• İki adda kərə yağı ucuzlaşdı- bəs digər məhsullar?

    İki adda kərə yağı ucuzlaşdı- bəs digər məhsullar?

    Natiq Cəfərli: “Aprel-may aylarına qədər qiymətlərdə ciddi dəyişiklik ehtimalı çox aşağıdır”

    Bir sıra marketlərdə kərə yağının qiymətində ucuzlaşma müşahidə edilir. Bu bütün marketlərdə müşahidə edilməsə də, bəzilərində Yeni Zelandiya istehsalı olan “Golden Grown” yağının qiyməti 17 manat 10 qəpikdən 16 manat 30 qəpiyə, “Westgold” kərə yağının qiyməti isə 70 qəpik ucuzlaşaraq 16 manat 80 qəpiyə düşüb.

    Eyni markalı yağların bütün marketlərə eyni əldən paylandığını nəzərə alsaq, bir marketdə ucuzlaşma olub, digərində isə qiymətin olduğu kimi qalması məntiqsizdir. Buna görə də bir sıra marketlərə baş çəkib yağların ucuzlaşmamasının səbəbini öyrəndik.

    “Rahat” market satıcısı bildirdi ki, yağlar o marketdə ucuzlaşıb ki, ora artıq yeni yağlar gətirilib: «Yəni yeni gömrük qiymətləri ilə. Ona görə də qiymətləri aşağı salıblar. Biz də köhnə qiymətlə alıb gətirdiyimiz yağı satıb qurtardıqdan sonra yeni gətirilən yağları ucuz satacağıq".

    Alıcılar isə kərə yağının qiymətinin bayram öncəsi ucuzlaşdığı üçün çox sevindiklərini deyirdilər. Elmir Əliyev deyir ki, yeni ildən digər yağların da qiymətinin ucuzlaşacağına inanır: “Düzdür, 70-80 qəpik ucuzlaşma elə böyük məbləğ deyil. Amma bəzi ailələr var ki, bayram öncəsi hətta 20 qəpik ucuzlaşma belə onları sevindirə bilər. Hələ ki digər ərzaq məhsullarında ucuzlaşma yoxdur. Amma istərdim ki, digər məhsullar da ucuzlaşsın ki, hər kəs Yeni ili ürəyincə qeyd edə bilsin”.

    Qeyd edək ki, bir müddət öncə ekspertlər də gömrük rüsumunun 3 dəfə azalması ilə əlaqədar kərə yağlarının 50 qəpik 1 manat arasında ucuzlaşacağını demişdilər. Yəni bu gözlənilən idi.

    İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu ucuzlaşmanı artıq prosesin başlanması kimi də qiymətləndirmək olar: “Topdansatış ticarəti ilə məşğul olan iri şirkətlər çox zaman məmurlara bağlı olan şirkətlər olur. Onların da iqtisadi qayda-qanunlarla yox, hər hansısa bir formada, bir göstərişlə qiymətlərin formalaşmasına təsiretmə gücləri var. Bu iki marka ilə bağlı 70-80 qəpik qiymətin düşməsi sanki artıq prosesin başlanması kimi də qələmə verilə bilər. Çünki artıq dekabr ayının 6-dan qanun qüvvəyə minib. Ölkəyə gətirilən yağların gömrük rüsumları 15 faizdən 5 faizə düşüb. Ona görə də müəyyən təsirləri olacaq. Bu bir müddət sonra da özünü göstərəcək. Amma problem ondadır ki, Azərbaycana yağların gətirildiyi əsas istiqamətlərdən biri də Avropa ölkələridir. Avropa ölkələrindən gətirilən yağların hamısı da avro ilə alınır. Avro ilə manatın məzənnəsində həmişə oynamalar var. 2017-ci il ərzində dollar sabit qalsa belə, avro manat qarşısında 15 faiz bahalaşıb. Yəni Avrozonadan, əsasən Fransa və Almaniyadan gətirilən yağların qiymətində gömrük rüsumları ucuzlaşsa belə, qiymət dəyişikliklərini gözləmək əbəsdir. Ümumilikdə bu sahəyə təsir edən qiymətlərə baxdıqda insanların arzuladığı qədər qiymətlərin ucuzlaşacağını gözləmək əbəsdir. Mən dəfələrlə müsahibələrimdə də demişəm, hesablamalar da onu göstərir ki, 50 qəpik 1 manat arasında qiymətə təsir göstərəcək. Bayramdan sonra ola bilər ki, başqa yağ növlərində də təqribən 50 qəpik 1 manat arası qiymət dəyişikliyi olsun. Bu gözləniləndi. Amma əhalidə nədənsə elə bir təəssürat yaranıb ki, gömrük rüsumlarının 3 dəfə aşağı düşməsi qiymətlərdə ciddi dəyişikliklərə səbəb olacaq. Amma əslində elə bir ciddi fərq olması ehtimalı çox aşağıdır”.

    Digər ərzaq məhsullarının da qiymətlərinin ucuzlaşacağına gəlincə isə ekspert bunları dedi: “Hələ ki mövsüm qiymətlərə təsir edəcək. Çünki yerli məhsullar demək olar ki, bazardan çıxıb. Yeni məhsullar çıxana qədər, yəni aprel-may aylarına qədər qiymətlərdə ciddi dəyişiklik, ucuzlaşma olması ehtimalı çox aşağıdır. Hər hansı bir ölkədən Azərbaycana gətirilən məhsulların gömrük rüsumunda və ya vergi dərəcələrində hansısa bir dəyişiklik olsa, yəni hökumət tərəfindən belə bir addım atılsa, ancaq o istiqamətdə qiymətlərin dəyişməsinin şahidi ola bilərik”.

    Rubrika.Az


    Facebook-da paylaş