Rusiya ordusu Suriyadan çıxacaq, Əsədin taleyi sual altında

Rəsmilər “tezliklə” deyir, ancaq bu, böyük siyasi anlaşmadan sonra mümkün görünür
Rusiya prezidenti Vladimir Putin Suriyadan qoşunların əsas hissəsinin tezliklə çıxarılmasını tapşırıb. Virtualaz.org xəbər verir ki, bu haqda İtaliyanın “La Stampa” qəzeti diplomatik qaynaqlara istinadən yazır. Rusiya prezidentinin tapşırığına əsasən qoşunlar Suriyadan mart ayında keçiriləcək prezident seçkilərinə qədər çıxarılmalıdır.
Putin xarici işlər naziri Sergey Lavrova bu məqsədə nail olmağa imkan verən həll yolları tapmağı tapşırıb. Yazıda o da qeyd olunur ki, Rusiya üçün Suriyanın gələcək liderinin Bəşər Əsəd və ya bir başqası olması əsas deyil. Bu səbəbdən siyasi nizamlamaya nail olmaq üçün Moskva Bəşər Əsədin müəyyən mərhələdən sonra hakimiyyətdən əl çəkməsi ssenarisinə razılıq verə bilər. İran isə əksinə, Bəşər Əsədi nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmasını istəyir.
Məsələ ondadır ki, Rusiya 30 sentyabr 2015-ci ildən Suriyada aktiv hərbi əməliyyatlara başlayıb və demək olar ki, o zamandan bu günə qədər hər 6 aydan bir rusların Suriyadakı qüvvələrini çıxaracaqları barədə xəbərlər yayılır. Bu xəbərlər qismən təsdiqlənir, yəni Rusiya hərbçiləri yenilənir. Ancaq ötən dövrdə Rusiya qüvvələri Suriyada nəinki çıxarılmayıb, əksinə daha da artıb. Bu da aktiv əməliyyatların davam etməsi ilə bağlıdır. Rusiya terror məsələsini Suriyada həll etmək istəyir.
Ancaq aydın məsələdir ki, Suriyada artıq İŞİD demək olar ki, sıradan çıxarılıb. Bütün böyük şəhərlərdə İŞİD qalmayıb. Ümumilikdə isə İraq və Suriyada səhrada 5 minə yaxın İŞİD silahlısının qaldığı güman edilir. Putin 3 gün əvvəl bəyan etdi ki, Suriya ərazilərinin demək olar ki, əksər hissəsi azad edilib. Artıq təmir-bərpa işlərinə başlamağın zamanı gəlib. Bu səbəbdən də Rusiya silahlı qüvvələrinin Suriyadan çıxarılması mövzusu necə deyərlər, yenidən gündəmə gəlib.
Yeri gəlmişkən, “İnterfaks” Rusiya Milli Təhlükəsizlik Şurasının Suriyadakı hərbi qüvvələri şərtli olaraq geri çəkməyə hazır olduğu haqda xəbər yayıb. Hətta xəbərdə artıq Suriyadakı qüvvələrin çıxarılması ilə bağlı hazırlıqlara başlandığı qeyd olunurdu. Rusiya Milli Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev bildirib ki, Suriyadakı qüvvələrin azaldılması istiqamətində hazırlıqlar başlayıb. Ancaq Patruşev təqvim qeyd etməyib. Sadəcə, bildirib ki, hazırlıqlar başa çatdıqdan sonra mərhələli çəkilmə başlayacaq.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl də artıq Suriyada hava əməliyyatlarına ehtiyac qalmadığını və bu səbəbdən də hərbi hava qüvvələrinin bir hissəsinin Suriyadan çıxarıla biləcəyini elan edib.
Son bir neçə ayda müşahidələr də göstərir ki, Suriyada rusların İŞİD-ə qarşı hava zərbələri əsasən Rusiya ərazisindən qalxan uzaq məsafəli TU-22M strateji bombardmançıları tərəfindən həyata keçirilir. Bu təyyarələrə sadəcə Suriyadakı rus qırıcıları hava mühafizəsi təşkil edir.
Məsələ ondadır ki, hazırda Suriya ərazisinin 60 faizə qədəri Dəməşqin, ya da başqa adla Əsəd-Rusiya-İran koalisiyasının nəzarətindədir. İŞİD isə demək olar ki, bütün iri yaşayış məntəqələri üzərində nəzarəti itirib. Müxaliflər qarışıq şəkildə şimalda İdlib vilayətində, cənubda Dəra və İsrail sərhədi boyunca və İordaniya sərhədində, eləcə də ölkənin içərilərində kiçik “anklavlar” şəklində qalıb. Hazırda Dəməşqin nəzarətində olmayan ən böyük ərazi vahidi kürdlərin nəzarətindəki şimal kantonlarıdır. Halbuki 2 il əvvəl ruslar geniş miqyaslı əməliyyatlara başlayanda Suriyada Əsədin vəziyyəti daha pis idi - təxminən 30 faizə qədər əraziyə nəzarət edə bilirdi.
Ancaq indi Suriyada vəziyyət Əsədin xeyrinə dəyişib. Artıq Rusiyanın Suriyadakı ağır texnikanı çıxarması üçün əsas var. Qeyd edək ki, Suriyada Rusiya (SSRİ) hərbi qüvvələri 1971-ci ildə yerləşdirilib. Suriya və SSRİ arasında anlaşma əsasında Suriyanın Tartus liman şəhərində SSRİ hərbi-dəniz bazası qurulub. Hazırda bu baza Rusiyanın Aralıq dənizində və ümumiyyətlə, postsovet məkanından kənarda yeganə hərbi bazası hesab olunur.
Image result for Bəşər Əsəd
Rusiya 2012-ci ildən etibarən Suriyada Bəşər Əsədə dəstək məqsədilə Suriyaya hərbi qüvvə göndərib. 2015-ci ilin 30 sentyabrından isə Moskva Suriyada aktiv hərbi əməliyyatlar başladıb. Müxtəlif vaxtlarda Suriyada hətta 20 min rus hərbçisinin olduğu bildirilsə də, bu məlumatlar təkzib olunur. Rəsmi kanallar 2-5 min arasında rus hərbçisinin davamlı olaraq Suriyada xidmət etdiyini qeyd edir. Bunların içərisində hərbi-dəniz, aviasiya, raket qüvvələri və son bir ildə hərbi polis qüvvələri də olub. Bundan başqa, rusiyalı minaaxtaranlar da Suriyada xidmət etməyə başlayıb. Ehtimal ki, ruslar nisbətən ağır texnikanı, o cümlədən hərbi hava qüvvələrinin böyük hissəsini çıxaracaqlar. Suriyada əsasən sapyor xidməti, o cümlədən hərbi polis (müvəqqəti olaraq) və Hava Hücumundan Müdafiə - S-400 batareyaları qalacaq.
Ancaq hələlik əməliyyat tam başa çatmadığı üçün rusların nəzərəçarpacaq sayda qüvvəni Suriyadan çıxaracağı inandırıcı deyil. Bunun üçün ilk növbədə Suriyada böyük sülh anlaşması imzalanmalıdır. Ehtimal ki, Patruşev də “hazırlıqların tamamlanması” dedikdə bunu nəzərdə tutub.
Rubrika.Az
Facebook-da paylaş













