BAKINI "BİR DAMLA SUDA" BOĞAN PROBLEMLƏR
![]()
Paytaxtın qışa hazırlığı haqqında söylənən yalanlar və reallıqlar
Sel sularının üzə çıxardığı müdhiş korrupsiya faktları
Havaların yağmurlu keçməsindən ölkədə bəlkə də ən çox narahat olan şəxs Hacıbala Abutalıbovdur. Çünki, göydən yerə ilk yağış damlası düşən kimi sosial şəbəkələr, KİV-lər başlayırlar şəhərin icra başçısını yaş yuyub quru sərməyə. Düzdür zaman-zaman Hacıbala müəllim öz aforizmləri, qeyri-adi hərəkətləri ilə gündəmin əsas qəhrəmanına çevrilməyi bacarır. Amma, yağış yağanda onun “nüfuzu” bütün reytinqləri alt üst edir.
Iki şəhərin meri
İnsafən payız qış aylarında Hacıbala müəllim istəmədən iki şəhərin rəhbəri vəzifəsində çalışır. Biri təbii ki, sevə-sevə tikdiyi Bakımız, digəri isə Venesiya şəhəridir. Bəli-bəli, düz eşitdiniz, məhz Venesiya şəhərinin meri. Hətta deyilənə görə itliyanlar dəfələrlə Hacıbala müəllimdən qısa müddət ərzində belə bir möcüzəyə necə nail olmasının sirrini öyrənməyə cəhd ediblər. Ancaq Abutalıbov onlara öz əsrarəngiz təbəssümü ilə cavab verməklə kifayətlənib.
Yağış yağan kimi Bakının küçələri sel sularına qərq olur, hərəkət iflic vəziyyətinə düşür. Əslində yağış kiri-pası təmizləsə də Bakının zibillərini üzə çıxarır. Yəni yarıtmaz idarəçilikdən yaranan “zibilləri”. Şəhərsalama qanunlarına məhəl qoymadan necə gəldi aparılan tikinti işləri, kanalizasiya sistemlərinin düzgün qurulmaması paytaxt üçün yağışın bütün romantikasını məhv edir. Ümumiyyətlə, Bakı üçün yağışlı hava əhalinin əlavə çətinlik və narahatlıqla üzləşməsi deməkdir. Çünki yağıntılı havadan sonra küçələrdə axan su hərəkəti bütünlüklə məhdudlaşdırır. Kanalizasiya sisteminin bərbadlığı isə bütün aydınlığıyla üzə çıxır. Beləliklə, qışa hazırlığı vaxtında həyata keçirməsə də, ciddi problemin olmadığını iddia edən əlaqədar qurumların necə fəaliyyət göstərməsi ilin bütün fəsillərində ortaya çıxır.
Son günlər ölkə ərazisinə, əsasən də Bakıya yağan aramsız yağışlar paytaxtda nəqliyyatın və insanların hərəkətini tamamilə iflic etdi. Bakının bütün tunel və keçidlərində, əsas magistral yollarda az qala avtomobilləri udacaq qədər gölməçələr yarandı.
Qaragüruhçu məmurlar: "Bakı qışa hazırdı"
Bütün bunlar göstərdi ki, aidiyyatı qurumların "Bakı qışa hazırdı", "problemlərin qarşısını almağa hazırıq" deyən qaragüruhçu məmurlar yalan danışırmış. Nəzərə alsaq ki, hələ payızdır, o zaman qışda vəziyyətin hansı yerdə olacağını təsəvvür etmək o qədər də çətin deyil. Soyuq, şaxtalı qış aylarında paytaxtda yaşanacaq çətinliklərin soyuğu adamı indidən üşüdür. Amma, bu sahəyə bilavasitə məsul olanlar öz isti, rahat kabinetində əyləşib şəstlə “qışa tam hazırıq” bəyanatları verirlər. Hazırlıq budurmu, bəs hazıır olmasaydınız necə olardı görəsən? Məgər bundan da pis variant vardırmı ?
Görünən odur ki, illərlə vəzifə kürsüsündə əyləşərək Bakıya olan sevgidən danışmaqla problemləri həll etmək olmur. Bunun üçün sözün həqiqi mənasında sevgi lazımdır. Təmənnasız sevgi.
Sonda rəhmətlik Qabilin bir bəndini xatırlatmaq istəyirik (şeirdə kiçik dəyişikliyə görə şairin ruhundan üzr istəyirik) :
Muğan həsrət yağışa,
Buludlar xəsis.
Yağış yağır Bakıya
Hey-hey gərəksiz.
Gərəksiz oluruq biz
Səhv düşəndə yerimiz.
Son günlər yaşananlar bir daha sübut etdi ki, yağan yağışlar ünvanı səhv salmayıb, gərəksiz də deyillər. Sadəcə Bakıda yeri səhv düşən məqamlar tamam başqadır.
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş












