• Kremlin son addımları erməni separatçılarını qudurdub

    Kremlin son addımları erməni separatçılarını qudurdub

    Rusiya-Ermənistan hərbi birləşmələrinin yaradılmasının ardınca cəbhədə təxribatların artması prosesin vahid mərkəzdən idarə olunduğunu təsdiqləyir; ekspertlərə görə, ehtiyatlı siyasət yeridərək Rusiyanın bu regiondan sıxışdırılmasını gözləməli və təcili Türkiyə ilə hərbi ittifaq yaratmalıyıq...

    Rubrika.Az musavat.com-a istinadən bildirir ki, ötən həftə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin yenidən gərginləşməsi, düşmən ölkənin təxribatları nəticəsində ordumuzun zabitinin şəhid olması Azərbaycanı adekvat addımlar atmağa vadar edir. Azərbaycan Müdafiə Nazirliyi də bununla bağlı yaydığı məlumatda baş verənlərə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edib və işğalçı ölkəyə xəbərdarlıq edib.

    Əslində Ermənistanın bu kimi təxribatları gözlənilən idi. Bu hadisədən bir neçə gün əvvəl Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri birgə bəyanat yayaraq davamlı təxribatlara əl atan, mülki əhalini hədəfə alan işğalçının davranışları barədə beynəlxalq aləmi məlumatlandırmışdı. Bununla Bakı paralel olaraq Ermənistanın növbəti təxribatlarının qarşısının alınması üçün vasitəçiləri hərəkətə keçməyə çağırsa da, cavab reaksiyası olmamışdı. Nəticə ortadadır, düşmən növbəti dəfə simasını göstərdi və danışıqlara maraqlı olmadığını təsdiqlədi.

    Əslində bəllidir ki, Rusiyanın işğalçı Ermənistanla birgə hərbi birləşmə yaratması qərarı təmas xəttində və cəbhə boyu gərginliyi tətikləyir. Əks təqdirdə, düşmən NATO ekspertləri tərəfindən belə qüdrəti təsdiqlənən Azərbaycan ordusu ilə üz-üzə qalmaqdan çəkinərdi və daha çox status-kvonun qorunmasına səy göstərərdi.

    Ötən saylarımızda da yazdığımız kimi, Rusiyanın Cənubi Qafqaza yönəlik siyasətinin qayəsində sözsüz ki, Ermənistan, Azərbaycan və Gürcüstanı əbədi olaraq, öz təsir dairəsində saxlamaq dayanır. Həmçinin Kremlin Dağlıq Qarabağ münaqişəsi də daxil, regionda yaratdığı və illərdir körüklədiyi üç etnik-ərazi konflikti də müstəsna olaraq, bu hədəfə xidmət edir. Rusiya bununla həm də Qərbin bölgəyə girişini əngəlləmək istəyir və faktiki olaraq taran siyasəti seçib.

    Xəbər verdiyimiz kimi, ABŞ və NATO üzvlüyünə səylərini uzun illər davam etdirən Gürcüstan indiyədək ən böyük birgə hərbi təlimlərə start veriblər. Gürcüstana səfəri planlaşdırılan ABŞ vitse-prezidenti Mayk Pensin Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyəcəyi gözlənilir. NATO təlimlərində Rusiyanın forpostu Ermənistanın iştirak etməsi isə sadəcə, nonsensdir.

    Rusiya Dövlət Duması Ermənistanla birgə ordu yaratmağı nəzərdə tutan sənədi artıq ratifikasiya edib. Həmçinin prezident Vladimir Putin də müqaviləni imzalayıb. Ermənistan parlamenti isə ratifikasiya məsələsinə payızda baxacaq. Aralıq fasiləsində isə İrəvanın öz ağasına xilaf çıxaraq NATO-nun patronajlığını qəbul etməyə hazır olduğunu nümayiş etdirməsi şantaja daha çox bənzəyir. Ermənistan dəfələrlə bu metoddan yararlanıb və istədiyini alıb.

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ermənistanla birgə formalaşdırdığı qoşun birlikləri birmənalı şəkildə Azərbaycana qarşı yönəlib: “Rusiya işğalçı Ermənistanı Azərbaycandan qoruyur. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və anlayır ki, Azərbaycan müharibəyə başlayacaq. İrəvanın bu müharibədə Azərbaycanla üz-üzə qalıb böyük itkilər verməmək üçün də Rusiyanın yardımına ehtiyacı var və Moskva düşünmədən strateji müttəfiqinə yardım əlini uzadır. Ermənistan Dağlıq Qarabağı əlində saxlamaq naminə Rusiyanın kölə olmasına hazırdır. Bunun qarşılığında isə sözdə birgə qoşun birlikləri Ermənistanı qorumalıdır”.

    Ekspert hesab edir ki, istənilən halda birgə qoşun birlikləri Azərbaycanı öz torpaqlarının güc yolu ilə geri qaytarmaq əzmindən əsla çəkindirməməlidir: “Bu mənada Azərbaycan XİN və Müdafiə Nazirliyinin birgə bəyanatına ehtiyac var. Həmin bəyanatda göstərilməlidir ki, Azərbaycan Rusiya-Ermənistan hərbi birliklərinin fəaliyyətini diqqətlə izləyəcək və Moskvadan gözləntisi odur ki, həmin birliklərin Ermənistan sərhədini aşmamasına diqqət yetirsin, əks halda, Azərbaycan da öz müttəfiqləri ilə adekvat addımlar atacaq”.

    E.Şahinoğlu şübhə etmir ki, cəbhədəki son təxribat məqsədli xarakter daşıyır: “Bu təxribat da ona hesablanıb ki, biz cavab verək və prosesə Rusiyanı qarışdırsınlar. Biz mütləq cavab verməliyik, yoxsa elə biləcəklər ki, Rusiya-Ermənistan ittifaqı var deyə, işğalçıya təzyiqi azaldacağıq”. Politoloq Rusiya-Ermənistan hərbi birləşməsinin qarşılığında Azərbaycanın atmalı olduğu digər addımlar barədə də danışdı: “Təcili Türkiyə ilə hərbi ittifaq yaradılması barədə Ankara ilə danışıqlara başlamalıyıq. Başqa alternativimiz yoxdur”.

    Politoloq Şahin Cəfərlinin qənaətincə, sırf hüquqi baxımdan yanaşdıqda birgə qoşun Qarabağda istifadə oluna bilməz: “Amma sərhəddə istifadə oluna bilər. Elə yaranma səbəblərindən biri də Ermənistan sərhədlərinin daha etibarlı qorunmasıdır”. Ekspertə görə, ehtiyatlı siyasət yeridərək Rusiyanın bu regiondan sıxışdırılmasınl gözləməliyik. Lakin bu da bir az uzun prosesdir: “Bir yol da var: Rusiyanın ağuşuna qayıtmaq. Bu isə müstəqillikdən vaz keçmək deməkdir”. Azərbaycan-Türkiyə hərbi birləşməsinin yaradılması ideyasına gəldikdə, Ş.Cəfərli bildirdi ki, Ankaranın Qərblə münasibətləri çox pis olduğu üçün Rusiya ilə xoş davranmağa, rusun maraqlarını daha çox nəzərə almağa məcbur qalıb: “Halbuki Türkiyə arxasında Qərb dəstəyi olsa Qafqazdakı proseslərə ciddi müdaxilə edə bilərdi”.

    Bu arada Rusiya-Moldova münasibətlərində gərginliyin yarana biləcəyi ehtimalı artıb. Kişinyovun Dnestryanıdakı rus əsgərlərinin çıxarılması ilə bağlı Moskvaya faktiki olaraq nota verməsinə Rusiyadan hədələyici reaksiya gəlib. Rus əsgərlərinin Gürcüstanın içərilərinə doğru irəliləməsi, Bakı-Supsa kəmərinin bir hissəsinin nəzarət altına alınması, Gürcüstanı bölməklə Ermənistana dəhliz açma planı, həmçinin Rusiya-Ermənistan birgə hərbi birləşmələrinin yaradılması Kremlin böyük iştahından xəbər verir. Proseslərin hansı məcrada davam edəcəyini söyləmək mümkün deyil. Lakin Moldova nümunəsindən görünən həm də budur ki, Rusiya təkcə Cənubi Qafqazla kifayətlənmək niyyətində deyil, paralel şəkildə digər postsovet ölkələrində də nüfuzunu bərpa etməyə çalışır.

    Ş.Cəfərli hesab edir ki, Moldovanın vəziyyəti bizimkindən xeyli fərqlidir: “Çünki Rusiya ilə sərhədi yoxdur. Dnestryanı ərazi Moldova ilə Ukraynanın ortasında qalıb. Üstəlik, Dnestryanı ərazidə aviabazası da yoxdur. Ora getmək üçün məcburdur Moldovadan, yaxud Rumıniya və Ukraynadan icazə alsın. Bir məsələ var ki, Moldovanın vecinə deyil, bu durumda 50 il də gözləyə bilər”.

    Maraqlı, həm də təəccüblü bir məqam var ki, Qərb heç olmasa, kəmərlərin xətrinə bölgədə cərəyan edən proseslərə reaksiya vermir. Düzdür, ABŞ diplomatı Mayk Pens Tiflisdə səfər edib. Üstəlik, eyni vaxtda bu ölkədə NATO təlimlərinə start verilib. Amma amerikalı diplomatın səfərinin və hərbi təlimlərin Rusiyanı öz planından daşındıracağını demək çox tezdir. Məntiqlə amerikalı diplomat Bakıya da gəlməli idi, lakin bu, baş vermədi. Ş.Cəfərlinin sözlərinə görə, Bakı-Supsa məsələsi hələ ki elə də qorxulu deyil: “Texniki baxımdan o problemi həll etmək mümkündür”.

    “Rusiya ən müxtəlif yollarla MDB məkanında inteqrasiyaya nail olmaq, postsovet respublikalarını öz peyklərinə çevirmək istəyir. Ermənistan bu prosesdə zəif həlqədir və adətən Moskvanın bütün layihələrində bu forpost-ölkədən ən ucuz eksperiment vasitəsi kimi istifadə olunur”. Bu fikirlər isə politoloq Elçin Mirzəbəyliyə məxsusdur. Ekspert əməkdaşımızla söhbətində bildirdi ki, Rusiya-Ermənistan birgə hərbi birləşməsini də bu kontekstdən dəyərləndirmək lazımdır: “Bildiyiniz kimi, Moskva daha öncə KTMT-nin birgə hərbi birləşməsini yaratmağa cəhd göstərdi. Amma ortaya ciddi nəticə qoya bilmədi. Bu səbəbdən də KTMT daxilindəki uğursuzluğunu Ermənistanla birgə hərbi birləşmə yaratmaqla kompensasiya etməyə cəhd göstərdi. Necə ki, Avrasiya İqtisadi Birliyindən öncə Rusiya-Belarus ittifaqı yaratmaqla yeni ittifaq modelinin əsasını qoymaq istəyirdi. Məsələ bundadır ki, Rusiya MDB məkanında inteqrasiya prosesinə özünün xilası kimi baxır. Moskva başa düşür ki, tamamilə təklənmiş vəziyyətdədir və ətrafındakı həlqə getdikcə daralır. Real mənzərə budur. Kremldən idarə olunan ekspertlərin vəzifəsi isə diqqəti bu mənzərədən yayındırmaqdan ibarətdir. Buna görə də rusiyalı ekspertlərin nağıllarına önəm vermək lazım deyil”.

    Erməni ekspertlərinin açıqlamaları bir daha sübut edir ki, Ermənistan Qarabağ müharibəsinin başlayacağı təqdirdə Rusiyadan birmənalı dəstək alacağına şübhə edir. Ancaq paralel olaraq danışıqlardan imtina siyasəti də davam etdirilir. Publika.az-ın xəbərinə görə, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan tərəfindən yaradılan qondarma “DQR”in İrəvandakı “nümayəndəsi” Qarnik İsaqulyan deyib ki, “əgər Ermənistana təzyiqlər olacaqsa, biz (qondarma ”DQR"i nəzərdə tutur - red.) İrəvanın Xankəndini təmsil etmədiyini elan edəcəyik".

    Qondarma “DQR”in “müdafiə naziri” Levon Mnasakyan isə Ermənistanın ictimai televiziyasının efirində elan edib ki, “Qarabağ ordusu” çox güclüdür, rəqibin bütün hərəkətlərini izləməyə qadirdir və “bizdə alov saçan çox güclü silahlar var”.

    İsaqulyanla Mnasakyanın ard-arda verdikləri açıqlamalar təsadüfi ola bilməz. Onların hər ikisini İrəvan rejiminin danışdırdığı və dedikləri sözlərin də işğalçı erməni rejimi tərəfindən hazırlandığı şübhəsizdir. Son zamanlar bölgədə baş verənlər barədə Qarabağ rejiminin açıqlama verməsi, Dağlıq Qarabağ separatçılarının tərəf statusunda təqdim olunmasına cəhd təbii ki, hazırlanmış planın tərkib hissəsidir. Bu planın arxasında Kremlin dayandığı da şübhə doğurmur. Rusiya-Ermənistan birgə qoşununun yaradılmasının ardınca Qarabağ separatçılarının meydana çıxmağa cəhd göstərməsi özfəaliyyət ola bilməz. Ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun artilleriya atəşindən təşvişə düşən Qarabağ ermənilərinin Ermənistana qaçması da unudulmayıb. Separatçıları cəsarətli edən Kremlin planları və sifarişləridir. Rusiya-Ermənistan hərbi birləşmələrinin yaradılmasının ardınca cəbhədə təxribatların artması proseslərin vahid mərkəzdən idarə olunduğunu təsdiqləyir. Amma istənilən halda Bakı öz torpaqlarından imtina etməyəcək, bunu dəfələrlə bəyan edib.

    Rubrika.Az


    Facebook-da paylaş