Qurban Qurbanov millinin baş məşqçisi olmasın!

Onun “Qarabağ”da Azərbaycan futbolu adına gördüyü iş indi milli komandadan daha önəmlidir
Futbol üzrə milli komandanın xorvat baş məşqçisi, nəhayət ki, sözləri “topa-qapıya”(nala-mıxa) vurmaqdan vaz keçib, yığmadan ayrılmağa qərar verdi. Robert Prosineçki hara gedəcək, hansı yığmanın ona ehtiyacı var, hələ bilinmir, amma AFFA rəhbərliyi məsələyə nöqtə qoydu daha. Prosineçki hara getsə, yəqin gedib sinəsinə döyüb deyəcək ki, Azərbaycan millisinə ilk dəfə olaraq dünya çempionatının seçmə mərhələsində 10 xal qazandırıb. Amma deməsə, yaxşıdır.
Çünki Azərbaycanın 10 xalına və qrupda tutduğu 5-ci yerə görə ağlı başında olan federasiya heç 15 avro da artıq məvacib verməz. Yox, üzün ərəb ölkələrinə tutsa, bəlkə onların pulu çox, forsları ondan da çoxdur, istədiyini verərlər. Güman ki, Prosineçki haradasa özünə yer edib, yoxsa Azərbaycan kimi “yağlı tikəni” qoyub heç kim çöl-biyabana düşməz. Tərslikdən millidə işləmiş bir baş məşqçi də yoxdur ki, Bakıdan ayrılandan sonra özünə daha yaxşı karyera qura bilsin.
AFFA-nın da Prosineçkini qalmaq üçün dilə tutmaması ona işarədir ki, millinin baş məşqçi postuna artıq namizəd(lər) var. Yəni faktiki millidə Prosineçki dövrü qapandı, təəssüf ki, onun yaxasına medal taxacaq işi olmadı. O zaman lap “10-luğu” vurmuş sayılardı. Təəssüf ki, AFFA-nın “soverşenno sekretno” papkasında olduğu üçün millinin baş məşqçiləri ilə imzalan müqavilələrdən də xəbərimiz olmur. Amma bəlkə də elə belə yaxşıdır, yoxsa başımıza qapazı iki əlli vurardıq...
İndi Azərbaycan millisində kimin baş məşqçi olacağı ilə bağlı müzakirələr açılıb. Prosineçki hələ Bakıda bir müddət də “azad agent” kimi gəzərkən bu müzakirələrin aparılması təbiidir. Artıq iki namizəd haqda saytlarda xəbər yayılıb. Roman Qriqorçuk və Qurban Qurbanov.
Qriqorçukun “Qəbələ”də uğur qazandığı danılmaz faktdır, ingilis və rusun edə bilmədiklərini ukraynalı mütəxəssis etdi. “Qəbələ” əyalət klubu səviyyəsindən Avroliqada qrupda oynamaq kimi bir uğura imza atdı. Bu sezon klub Avropa Liqasına vəsiqə qazana bilməsə də, “Qəbələ” artıq müəyyən bir relsdədir və bu yolda çətinliklər mütləqdir. “Qəbələ” əzmkar klubdur və bunu Avroliqa yolunda keçirdiyi oyunlardan yazarkən dəfələrlə qeyd etmişəm. Qriqorçukun Azərbaycan millisində işləməyə həvəsli olduğunu bir neçə gün əvvəl bir müsahibəsində açıqlamışdı. Məncə, AFFA-nın namizədləri sırasında ukraynalı mütəxəssisin də adı mütləq var və ya olacaq. Düzdür, deyilənə görə, Ukrayna millisinin dünya çempionatına vəsiqə qazanmamasında sonra Qriqorçukun öz ölkəsinə qayıtmaq təklif olub. Amma “Qəbələ”nin baş məşqçisinin sözlərindən belə anlaşılır ki, təklif olsa, Ukraynanı deyil, Azərbaycanda qalıb işləməyi üstün tuta bilər.
Mümkündür ki, Qriqorçuk “Qəbələ” ilə yollarını ayırmağın vaxtının gəldiyini düşünür və millinin baş məşqçiliyınə həvəslənir. Onun təyinatı əlbəttə ki, işin xeyrinə ola bilər. Əvvəla, neçə ildir “Qəbələ” də çalışan baş məşqçi Azərbaycan çempionatına, oyunçulara yaxşı bələddir. Bu isə millinin baş məşqçisi üçün əsas şərtdir. Prosineçki ona görə istənilən uğuru qazana bilmədi ki, zalım oğlu ayda-ildə bir dəfə çempionatın oyunlarına baxmaq üçün stadiona gedirdi. Qriqorçuk isə hər gün stadiondadır. Kənardan ən tanınmış məşqçi gətirsək, onun burada hələ çempionata deyil, qoyun ətini yeməyə alışması vaxt aparacaq. Qarşıda isə millini yeni sınaqlar, məsələn, Millətlər Liqası gözləyir. O səbəbdən də ukraynalı baş məşqçinin elə burada qalması uyğun variant kimi görünür. “Qəbələ” onu buraxar, yoxsa buraxmaz bu daha onların arasında olacaq işdir.
AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov qol.az saytına müsahibəsində millinin gələcək taleyi ilə bağlı fərqli ipucları var. O təmsil etdiyi qurumun milliyə yerli mütəxəssisin gətirilməsini tövsiyə edəcəklərini deyib. “Elə qərar qəbul etməliyik ki, bizim yığmamız bundan da artığını əldə etsin. Bu işdə məşqçi rolu çox önəmlidir. Bu seçimdə yanlış addım atmaq olmaz. Tələsik qərar verilməməlidir” deyə, V.Sadıqov bildirib.
“Futbol ictimaiyyəti millimizin baş məşqçisi vəzifəsinə ən real namizəd kimi Qurban Qurbanovun adını qeyd edir. Siz də belə düşünürsünüz” sualına cavabı maraq doğurur: “Futbol ictimaiyyəti tamamilə düzgün seçim edib. Bu gün ən yaxşı uğurları qazanan Qurban Qurbanovdur. Onun işi göz qabağındadır. Əcnəbi seçimi olsaydı, elə Prosineçki qalıb işləyərdi. Prosineçki ilə yollar ayrılıbsa, deməli, yerli məşqçiyə ehtiyac var. Yerli mütəxəssislər arasında ən birinci namizəd isə Qurban Qurbanovdur”.
V.Sadıqovun AFFA kuluarlarındakı ümumi əhval-ruhiyyəyə bələd olduğunu nəzərə alsaq, bunu fərziyə yox, informasiya kimi qəbul edə bilərik. Belə görünür ki, AFFA rəhbərliyi indi yerli mütəxəssis üzərində daha çox dayanır.
Bunun bir neçə səbəbi ola bilər ki, onlardan biri də maliyyə məsələsidir. İkinci bir tərəfdən, indi tanınmış baş məşqçi tapmaq da çətindir. Üçüncü səbəb isə o ola bilər ki, cəmiyyətdə yerli mütəxəssis əhval-ruhiyyəsi var ki, AFFA-da “bu da sizə yerli mütəxəssis” deyərək, uyğun qərar versin. Bizim bilmədiyimiz digər səbəblər də ola bilər ki, bu əslində o qədər də maraqlı deyil...
Maraqlı olan Qurbanın namizədliyinin ciddiləşməsidir. Mən bayaqdan, Qriqorçuku həm də o səbəbdən diqqətə gətirirəm ki, Qurban “bu bəlanı” bəlkə adlatsın. “Milliyə yerli mütəxəssis gətirək” yazanlardan biri də mən olmuşam, amma Qurbandan əl çəkək. Bu, ən pis variantdır. Qurban qardaşımız və “Qarabağ” klubunun rəhbərliyi özləri aralarında hansısa qərar verərsə, bu ayrı. O razılaşmanı dəyişməyə gücümüz yetməz. Amma AFFA rəhbərliyi də bir müddət əvvəl elə mən deyəni demişdi. Təxminən belə: “İmkan verək, Qurban ”Qarabağ"la məşğul olsun".
Bu mənada mən Qurban Qurbanovun millinin baş məşqçi postuna təyinatına qarşıyam. Qurbanın “Qarabağ”da Azərbaycan futbolu adına gördüyü iş indi milli komandadan daha önəmlidir. Qurbanın da “Qarabağ”da hələ görəcəyi çox iş var... İmkan verək işini görsün...
Rubrika.Az
Facebook-da paylaş














