• Ziyalı ömrünün 60 yaşı

    Ziyalı ömrünün 60 yaşı


    Hər yaşın öz gözəlliyi var. Xüsusilə də yaşadığın ömrü xalq üçün, onun inkişafı yolunda sərf edəndə illər daha mənalı olur, ömür kitabının hər səhifəsi zənginləşir. Bəlkə də bu sözlər kimin üçünsə pafoslu, gəlişi gözəl səslənə bilər, amma ömrün 60-cı baharından boylanan Şasəddin müəllim üçün yalnız kiçik bir təqdimat hesab edilməlidir. Müəllim adının ucalığını, təmizliyini bir ömür boyunca ləyaqətlə daşıyan Şasəddin Sabir oğlu Mikayılov öz ziyasından pay verdiyi minlərlə tələbəsinin xatirəsində məhz belə qalıb. Ciddilik, tələbkalıq, məsuliyyətlə yanaşı bir o qədər də sadəlik, təvazökarlıq, qayğıkeşlik Şasəddin müəllimin insani xüsusiyyətləridir və bu təbiətiylə onu tanıyanların qəlbində özünə abidə ucaltmağı bacarıb.
    11 iyul 1957-ci ildə Şamaxının Ovculu kəndində başlandı bu mənalı ömür yolu. Sadə, zəhmətkeş, halal çörəyi açıq süfrəsiylə tanınan bir ailədə doğulmuşdu Şasəddin müəllim. Göz açıb gördüyü bu mühit onun sonrakı həyat yoluna işıq saldı- halallıq, sadəlik ruhuna hopdu. Erkən yaşadığı ata itkisinin acısını yaşamağa qoymadı Sübhi ana. Öz ömrünü şam kimi əridərək balalarının yoluna işıq saldı, onları mərd, məğrur böyütdü. Elə təbiətindəki həssaslıq, qayğıkeşlik, kövrəklik də o illərdə yarandı. Sübhi ananın türkəçarəliyi, şəfalı əlləri onu el anasına, xeyirxahlıq mücəssiməsinə çevirmişdi. Öz övladlarını da bu ruhda tərbiyə etdi, ali təhsil almalarına nail oldu, ev-eşik sahibi etdi.
    Ali təhsil almaq, müəllim olmaq arzusu Şasəddin müəllimi Xarici Dillər İnstituna gətirdi və 1988-ci ildə ingilis dili müəllimliyi ixtisasına yiyələndi. Tezliklə öz ixtisasını kamil bilən, əsl ziyalı kimi el-obada ad-san qazandı. Onun pedaqoji ustalığı, məsuliyyəti, öz peşəsinə olan sonsuz sevgisi gənc Şasəddini elmi ictimaiyətə tanıtdırdı. Belə bir vaxtda- 1991-ci ildə görkəmli tarixçi alim, gözəl insan Mayıl Alıcanov Şasəddin müəllimin gələcək taleyində böyük rol oynayan təklifi edir. Onu yenicə açılmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialına işləməyə dəvət edir. Elm aləmində ilk uğurlu addımlarını atan gənc Şasəddin üçün bu təklif daha geniş üfiqlər açdı. Mayıl müəllim də onun qabiliyyətinə, elmi potensialına biganə qalmadı, öz hərtərəfli qayğısını əsirgəmədi. Tezliklə Şasəddin müəllimin səsi elmi konfranslardan, yüksək tribunalardan eşidilməyə başlandı, məqalələri, elmi tezisləri hər kəsin diqqətini çəkdi. Xüsusilə ekoloji problemlərə diqqət yetirən Şasəddin müəllim bu sahədə ilk sayılacaq əsərlər yazdı. məqalə və tezislərlə çıxış etdi. . Onun “Ekologiya və mahiyyət”, “Ekoloji etika və onun mahiyyəti”, “Ekologiya problemlərinin həllinin estetik aspekti” kimi elmi əsərləri geniş rezonans doğurdu, maraqla qarşılandı. Elmi araşdırmalarını uğurla davam etdirən Şasəddin müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda namizədlik dissetasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini alır. Şasəddin müəllimin elmi araşdırmaları aktuallığı, bu sahədə yeniliyi ilə seçilirdi. Odur ki, alimin araşdırmaları elmi ictimaiyyətin, görkəmli elm xadimlərinin diqqətini çəkdi. Respublikanın tanınmış filosofları professor Həmid İmanov, professor Zeynəddin Hacıyev, professor Ağayar Şükürov, professor Gülnaz Abdullazadə, dosent Məcid Əfəndiyev dissertasiya işi haqqında müsbət rəylər yazaraq bunu Azərbaycan elmi üçün böyük uğur adlandırdılar. Uğurları ilə kifayətlənməyən Şasəddin müəllim 2009-cu ildə “İnsan-təbiət münasibətləri: əxlaqi-estetik dəyərlər” adlı monoqrafiyasını bitirərək elmi ictimaiyyətə təqdim etdi. Qlobal əhəmiyyət daşıyan bir sahəyə-insan-təbiət münasibətlərinə həsr edilən monoqrafiyada Ş. Mikayılov təkcə elmi baxımdan deyil, həm də insani baxımdan diqqətləri bu problemə cəlb edə bildi. Təsadüfi deyil ki, monoqrafiya haqqında dövri mətbuatda silsilə məqalələr dərc edildi, haqqında müsbət fikirlər səsləndirildi.
    Şasəddin müəllim bu gün də Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Şamaxı filialında öz fəaliyyətini davam etdirir. Elmi işlər üzrə prorektor işləyən müəllim tələbələrin problemlərinə həssaslıqla yanaşır, onlardan öz qayğısını əsirgəmir. Yüksək təşkilatçılıq bacarığı, insani keyfiyyətləri onu böyük bir kollektivin sevimlisinə çevirib. Şasəddin müəllim tələbələrinə təkcə elmi bilikləri öyrətməklə kifayətlənmir, o həm də auditoriyada yaxın dostdur, müdrik ağsaqqaldır. Elə bu xüsusiyyətləri ilə də gələcəyin müəlimlərinə peşələrinin incəliklərini öyrədir.
    Müdriklərdən biri yazıb ki, başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Şasəddin müəllim hər zaman bu zövqü yaşayıb-xeyirxahlığı, sadəliyi ilə başqalarına örnək olub. 60 yaşın müdriklik zirvəsindən boylanan Şasəddin müəllim bu gün də gənclik şövqü ilə çalışır. İnanırıq ki, xalqına, dövlətinə sonsuz sevgi, sədaqət hissi ilə yaşayan alim hələ çox uğurlara imza atacaq, elmimizin inkişafına öz töhfələrini verəcəkdir. 60 illiyi münasibətilə Şasəddin müəllimi bütün tələbələri adından bir daha təbrik edir və gələcək fəaliiyyətində uğurlar arzulayırıq.

    Sərdar Musa


    Facebook-da paylaş