• TƏZƏ NAZİRİN KÖHNƏ PROBLEMLƏRİ – “KİM? HARDA? NƏ VAXT?”

    TƏZƏ NAZİRİN KÖHNƏ PROBLEMLƏRİ – “KİM? HARDA? NƏ VAXT?”

    HƏR GÜN BİR YENİ NAMİZƏD TAPILAN TƏHSİL NAZİRİ POSTUNA ARTAN MARAĞIN ŞOK GİZLİNLƏRİ

    Ötən həftə prezidentin bəzi qələm əhlinin təbirincə desək iki “iri məmuru” işdən çıxartması bir xeyli müzakirələrə səbəb oldu. Vəzifə kreslosunun kəndinə vergi verildiyini zənn edən Fazil Məmmədov illərdir oturduğu, hər künc-bucağına qəlbinin hərarətini, cibinin təravətini qatdığı kabineti ilə birdəfəlik vidalaşdı. Uzun illər ölkənin bütün gəlirli sahələrinə potensial qazanc mənbəyi kimi baxan birisi üçün bundan sonra kombinin qarşısında oturub xəyallara dalmaq çətin olacaq. Keçən günə gün çatmaz, nə qədər vegi alsan deyib atalarımız..Hər gün əsgəri qaydada qarşısında düzülən vergi məmurları da indi artıq xatirələrə çevrilib...


    Fazil Məmmədovun kürsüdən getməsi ilə onun milyardlıq var-dövləti də qəflətən “üzə çıxdı”. Guya bu mal-mülk indiyə qədər öz halal təqaüdü ilə ömür-gün sürən Məmmədhəsən kişinin imiş, bir gecədə dönüb olub Fazilin. Bu “böyük həqiqəti” kəşf edən saytlar isə ard-arda indiyə qədər Fazil müəliimin qəssumunun cibində gizlətdiyi şirkətlərin, villaların adlarını tirajlayırlar. Eh, cənab Məmmədov, adamın yüz vergi alanı olsun, ancaq bir deyəni olmasın...

    “Allah mənə belə vəzifədən çıxarılmaq qismət elə”

    Bütün bunlar başqa söhbətin mövzusudur. Əsas öz vəzifəsini itirən Təhsil naziri Mikayıl Cabbarovdur. Yəqin ki, vəzifə kürsüsündə oturanların səhər-axşam duası budur ki, “Allah, mənə də belə vəzifədən çıxarılma qismət elə”. Çünki, Mikayıl müəllim təhsil naziri kimi açdığı sabahı vergilər naziri kimi axşam etdi. Əsl “Kim ? Harada? Nə vaxt? “ mövzusudur. Unudulmaz gündür, deyilmi ?
    İndi bu vəzifədən gedən, yeni təyinat alan qalıb qıraqda, neçə müddətdir ki, çoxlarının yuxusu ərşə çəkilib. Təhsil naziri olmaq eşqi bəzilərinin ən ülvi arzusuna, qlobal probleminə, gecələr gördüyü bal kimi yuxusuna çevrilib. Deyirlər o gündən yerişini, duruşunu, danışığını dəyişənlər də var. Var da var, ancaq hələ də nazir olan yoxdur.
    Media isə heç kimin arzusunu ürəyində qoymayıb. Elə gün olur ki, 3-4 nəfəri birdən Təhsil naziri təyin edirlər, rəy sorğusu keçirirlər, xalqın kimi nazir kimi görmək istədiyini açıqlayırlar. Neyləməli, çün qələmin müqəddəs vəzifəsi kimisə vəzifəyə təyin edib, kimisə də azad etməkdir.
    Bəs niyə bu Təhsil naziri postu cəmiyyət üçün bu qədər maraqlı bir mövzuya çevrilib? Axı nəqliyyat nazirliyi ləğv olunanda heç bir Kamaz sürücüsünün təkəri belə boşalmadı, yollarda da ciddi bir tıxac müşahidə olunmadı. Amma, Ziya müəllimin gedişinə siqnal verməyən sürücülər nədənsə Mikayıl müəllimin gedişinə əməlli başlı “tormuz” eləyiblər. Çünki, bu təhsil sahəsi ki, var çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib...
    Bəllidir ki, dağda öz sürüsünü göy çəmənliklərdə otaran vətən oğlu çoban Qaranın da, “qırmızı işıqdan zonnu keçən” sürücünün də, “el bilir ki, sən mənimsən” deyən vəzifə sahibinin də övladı var və onlar da övladlarının gələcəyindən narahatdırlar. Bu gələcək isə məktəbdən, təhsildən başlayır.

    Azərbaycan təhsilinin Elnur Əliyev problemi

    Düzdür, uzun illərdir ki, bu sahəyə rəhbərlik edənlərin əməyi nəticəsində müqəddəs məktəblərimiz “fond pulu”, “süpürgə pulu” yığılan məkanlara çevrilərək məsxərə obyekti olub. Rüşvət adlı bir bəla məktəblərə ayaq açıb, müəllim nüfuzu zədələnib, vəhşi kapitalizm sovet sisteminin şüurlarda müqəddəsləşdirdiyi təhsil stereotiplərini məhv edib. M. Cabbarov nazir təyin olunanda çox şeyin dəyişəcəyinə ümidlər artmışdı. Çox şeylər dəyişməyinə dəyişdi də, amma əsas motiv dəyişmədi ki, dəyişmədi. Mikayıl müəllim bəlkə də cəhd etdi, amma fakt odur ki, təhsilin relsdən çıxan qatarını öz yoluna qaytara bilmədi. Onun komandasında dəyişikliklərə açıq olanlar, buna çalışanlar da oldu ( indi nazir səlahiyyətlərini həyata keçirən Ceyhun Bayramovu belələrindən hesab etmək olar), bağlı qapılar arxasında əyləşib əksər səlahiyyətləri ələ keçirərək postunu qorumaqla məşğul olanlar da çox oldu ( nazirliyin aparat rəhbəri Elnur Əliyev də bu qanadın əsas simasıdır). Təəssüf ki, ikincilər bu dəfə də birinciləri üstələyə bildilər. Bəzi dəyişikliklər isə heç nəyi dəyişməmək xatirinə atılan addımlar idi. Kosmetik dəyişiklikləri inqilabi dəyişikliklər adlandırmaq olmaz, sonra İnqilab müəllim bizdən inciyə bilər.

    Qədim “Misir” dövründən qalan problemlər, gözləntilər, ümidlər...

    Odur ki, cəmiyyət M. Cabbarovda axtarıb da tapa bilmədiyi xüsusiyyətləri yeni nazirdə görmək istəyir. Hamı gözləyir ki, yeni nazir yeni məktəb binalarının içərisində köhnə düşüncəylə oturanları silkələyəcək ( yaxşı mənada ha, düşündüyünüz silkələmədən deyil), müəllimin, məktəbin nüfuzunu qaldıracaq, onu ələbaxan statusundan xilas edəcək. Azərbaycan təhsilinin qədim Misir dövründən qalan problemlərinin nəhayət ki, həll edəcək, təhsil sistemində oturuşmuş korrupsioner sistemi çökdürəcək. Gözləntilər çoxdur, elə ümidlər də...
    Məlumdur ki, son sözü cənab prezident deyəcək və bu təyinatın da ən doğrusu olacağına heç kim şübhə etmir. Qalır bu böyük etimadı doğrultmaq. Gəlin bu dəfə bunun baş verəcəyinə inanaq.

    Nicat Mahmudov
    Rubrika.az



    Facebook-da paylaş