• “Azərbaycanın “İslam NATO”suna qoşulmasını bizə heç kim qadağa edə bilməz”

    “Azərbaycanın “İslam NATO”suna qoşulmasını bizə heç kim qadağa edə bilməz”

    Hərbi ekspert: “Reallığa və vəziyyətə uyğun olaraq biz öz qanunvericiliyimizdə bəzi düzəlişlər etməliyik”

    ABŞ Prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək. Burada o, Fars körfəzinin ərəb ölkələrinin başçıları ilə görüşəcək. Ər-Riyadda həmçinin Ərəb-İslam sammiti keçiriləcək. Görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkə yüksək çinli rəsmisinin qatılacağı gözlənilir. İran sammitə dəvət olunmayıb.

    ABŞ prezidenti Donald Trampın xaricə ilk səfərini Səudiyyə Ərəbistanına edəcəyi barədə xəbər rezonansa səbəb olub. Xüsusilə də Ağ Ev administrasiyasının yeni sahibinin burada Fars körfəzinin ərəb ölkələrinin başçıları ilə görüşünü, həmçinin Ərəb-İslam sammitinə qatılmağı planlaşdırması səfərə olan marağı xeyli artırıb. “Yeni Müsavat”ın da yazdığı kimi, Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkənin yüksək çinli rəsmiləri ilə qatılacağı sammitə İran dəvət olunmayıb. Bu mənada ilkin olaraq ABŞ-ın Tehrana qarşı koalisiya yaratması ehtimallardan biri kimi səslənə bilər. Lakin İranın indiyə qədər tutduğu mövqeyə baxmayaraq, Azərbaycan İrana qarşı koalisiyada yer almayıb. İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka” informasiya portalının yaydığı məlumatda isə bildirilib ki, Trampın səfəri zamanı “İslam NATO-su”nun yaradılması barədə elanın verilməsi gözlənilir.

    “Hazırda İranın başı prezident seçkisinə qarışıb. Tehran ər-Riyadda gerçəkləşəcək Amerika-İslam toplantısını narahatlıqla izləyir. Ona görə ki, qurulması planlaşdırılan İslam ordusunun məqsədi İŞİD-lə mübarizə olmayacaq. Bu ordu daha çox İran, İraq, Suriya və Livan Hizbullahına qarşı mübarizə aparacaq. ”İslam NATO-su" ABŞ tərəfindən özəlliklə Yaxın Şərqdəki böhranlarla mücadilə üçün yaradılır. Bu ordu ABŞ və İsraildən də geniş dəstək alacaq", - deyə nəşr iddia edib. Azərbaycanın da adı keçən bu məlumatın nə dərəcədə doğru olduğunu demək çətindir. Amma Qoşulmayanlar Hərəkatının üzvü olan Bakının “Rus NATO”-su ilə bağlı təzyiqlərin fonunda “İslam NATO”-suna üzv olub-olmayacağı barədə hələ ki, rəsmi açıqlama yoxdur.

    Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a məsələni aşağıdakı kimi şərh etdi: “Son vaxtlar regionda və dünyada baş verən irili-xırdalı proseslər onu deməyə əsas verir ki, dünya heç vaxt bu qədər siyasi və hərbi yüklə bu qədər yüklənməmişdi. Bir vaxtlarda dünyanın ən cəlbedici və maraqlı ölkələrindən sayılan Suriya, Misir, Liviya, elə bizim SSRİ zamanından müttəfiqimiz olan Ukrayna, Moldova, gürcüstan və digərləri bu gün olmazın problemlər və mərhumiyyətlərlə qarşılaşıblar. Kimisi bir az çox, kimisi də bir qədər az zərərlə bu təhlükələri adlayıblar. Azərbaycan olaraq bizim də kifayət qədər bədnam qonşularımız və onların havadarları vasitəsilə ciddi problemlərimiz olub. Bu vəziyyət bizdən asılı olmayan bəlli səbəblərdən hələ də davam etməkdədir. Əksinə, sanki “ağzında şirə qalan” qüvvələr bir az da daha çox haqqımıza girməyə və bizi ağır şərtlər altında müxtəlif qurumlara dartıb aparmağa can atırlar. Belə bir vəziyyətdə biz də lazım olanı edirik və yəqin ki, yaxın illər üçün ölkəmiz bəzi ciddi iqtisadi-siyasi, hərbi qərarları qəbul etməkdən ötrü çevik addımlar atmalı olacaq. Bunu bizdən vəziyyət və baş verən proseslər tələb edir”. Hərbi ekspert indi çoxlarının “İslam NATO”su ilə bağlı fikirlər səsləndirdiyini vurğuladı və səslənən ideyanı dəstəklədi: “Şəxsən mən bunun tərəfdarıyam. Bu qurumda bizim təmsilçiliyimiz bəzi uzaq və yaxın qonşularımız tərəfindən o qədər də müsbət qarşılanmasa da, biz məcburuq ki, müəyyən addımları ataq. Bəzi dostlarımız söyləyirlər ki, Azərbaycan Qoşulmamaq Hərəkatının üzvü olaraq indi hansısa addımlar atarsa, bu, heç də birmənalı qarşılanmayacaq. Amma mən tam əksini düşünənlərdənəm. Reallığa və vəziyyətə uyğun olaraq biz öz qanunvericiliyimizdə bəzi düzəlişlər və yeniliklər edə bilərik və etməliyik də. Bunu bizə heç kim qadağa edə bilməz. Gec-tez qonşumuz gürcüstan NATO üzvü olacaq və ondan sonra növbə yəqin ki, bizə gəlib çatacaq. Ermənistanı mən ən azından 2049-cu ilədək “rusun qucağında” görürəm və ola bilsin ki, nə zamansa onlar da məcburiyyət qarşısında qalıb “rus buxovu”ndan qurtulmağa çalışacaqlar”.

    Rubrika.Az


    Facebook-da paylaş