Trampı mediadan qoruyan Spayserin qəfil istefasının səbəbləri üzə çıxır

Keçmiş mətbuat katibinin Bəşər Əsədi Hitlerlə müqayisə etməsi ona baha başa gəlib
Rubrika.Az musavat.com-a istinadən bildirir ki, Ağ Evin mətbuat katibi Şon Spayser tutduğu vəzifədən getdiyini bəyan edib. Son 6 ayda ölkənin ən populyar media simalarından sayılan Spayser öz istefasını prezident Donald Trampla olan fikri ayrılıqları ilə əsaslandırıb.
Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, ekspertlər Spayserin qəfil gedişinin Trampın mətbuatla onsuz da böyük olan uçurumunu daha da dərinləşdirəcəyini bildirirlər.
ABŞ mətbuatında gedən informasiyalara əsasən, Spayseri istefaya sürükləyən rəsmi səbəb Trampın maliyyəçi Entoni Skaramuççini Ağ Evin ictimaiyyətlə əlaqələr departamentinin rəisi vəzifəsinə təyin etməsi olub.
Qeyd olunur ki, Skaramuççinin xələfi Mayk Dubke hələ may ayında vəzifəsi ilə vidalaşmışdı. 53 yaşlı Skaramuççi Trampın maliyyə məsələlərində sağ əli sayılır. O, seçkiqabağı dövrdə seçki qərargahı üçün pul vəsaitlərinin toplanması ilə məşğul olub.
Media mütəxəssisləri arasında Spayserin gedişini prezident üçün böyük itki hesab edənlər çoxdur. Tramp hakimiyyətə gəldiyi ilk günlərdə prezident təyyarəsinə jurnalistlərin girişini qadağan etməklə media əhli ilə münasibətləri hansı səviyyədə quracağının siqnalını vermişdi.
Ağ Evin rəhbəri hakimiyyətə gəldiyindən bəri ABŞ-ın bütün iri media quruluşları ilə sözün əsl mənasında müharibə vəziyyətindədir. Spayser isə bütün bu münaqişənin içində aranı sakitləşdirici funksiyasını öz üzərinə götürmüşdü.
Keçmiş mətbuat katibinin burada mətbuatı yaxından tanımasının böyük rolu olub. Spayser daha öncələr Nümayəndələr palatasının büdcə komissyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru və mətbuat katibi, 2012-ci ildə isə Respublikaçılar patiyasının Milli Komitəsinn mətbuat katibi vəzifəsində çalışıb.
Donald Trampın mətbuatla savaşının ən qızğın dövrlərində belə, Şon Spayser prezident üçün jurnalistər qarşısında qalxan rolunu oynaya bilirdi. Lakin Trampın yersiz vaxtda, yersiz cümlələr sərf etmək xasiyyəti deyəsən, onun mətbuat katibinə də sirayət edib.
Spayserin bu yaxınlarda jurnalistlər qarşısında işlətdiyi cümlələrin onun gedişində rol oynadığı qeyd olunur. Belə ki o, öz xalqına qarşı kimyəvi silah işlədən Bəşər Əsədi Adolf Hitlerdən daha pis insan adlandırıb. O, hətta Hitlerin kimyəvi silah işlətmədyini iddia edib.
Həmin vaxt jurnalistlər Spayserə Hitlerin də yəhudiləri kütləvi surətdə qırmaq üçün qaz kameralarında boğdurmasını xatırlatdıqda Spayser Hitlerin Əsəd kimi zarin qazından istifadə etmədiyini söyləyib.
Bu cümlələr Spayserin jurnalistərin gözündə daha da batmasına səbəb olub. Amerikadakı yəhudi təşkilatları onun yersiz müqayisəsinə qəzəblərini ifadə ediblər. Nəticədə 45 yaşlı Spayser yazılı şəkildə üzr istəməli olub.
Bəzi ekspertlər Spayserin yəhudi soyqırımını nəzərə almayaraq Bəşər Əsədlə bağlı işlətdiyi ehtiyatsız cümlələrin ona baha başa gəldiyini söyləyirlər.
Rubrika.Az
Facebook-da paylaş










