• Bakı Soçidə öz hədəflərinə çatdı – Şərh

    Bakı Soçidə öz hədəflərinə çatdı – Şərh

    MDB dövlət başçılarının Soçi görüşü bundan əvvəlki dövrdə seçilən planları bir qədər dəyişməyi tələb etdi. Belə ki, buna qədər Baltikyanı ölkələri öz sıralarından itirən keçmiş SSRİ respublikaları hazırkı dövrdə Ukrayna ətrafındakı məlum müharibə fonunda rəsmi Kiyevin yerini bu sammitdə boş gördülər. Lebedev Poroşenko tərəfindən rəsmi müraciət almadıqlarını və üzrlük haqqının verilməməsi ilə faktların onlara bəlli olduğunu bəyan etsə də, həqiqətdə MDB daha mühüm bir üzvünü itirir.

    Bunu açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, regional kontekstdə, hətta keçmiş SSRİ məkanında təhlükəsizlik, sülh üçün çox mühüm bir format kimi meydana çıxdığı elan olunan təşkilat - MDB faktiki olaraq beynəlxalq və digər qurumlarla müqayisədə son dərəcə passivdir:

    “Çünki onları vahid maraqları ətrafında birləşdirmək mümkün deyil, iqtisadi ticarət əlaqələri xeyli dərəcədə zəifdir. Həmçinin ikitərəfli formatda müxtəlif münaqişələr mövcud olduğundan Avropa arelına adekvat birliklər formlaşdırmaq da qeyri-mümkündür. O üzdən ölkə başçısı belə tədbirlərdə iştirak edərkən çox mühüm bir xarici siyasət doktrinası özünü qabarıq göstərir: Azərbaycan hər bir formatda öz milli təhlükəsizlik maraqlarını və ərazi bütövülüyü məsələsini qoyur. Bu problemin çözümünə imkan yaratmasa da, faktiki olaraq bizə arzu etmədiyimiz təşəbbüslərdən geri durmağa şərait yaradır. Söhbət ilk növbədə Avrasiya İqtisadi Birliyi ilə bağlı məsələdən gedir. Baxmayaraq ki, ölkəmizdə, hətta parlament və dövlət təmsilçiləri ətrafında bunu bir təhlükə mənbəyi kimi qələmə verməyin yanlış olduğunu söyləyənlər var və onların da arqumentləri xeyli kəsərlidir. Çünki bu coğrafiyadan çıxıb hər hansı digər bir meydana getmirik. Xalqlararası əlaqələr hər hansı bir siyasi davadan asılı deyil. Bu fonda bizim üçün Soçidə daha artıq dərəcədə iqtisadi, sosial, həmçinin təhlükəsizlik məsələlərinə yer vermək çox önəmlidir. Bilirsiniz ki, bu məkanda miqrasiya axınları geniş şəkildə özünü göstərir, onların təqaüd və bu kimi digər təminatlarından tutmuş müxtəlif qeydiyyat, hüquqlarının tanınması məsələri də çox böyük önəm daşıyır. Mütləq nəzərə almalıyıq ki, Avropa Birliyini güclü edən orada vətəndaşlara verilən yüksək sosial hüquq və imtiyazlar strategiyasıdır. Təəssüf ki, bu modeli MDB-də qərarlaşdırmaq mümkün olmayıb. Bunun da özünəməxus səbəbləri var. Çünki hər bir ölkə daxili əmək bazarını qorumağa cəhd edir, bu isə demoqrafik duruma təsir göstərir. Açıq vurğulamaq lazımdır ki, kriminagen hadisələr sırasında da yaxın qonşulardan gələn miqrantlar rol oynayır. Bütövlükdə MDB bir təşkilat olaraq müharibələrin qarşısını ala bilmir, özü isə bir qədər nominal konteksdə fəaliyyət aparır”.

    Millət vəkili Soçi sammitinin daha çox Rusiya tərəfindən seçilən bir sıra strategiyaların dövlət başçılarına çatdırılması və Moskva əleyhinə olan siyasətlərdə onların yer almasının qəbuledilməzliyi ilə bağlı məsələlərə həsr olunduğunu düşünür:

    “Sadə dillə desək, söhbət Suriyadakı proseslər sonlandığında Moskvanın bu bölgədəki planlarından və onun yaxın müttəfiq saydığı qonşu ölkələrlə əlaqələrindən gedir. İkincisi, bölgədə müxtəlif məsələlər hökm sürür: NATO-nun Gürcüstanda qərarlaşması və Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində bir neçə dövləti öz tərəfinə cəlb etmək üçün fəal addımları. Moskva bu prosesi intensiv izləyir və ona adekvat addımlar atır. Görünür, Putin bölgənin əleyhinə olan siyasətlərdə Kremlin hansı nöqtələrdə qırmızı xətt çəkdiyini öz həmkarlarına çatdırmağa çalışıb. Ermənsitan bu qurumun həm də Kollektiv Təhlükəsizlik Təşkilatında yer alır. Ancaq hərbi ittifaq MDB-nin əsas gücünü təşkil etməlidir. Nüvə mərkəzi oradır. Bu isə real vəziyyətdə işlək bir mexanizm kimi özünü göstərmir. Doğrudur, hazırda İrəvanda, o cümlədən Gümrü ətrafında həmin qurumun hərbi təlimləri keçirilir. Onlar hesab edirlər ki, regional təhlükələrə qarşı birgə çıxmaq qüdrətindədirlər. Ancaq gerçəklik xeyli fərqlidir. Aprel hadisələri sübut etdi ki, Qazaxıstan və Belarus əsgəri Ermənistan maraqları üçün döyüşmək istəmir. Bu problem kimi qarşı tərəfi çox ciddi narahat edir. Əminəm ki, ölkə başçsının iştirak etmədiyi həm Avrasiya İqtisadi Birliyi, həm də KTMT üçün aparılan məsləhətləşmələrdə erməni tərəfi bu məsələləri qabartmağa çalışıb. Hətta Lukaşenko Zakir Həsənovu qəbul edərkən bəyan etdi ki, münasibətlərin yüksək xətlə inkişafına görə heç kimin qarşısında hesabat verməli deyillər və Azərbaycana istədikləri silahları satacaqlar. Burada söhbət məhz Ermənistana yönələn sərt yanaşmadan gedir. Prosesi bir qədər də dərinləşdirsələr, MDB və KTMT dağıla bilər. Çünki çox yaxş bilirlər ki, qazaxlar və Belarus xalqı üçün Azərbaycan heç bir zaman təhlükə mənbəyi kimi xarakterizə oluna bilməz və onlar gəlib Qarabağda döyüşəsi deyillər. İrəvanda Avrasiya İqtisadi Birliyindən çıxmaq yönündə real parlament təşəbbüsləri artıq başlanıb. Ona görə də bölgədə cərəyan edən proseslər fonunda Soçi görüşünə maksimum dərəcədə ölkəmiz üçün gözləntilərimiz, regional siyasətə dair baxışlarımız və xarici siyasətimizin bir vektorunda öz niyyətlərimizin gerçəkləşdirilməsi müstəvisindən yanaşırıq. Bu baxımdan orada bizim ziyanımza hər hansı bir hadisə baş verməyib. Açıq demək lazımdır ki, bir çoxları belə düşünürdü ki, Rusiya Şərq Tərəfdaşlığı ölkələrini sərt şəkildə cəzalandırmaq üçün bu dövlətləri hərbi addımlara, digər təhdidlərə, iqtisadi izolyasiyalara məruz qoya bilər. Çox mümkündür ki, bağlı qapılar arxasında Azərbaycan da daxil olmaqla yeddi ölkənin Tiflisdə iştirak etdiyi NATO təlimləri və bunun Ukrayna ilə hansısa həmrəylik olub-olmaması istiqamətində danışıqlar gedib. Azərbaycan bu bölgədə nə Rusiyanın, nə də Avropanın forpostu deyil. Biz Qərbin Kreml əleyhinə siyasətində nə siyasi, nə də hərbi vasitələrlə iştirak etmirik. O üzdən Soçi sammiti Azərbaycan üçün Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlər baxımından əhəmiyyətli oldu”.

    Rubrika.Az


    Facebook-da paylaş