəssüfləndiyini qeyd edib: “Növbəti 11 gün ərzində 50-dən çox ölkənin idmançıları yarışlarda iştirak edəcəklər. Əfsuslar olsun ki, Liviya, Sudan və Küveyt İslamiadada iştirakdan imtina ediblər. Bu, bizi məyus etsə də, ümumilikdə 54 ölkənin iştirakına sevinməyə bilmərik. Yarışlar 4 qitədə yayımlanacaq və 1.3 milyard insan izləyə biləcək.
Bütün ölkələrdən gələn idmançılara hər cür şərait yaradılması üçün biz əlimizdən gələni etmişik. Azərbaycan tərəfindən oyunlarda idmançılar üçün yaradılan şərait bütün ölkələrin gəlməsi üçün cəlbedicidir. Bu 3 ölkənin oyunlara gəlməməsi ilə bağlı qərarlarına hörmətlə yanaşırıq".
Nazir vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çoxlu sayda nüfuzlu beynəlxalq idman federasiyalarının prezidentləri, nümayəndələri və digər qonaqlar iştirak edəcəklər. A.Rəhimov jurnalistin, “Azərbaycan-Kamerun matçında ciddi azarkeş azlığı var idi. Amma deyilirdi ki, biletlərin hamısı satılıb. Bu durum sizi təəccübləndirdimi” sualına belə cavab verib: “Azərbaycan-Kamerun oyununda azarkeşlərin az olması məni də təəcübləndirdi. Bu sualı biz özümüz də verdik. Ola bilər ki, gün düşür, hava isti olub. Azarkeşlərin başqa oyunlara da bilet alması mümkündür. Yəni bu matçı yox, başqa bir oyunu izləməyə üstünlük verə bilərlər"
İHİF-nin baş katibi isə çıxış zamanı Oyunlarda 3 mindən çox idmançının yarışacağını qeyd edib. O, bildirib ki, Azərbaycanın tükənməz dəstəyi də Oyunlara öz töhfəsini verəcək: “Bununla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. Həmçinin, gənclər və idman naziri Azad Rəhimova, MOK-a, Əməliyyat Komitəsinə təşəkkür edirəm. Azərbaycan prezidenti cənab İlham Əliyevin qətiyyəti yarışların yüksək səviyyədə təşkilinə imkan yaradıb”.
MOK-un vitse-prezidenti Azərbaycanın yarışlarda 500 nəfərdən çox heyətlə iştirak edəcəyini vurğulayıb: “Artıq komanda idman növlərində yarışlara start verilib. İlk nəticələr də sevindiricidir”.
“Artıq 46 ölkə atletlər kəndində məskunlaşıb. Bu gün isə daha 8 ölkənin gəlişini gözləyirik”. Bunu isə İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva deyib.
Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
RUBRİKA.AZ
Facebook-da paylaş










