• 6 tələbənin ölümü ilə bağlı məhkəmədə gərginlik: 10 il cəza verilən sürücüyə hücum etmək istədilər

    6 tələbənin ölümü ilə bağlı məhkəmədə gərginlik: 10 il cəza verilən sürücüyə hücum etmək istədilər

    6 tələbənin öldüyü qəzaya görə həbs edilən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib.

    Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Namiq Hüseynova törətdiyi əmələ görə cəza istəyib. Prokuror N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Prokuror bildirib ki, valideynlər tərəfindən məhkəməyə mülki iddialar da daxil olub. Dövlət ittihamçısı valideynlərin təqsirləndirilən Namiq Hüseynova qarşı mülki iddialarının təmin edilməsini istəyib.

    Məhkəmədə söz istəyən valideynlər bildiriblər ki, N.Hüseynov daha əvvəl də cinayət əməli törətdiyinə görə 1 il 6 ay cəza alıb. Valideynlər bildirib ki, N.Hüseynovun həmin cəzası ödənilmədiyindən bu, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmayıb. Məhkəmə bildirib ki, N.Hüseynov ilk cinayət əməlini qəsdən törətmədiyi üçün bu iş onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmayıb.

    Valideynlər həmçinin qəzada günahkar bildikləri digər şəxslərin də cəzalandırılmasını istəyib. Onlar qəza baş verən zaman yol kənarında dayanan yük maşınının sürücüsünün, tələbələrin olduğu "Ford"la ötüşdüyü deyilən yaşıl rəngli "Ford"un sürücüsünün və yolda təhlükəsizliyi təmin etməli olan yol polisi əməkdaşlarının və postlarda olan polislərin də cəzalandırılmasını istəyiblər.

    N.Hüseynova 10 il cəza istənilməsinə etiraz edan valideynlər ona 9 il 11 ay cəza verilməsini məhkəmədən xahiş ediblər. Valideynlərin bu istəyinin səbəbi N.Hüseynovun həbsdə olduğu müddətdə aministiyaya düşməməsidir. 10 il cəza ilə razı olmayan valideynlər daha ağır cəza istəyiblər.

    N.Hüseynovun vəkili Şirin Atayev müdafiə çıxışında deyib ki, müttəhimə sanksiya ilə nəzərdə tutulan ən ağır cəza təyin edilib. Vəkil məhkəmə istintaqının zəif aparıldığından da şikayətlənib: "Həm müttəhimin müdafiə hüququ pozuldu, həm də vəkilin müdafiə hüququ məhdudlaşdırıldı. Prokuror da istintaq dövründə yox, sadəcə son çıxışında yaxşı çıxış elədi. Əvvəldən belə mövqe göstərsəydi, iş daha yaxşı araşdırılardı. Biz və valideynlər tələb etdik ki, videogörüntülər məhkəməyə təqdim edilsin. Amma mümkün olmadı. İndi 2017-ci ildə yaşayırıq. Necə olur ki, bu görüntülər yoxa çıxır? Ekologiya postununda olan polis əməkdaşları barədə xüsusi qərardad çıxarılsın. Onlar necə buna göz yumub ki, bu qədər sərnişinlə maşınlar həmin postdan keçib. Onlar hara baxırdı?"

    Vəkil qəza baş verən gün növbədə olan yol polisi əməkdaşları, xarab olduğu üçün yol kənarında saxlanılan yük maşınının sürücüsü barədə cinayət işi açılmasını istəyib. Valideynlər də polis əməkdaşlarının cəzalandırılmasını məhkəmədən tələb ediblər.

    Çıxışının sonunda vəkil əlavə edib ki, təqsirləndirilən şəxs qəza törətdikdən sonra hadisə yerindən qaçmayıb, qəzada yaralanan tələbələrə də kömək edib. Vəkil N.Hüseynovun bu hərəkətlərinin yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib. Qəzada dünyasını dəyişən tələbələrin valideynləri vəkilin bu çıxışına etiraz ediblər.

    Məhkəmə Namiq Hüseynova son söz verib. N.Hüseynov deyib ki, ilk prosesdən əməlindən peşman olduğunu deyib: "Heç kim belə olmasını istəməzdi. Mənə ölüm cəzası da verilsə, etiraz etmirəm. Güllələsinlər, məni razıyam. Ömürboyu vicdan əzabı çəkəcəyəm. Ölsəm də bu vicdan əzabını çəkəcəm. Mənim üç övladım var. Qoy onları mənim gözümün qarşısında öldürsünlər, mən də razıyam. Amma görək dünyasını dəyişən 6 uşaq geri qayıdacaqmı. Mən təkcə 6 uşağın yox, 3 öz uşağımın, himayəmdə olan 2 bacım uşaqlarının ölümünə səbəb oldum. Həmin 5 uşaq mənim himayəmdə idi. İndi onlar torpaq üstündə ölü kimi gəzir. Mən 11 uşağın ölümünə səbəb olmuşam".

    N.Hüseynov özünü öldürə biləcəyi haqda da sözlər deməsi məhkəmədə gərginlik yaradıb. Ölən tələbələrin valideynləri Namiq Hüseynova hücum etmək istəyiblər. Məhkəmə nəzarətçiləri buna imkan verməyib. N.Hüseynov və proses iştirakçıları məhkəmə zalından çıxarılıb.

    Hakimlər kollegiyası müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən N.Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Rubrika.Az


    Facebook-da paylaş