“İnşallah, təyyarə də alacam” - Nadir Qafarzadədən “Maşın Şou” haqda ilginc açıqlamalar

“Maşın Şou”nu tərk edən müğənni Nadir Qafarzadə musavat.com-a danışıb. Müğənni iştirak etdiyi şou və digər məsələlər barədə ilginc açıqlamalar verib. Müsahibəni təqdim edirik:
- Dünənki oyundan sonra özünüzü necə hiss edirsiz?
- Çox gözəl, evimdə, ailəm ilə birgəyəm. Gəldim gecə öz yatağımda yatdım (gülümsəyir). Çox rahatam. Allah hər kəsi öz evində-eşiyində etsin. Çünki nə qədər başqa yerdə olsaq da evimiz lap ən komfortsuz belə, insan üçün doğmadır.
- Maşını qazanmağı düşünürdüzmü?
- Yox, düşünmürdüm. Çünki sadəcə olaraq evdə bekar oturmayım deyə şouya qatılmışdım. Açığı orucluq ayıdır deyə bilirdim ki, darıxacam. Ona görə də əylənmək, darıxmamaq üçün şouya getmişdim. Mənim maşına ehtiyacım yoxdur. Mənim maşınım da, evim də var. İnşallah bu yaxınlarda oğlum İsveçrədə təhsilini bitirib gəlir, ona söz vermişdim ki, diplomunu alsın, ona avtomobil alacam.
- Adətən, biz sizi çılğın sənətçi kimi tanıyırdıq. Amma oyunda sakit davranış nümayiş etdirdiz. Sanki ya yorğun idiniz, ya da...
- Əslində əsl Nadir orda gördüyünüzdür. Mənə dəyməsələr, mən də heç kəsə dəymərəm. Mən ağıllı adamam, artıq 46 yaşım var, dərrakəli bir insanam. Mənə toxunmayana mən dəymərəm, dəli deyiləm ki... Sözün düzü orda hamı mənə hörmətlə yanaşırdı deyə mən də hər kəsə qarşı hörmət nümayiş etdirirdim. Fikirləşirdim ki, “danışmaq gümüşdürsə, susmaq qızıldır”. Yəni bu məsələ sadiq qalırdım. Özümə söz verirdim ki, danışmayacam. Amma haqsızlıqları görəndə ürəyimdə qalırdı, “partlayırdım”, deyə bilmirdim, düşünürdüm ki, həyatda onlara üz-üzə gələcəyik, buna görə də heç kimin işinə qarışmırdım. Amma kənarda özlərinə deyirdim ki, “filan yerdə sən haqsızlıq etdin”. Bu sözləri də efirdə deyil, kamera arxasında deyirdim.
- Sərxan Kərəmoğlunun ordan çıxmasına sanki peşman olmuşduz, onun bu cür çıxmasını gözləmirdiz, qanınız qaralmışdı.
- Əslində Sərxan Kərəmoğlu bilirdi ki, hədəf o deyil. Mən ona demişdim ki, “hədəfdə sən deyilsən”. Amma o, tələsdi.
- Çox az sayda tamaşaçı sizin şouda qalmağınız üçün səs verdi. Bunu necə qarşıladız?
- Tamaşaçılardan mən səs istəmədim, axı (gülümsəyir).
“Yalnız bir nömrədən “getsin” deyə səs gəlirdi”
- Amma həqiqətən həm tamaşaçılar, həm də iştirakçılar üçün bu cür nəticə gözlənilməz idi.
- Orda elə adamlar var ki, şouya gələndə artıq onların sponsorları, “adamları” var idi, hansı ki, bu günə qədər onları şouda saxlayırlar. Yalnız bir nömrədən mənə “getsin” deyə səs gəlirdi, bunu biləsiniz. Çox sayada insan mənim “İnstagram”, “Facebook” səhifəmə yazıb, hətta zəng edib bildirirdilər ki, biz səs göndəririk, amma nədənsə səs getmir. Bu, nə idi, bilmirəm... Ola bilsin ki, texniki səbəb, problem olub. Amma bilirəm ki, yalnız bir nömrədən “getsin” deyə səs gəlirdi.
- Sizcə bunu kim edə bilər?
- Yalnız bir nəfər idi. Qurban olum xalqıma, məni dağ başına qaldırıblar. Xalqım heç vaxt məni endirə bilməz, bunu bilirəm. Ona görə də heç vaxt xalqım mənə “getsin” deməzdi... O adam hazırda şoudadır.
- Amma deyəsən, adını açıqlamaq istəmirsiz?
- Yox, açıqlamaq istəmirəm. Yəni, siz fikirləşsəz bilərsiz ki, o adam kimdir.
“Oksana Rəsulova və İslam Mehrəliyev oyundan uzaqlaşacaq, üçlüyə isə Aqil M.Quliyev, Fərda Amin və Elcan Rəsulov qalacaq “
- Şoudan ayrılan bəzi iştirakçılar iddia edir ki, əslində, “Maşın Şou” qurma bir oyundur. Şounun yaradıcıları kimi istəsə çıxardır, kimi istəsə, qalib edə bilir...
- Mən bunu deyə bilmərəm. Bu, bir qismətdir və dünən mənim günüm deyildi. Mənim Murad Dadaşova çox böyük hörmətim var. “Bu oyunda kim uduzdu, kim uddu”, yəni bu, bir oyun, bəxt, tale, şansdır. Mənim bu oyunda bəxtim gətirmədi və mən oyundan uzaqlaşdım. Artıq şouda 5 nəfər qalıb. Açıqlayım ki, orda Oksana Rəsulova və İslam Mehrəliyev oyundan uzaqlaşacaq. Üçlüyə isə Aqil M.Quliyev, Fərda Amin və Elcan Rəsulov qalacaq. Hədəflər indi İslam və Oksanadır.
- Bir az öncə bir mahnının sözlərini dediniz, “Bu oyunda kim uduzdu, kim uddu...” Ümumiyyətlə, uduzduğunuz oyunlar çox olub və ya oyuna çox gətirilmisiz?
- Şükür ki, mən həyatda heç vaxt uduzmamışam, oyunlara çox girmirəm. Amma həyatda udduğum anlar çox olub, bunları bilirsiz. Təkbaşına həyatda döyüşmüşəm, mübarizə olmuşam. Nə dayım, əmim, nə də məmur dostum və ya məmur oğlu dostum olmayıb. Tək dostum xalq olub. Xalqın sayəsində ucalmışam. Göydə Allah, yerdə xalq olub. Mən xalqıma ömür boyu minnətdaram. 33 il sənətdəyəm, amma düşünürəm ki, hələ ki, mədəniyyətimiz üçün çox da böyük iş görməmişəm. Düşünürəm ki, mənim xalqa verəcəyim hələ çox şey var, borcluyam xalqa...
“İnşallah, Allahın köməkliyi ilə təyyarə də alacam”
- Şoudan qazandığınız və itirdiyiniz nə oldu?
- Qazancım o oldu ki, mən insanları tanıdım. İtirdiyim isə heç nə olmadı. Mən şouya sakit girdim və alnı açıq, üzü ağ da çıxdım. Maşını itirmədim, çünki o maşından çox bahalı maşınım var. O maşından çox-çox bahalı maşınlar sürmüşəm, bircə təyyarəm olmayıb. İnşallah, Allahın köməkliyi ilə təyyarə də alacam. Allah mənə heç nəyi asan vermir, deyir ki, “tər tök, çalış-vuruş, dişinlə qazan və istədiklərin həyata keçsin”. Tanrım yəqin indi belə məsləhət gördü ki, asan yolla maşın qazanmayım.
- Yay planlarınız nədir? Tamaşaçılara hansı yenilikləri təqdim edəcəksiz?
- İndi yeni mahnılarım efirlərdə səslənir. Artıq yeni, yay abı-havasında olan mahnım da olacaq. Sonra isə ailəmlə birgə, bir neçə günlük istirahətə getməyi düşünürəm. Ola bilsin ki, bu səyahətimiz bölgələrimizin birində və ya xarici ölkədə keçsin... Dincələməyin də zamanıdır, artıq (gülümsəyir). Mən bütün Azərbaycan xalqına, dövlətinə uğurlar arzulayıram. Bizdə hər şey gözəldir. Dünyaya ikinci dəfə gəlsəydim, yenə də Azərbaycanda doğulmağımı istərdim”.
Rubrika.Az
Facebook-da paylaş










