Təhlükəsizlik Şurası bu hallarda toplana bilər - qanun

Əliməmməd Nuriyev: “Əgər ölkəyə təhdid varsa, bu zaman prezidentin rəhbərliyi ilə Təhlükəsizlik Şurası toplanır”
İyulun 3-də, gecə və gündüz saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yaranan problem səbəbindən Bakının və eləcə də ölkə ərazisinin enerji təchizatında ciddi problem yarandı. Hadisə nəticəsində ölkədə xüsusilə də “Bakı Metropoliteni”ndə, generatoru olmayan xəstəxanalarda, obyektlərdə, zavodlarda problemlər yaşandı.
Hadisədən dərhal sonra prezidentin tapşırığı ilə xüsusi komissiya yaradıldı. İyulun 4-də isə məsələ ilə bağlı ölkə başçısı müvafiq güc strukturlarının, qurumların rəhbərlərinin də iştirakı ilə müşavirə keçirib, tapşırıqlarını verdi.
Bəzi ekspertlər bildirirlər ki, həmin iki gündə Təhlükəsizlik Şurasının toplantısı çağırıla bilərdi. Bu, “Təhlükəsizlik Şurası hansı hallarda toplanır və üzvləri kimlərdir” sualını aktuallaşdırıb.
Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da prezidentin fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası prezidentin yanında məşvərətçi orqandır.
Qurum Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində prezidentin öz konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Bəs Təhlükəsizlik Şurasının tərkibinə kimlər daxildir?
Yuxarıda da qeyd etdiyimiz kimi, Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, daxili işlər naziri daxildir.
Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edir. Şuranın katibi funksiyalarını Prezident Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası administrasiya rəhbərinin təqdimatı əsasında prezident tərəfindən müəyyənləşdirilir. Ölkədə rəsmi ikinci şəxs baş nazir olduğu zaman isə Təhlükəsizlik Şurasının tərkibi aşağıdakı kimi idi: Milli Məclisin sədri, baş nazir, Prezidentin Administrasiyasının rəhbəri, xarici siyasət məsələləri üzrə dövlət müşaviri, hərbi işlər üzrə dövlət müşaviri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, daxili işlər naziri.
“Yeni Müsavat”a danışan ekspert Əliməmməd Nuriyev bildirib ki, hələ AXC hakimiyyəti dövründə ölkədə Təhlükəsizlik Şurası yaradılmışdı: “1992-ci ildə Təhlükəsizlik Şurası yaradılmışdı və fəaliyyət göstərirdi. Həmin ərəfədə Qarabağda döyüşlər gedirdi və səbəb olaraq da Təhlükəsizlik Şurası buna görə yaranmışdı. Ancaq bütövlükdə istənilən ölkədə Təhlükəsizlik Şurası olmalıdır. Çünki hər zaman dövlətlərə qarşı müxtəlif təhdidlər olur. Bu təhdidləri önləmək üçün Təhlükəsizlik Şurası müvafiq olaraq qərarlar qəbul etməli, zaman-zaman toplaşmalıdır. Azərbaycan ərazisi işğal olunub və Təhlükəsizlik Şurasının üzərinə ciddi məsuliyyət düşür. O baxımdan bu qurumun olması zəruridir və dövlət idarəetmə sistemində əsas institutlardan biridir. Ötən gün ölkədə prezident müşavirə keçirdi və lazımı tapşırıqlarını verdi. Cənab prezidentin də qeyd etdiyi kimi, ölkənin bütün enerji sistemi çökdü. Bu qəza adi hadisə deyildi. Cənab prezident də qeyd etdi ki, istənilən fəaliyyət sahələrində qəzalar baş verə bilər. Bu, nəzəri baxımdan mümkündür. Ancaq qəzanın miqyası o qədər böyük oldu ki, bütövlükdə Azərbaycanın enerji sistemi çökdü. O baxımdan da bu, ciddi suallar yaradırdı və ciddi də təhdid idi. Ona görə də ölkədə cənab prezidentin də iştirakı ilə müşavirə keçirildi və komissiyanın çıxışları oldu. Bu məsələdə ilkin səbəblər bəllidir və daha detallı səbəblər tapılmalıdır. Təhlükəsizlik Şurasının sədri prezidentdir. Ona görə də bu şura yalnız prezidentin iştirakı ilə toplana bilər. Çünki son qərarı prezident verir. Ölkənin konstitusiyasına görə də ölkənin təhlükəsizliyinin təminatçısı prezidentdir. Buna görə də əgər ölkəyə, dövlətə təhdid varsa, bu zaman prezidentin rəhbərliyi ilə Təhlükəsizlik Şurası toplanır. Onu da qeyd edim ki, adətən Təhlükəsizlik Şurasının iclasları qapalı keçirilir. Mingəçevirdəki hadisə ilə bağlı təşkil olunan müşavirə isə komissiyanın iclası idi. Ora fizik də dəvət olunmuşdu. Həmin fizik məsələ ilə bağlı ilkin açıqlamalar vermədi. Görünür, hələ ki araşdırmalar gedir və komissiyanın növbəti iclaslarında hadisənin baş verməsinə səbəb olan digər məqamlar da aydın olacaq”.
Rubrika.Az
Facebook-da paylaş










