• ƏMƏKDAŞIMIZ PREZİDENTİN TƏNQİD, ƏRƏBLƏRİNSƏ “İŞĞAL” ETDİYİ MƏKANDAN YAZIR - FOTOLAR+VİDEO

    ƏMƏKDAŞIMIZ PREZİDENTİN TƏNQİD, ƏRƏBLƏRİNSƏ “İŞĞAL” ETDİYİ MƏKANDAN YAZIR - FOTOLAR+VİDEO

    Yanardağda şərait niyə dözülməzdir...

    Prezident İlham Əliyev bir neçə gün öncə Yanardağ qoruğundakı vəziyyətlə tanış olub və buradakı şəraitin dözülməz olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

    Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

    “Yeni Müsavat”ın əməkdaşı mövzunun aktual olduğunu nəzərə alaraq, Yanardağda olub. Reportyorlarımız zaman-zaman bu məkandan reportajlar hazırlayıblar, bol-bol foto və videolar çəkiblər. Amma bu dəfə durum fərqlidir: çünki ortada biz jurnalistlərlə yanaşı, dövlət başçısının da tənqid etdiyi məqamlar var. Doğrudur, xəbərlərdən heç birində İ.Əliyevin bu məkandakı durumu niyə dözülməz adlandırması, nələrdən narazı qalması öz əksini tapmayıb. Bizsə yolu əlimizə alıb, Yanardağa gedən yoldan başlayaraq, onun daxilindəki vəziyyətə qədər hər şeyi təhlil etdik.

    Biz şəxsi maşınla getdiyimiz üçün ictimai nəqliyyat problemi yaşamadıq. Amma xüsusən soyuq qış aylarında bura gedib, isti odun yanında qızınmaq istəyənlər bir neçə vasitə ilə bura yetişə bilərlər. Yanardağın düz qarşısına gələn 217 saylı avtobus var. Bu avtobus metronun “Koroglu” stansiyası - Məhəmmədi kəndi - Yanardağ istiqamətində hərəkət edir. Bundan başqa, Mehdiabad qəsəbəsindən də bəzi avtobuslar o istiqamətdə hərəkət edirlər.

    Amma şəhərdən, Binəqədi qəsəbəsi ilə Mehdiabada tərəf hərəkət edəndə yolda hər hansı aydınladıcı lövhə ilə qarşılaşa bilməzsən. Sadəcə, Mehdiabaddan Yanardağa, sağ tərəfə dönəndə orada bir lövhə sizə yolu işarə edir. Ondan sonra get ki, gedəsən. İntuisiyasına güvənənlər Yanardağı asanlıqla tapa bilir. Güvənməyənlər isə bizim kimi yolda xeyirxah insanların yardımından istifadə edir. Əgər Mehdiabaddan, lövhənin olduğu yerdən sağa dönərsəniz, “Yanardağ hansı tərəfdədir” deyə soruşduğunuz hər kəs sizə çox bəsit bir cavabla qarşılıq verəcək: “Düüüpbədüz gedin...”

    Bəli, düpbədüz gedib, Yanardağın düz qarşısına çatırıq. Həftənin şənbə günü, saat 16-17 radələridir. Bizimlə birlikdə qoruğun ərazisinə onlarla turist daxil olur. Böyük əksəriyyəti ərəblər, qalanı isə ruslardır. Kassa qapalıdır deyəsən. Çünki hamımız asanlıqla, bilet almadan, hər hansı yoxlamadan keçmədən içəri daxil oluruq. Amma bura girişin biletlə olduğunu bilirəm. Daha öncəki səfərlərimdən və hazırda kassa “budka”sının üstündəki elanlardan.

    Biletlər yerli və xarici vətəndaşlar üçün 2 AZN, tələbələr üçün 1 AZN, məktəblilər üçün 20 qəpikdir.

    Ekskursiya xidməti (1 qrup üçün 25 nəfərədək 5 AZN), tələbələr üçün 3 AZN, məktəblilər üçün 1 AZN.

    Sənədli, elmi-populyar filmlərin çəkilişi - 150 manat;

    Bədii filmlərin çəkilişi - 300 manat;

    Verilişlərin çəkilişi - 200 manat ;

    Kliplərin çəkilişi - 200 manat ;

    Vertolyotdan çəkiliş -200 manat;

    Tədbirlərin keçirilməsi - 300 manat;

    Abidələrin reklam məqsədli çəkilişi - 200 manat;

    Fotoreklam üçün çəkilişlər - 100 manat;


    Amma bir maraqlı məqamı vurğulamadan keçmək mümkün deyil. Elanlar ingilis dilindədir. Azərbaycan dilində versiyası yoxdur. Daha öncə öz dilimizdə versiyası olduğunu bilirəm, çünki gözümlə görmüş və fotosunu çəkmişdim. Budəfəki fotolara diqqət edin, yazdıqlarıma əmin olacaqsız.

    Günlərdən şənbə, saat 16-17 arası olsa da, nə nəzarətçi görürük, nə də bələdçi. Halbuki turistlərin ən çox ziyarət edə biləcəyi gün və mövsümdür. Ən önəmli qüsur bu olsa gərək. Düşünün ki, onlarla turist gəlir, Yanardağın fonunda şəkil çəkdirir, selfi edir və çıxıb gedir. Bir izahat verən yox.

    İzahat isə budur ki... Bu unikal dağ düz 14 əsrdir ki, yanır. 7-ci əsrdə şimşək nəticəsində yanmağa başlayıb. İndi isə nə qar, nə yağış, nə də çovğun onu söndürə bilir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. Yanğının üzərinə yağış yağan zaman isə o, daha da güclənir. Adi günlərdə alovun hündürlüyü 10-15 metrə çatır. Amma yanğın ildən-ilə azalır. Dağ hər il bir neçə santimetr geri gedir. Bu da o deməkdir ki, dağın ərazisi yanaraq balacalaşır.

    Yağış yağanda alovun daimi çıxdığı yerlərdən əlavə, digər yerlərdən də alov çıxır. Qış fəslində kükürd daha çox üzə çıxaraq, alovu şiddətləndirir.

    Dağın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr yüksəkdədir.

    Bələdçi yoxdur, amma məlumatlar var...

    Yanardağ Abşeron rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında, xəritə ilə desək, Məhəmmədi-Digah şosse yolunun sol istiqamətində yerləşir.

    Rubrika.az musavat.com-a istinadla bildirir ki, Yanardağa giriş gecə saat 12-yə qədər mümkündür. Amma bələdçi xidməti saat 18.00-da yekunlaşır. Amma ərazinin mühafizəçiləri daim orda olur. Çünki bütün hallarda odun-alovun olduğu məkanda fövqəladə halların, neqativ gəlişmələrin baş verməsi qaçılmazdır.

    Bununla belə, ətrafda yanğınsöndürən balon, təhlükəsizlik alətləri gözə dəymir. Allah göstərməsin, baş verəcək hansısa bir kiçik yanğında kim, necə, hansı sürətlə müdaxilə edəcək, bu, sual yaradırdı.

    Əraziyə gəlincə, Yanardağ qoruğuna 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ daxildir.

    Bu ərazi düz 2007-ci ildən, daha konkret desək, həmin ilin 2 may tarixindən etibarən dövlət tarix-mədəniyyət və təbiət qoruğu sayılır. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələrdəki alov sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib.

    ƏMƏKDAŞIMIZ PREZİDENTİN TƏNQİD, ƏRƏBLƏRİNSƏ “İŞĞAL” ETDİYİ MƏKANDAN YAZIR - FOTOLAR+VİDEO

    Qoruğun rəsmi saytında da qeyd edilib ki, orada yerləşən Qırməki vadisi yerli xalqın ləhcəsində “qır məkanı” anlamına gəlir və təxminən 10 hektar sahəni əhatə edir. Burada ta qədim zamanlardan neft laylarının yer səthinə yaxın olması səbəbi ilə öz-özünə üzə çıxan neft - qum və palçıqla qarışaraq soyuduqdan sonra qırabənzər kütlə əmələ gətirib. Yerli əhali bu təbii məhsuldan evlərinin damlarını yağışdan qorumaq üçün bacarıqla istifadə edib. Sonralar əllə qazılan ilk neft quyuları da məhz bu ərazidədir. Dərinliyi 35-40 metrə çatan bu quyuların bir neçəsi bu günümüzə qədər mühafizə olunmaqdadır. Ərazi neft kəşfiyyatı və bununla bağlı gedən geoloji proseslərlə məşğul olan insanlar üçün indi də böyük maraq kəsb etməkdədir.

    ƏMƏKDAŞIMIZ PREZİDENTİN TƏNQİD, ƏRƏBLƏRİNSƏ “İŞĞAL” ETDİYİ MƏKANDAN YAZIR - FOTOLAR+VİDEO

    Məkan qaranlıq, çay yox, su yox...

    Keçək Yanardağda bizi narazı salan digər məqamlara. Təhlükəsizlik, bələdçisizlik... problemi ilə yanaşı, şəraitsizliyi də bura əlavə edək. Tamam, adı üstündə- tarixi məkan. Amma şəraitsizlik o səviyyədədir ki, bura gələn heç bir turistin rahatlığı nəzərə alınmayıb. Oturmağa normal bir yer yoxdur, cəmi bir skamya xaricində. İnsanlar bu səbəbdən də pilləkənlərin üstündə özlərinə yer etməyə çalışırlar. İşıqlandırma sistemi sıfır vəziyyətdə. Halbuki xüsusən də gün batandan sonra oranı görmək istəyənlərin qaranlıq bir ərazidə gəzməsi təhlükəli sayıla bilər.

    Və ən önəmli məqam. Yuxarıda da qeyd etdiyimiz kimi, Yanardağın gözəlliyi daha çox qış fəslində özünü göstərir. Soyuqdan tir-tir əsəndə gəlib, dağın alovunda qızınırsan və ürəyindən bir isti çay, kofe... içmək keçmirmi? Xatırladıram ki, daha öncə bu məkanda çay dəsgahı verilirmiş. Amma nə az, nə çox 10 manata. Dediyim kimi, dəsgah formasında. Bir stəkan çay içmək söhbəti yox idi. Sonra bu, tənqidlərə səbəb oldu və çay tamamən qadağan olundu. İndi kim istəyirsə, özü ilə termosunda çay, kofe gətirir və içir.

    ƏMƏKDAŞIMIZ PREZİDENTİN TƏNQİD, ƏRƏBLƏRİNSƏ “İŞĞAL” ETDİYİ MƏKANDAN YAZIR - FOTOLAR+VİDEO

    Ərəb turistlər ancaq şəkil çəkdilər - anlamadan, dinləmədən...

    Amma yenə də turistlər məsələsinə qayıtmaq istərdim. Yuxarıda da qeyd etdiyim kimi, mən Yanardağda olduğum zaman bir avtobus dolusu turist məkana gəldi. Amma onları nə qarşılayan, nə də Yanardağ barədə məlumat verən oldu. Halbuki hər 25 nəfərə bir bələdçi xidmət göstərsə və buna görə 5 manat qazansaydı, bundan qoruq da qazanardı, turistlər də. Bu səbəbdən də turistlər cəmi 10 dəqiqə həmin ərazidə olub, selfilər, foto və videolar çəkdirdilər. Necə deyərlər, anlamadan-dinləmədən...

    Qoruğun ərazisində isə suvenir əşyaları satan kiçik bir mağaza vardı. Turistlər ordan nə aldılar, mağazaya nə qədər qazanc verdilər, bilmirəm. Hərçənd ki, ərəb turistlərin son zamanlar çox xəsisləşməsi ilə bağlı satıcıların yaydığı informasiyalar var: onlar baxırlar, amma almırlar...

    ƏMƏKDAŞIMIZ PREZİDENTİN TƏNQİD, ƏRƏBLƏRİNSƏ “İŞĞAL” ETDİYİ MƏKANDAN YAZIR - FOTOLAR+VİDEO

    Yanardağ qoruğunun ümumi mənzərəsinə baxanda isə... Fotolardan da aydın görəcəksiz ki, köhnəlmiş pəncərələr, təmirsiz qapılar daha çox diqqəti çəkir. Etiraz etmirik, bura qoruqdur və əl dəyilməməli, təbiiliyi qorunub saxlanmalıdır. Amma bu tarixi abidələr üçün keçərlidir, işçilərə görə nəzərdə tutulmuş kiçik bina üçün yox. Onun təmiri, ən azı normal duruma gətirilməsi o qədər də böyük məsrəf və zaman tələb etmir.

    Və beləcə bir həftə sonunun yarım saatı Yanardağ ərazisində keçir. Yuxarıda da bir-bir sadaladığımız kimi, qüsurlar çox, aradan qaldıransa yox. Unutmayaq ki, bu məkan təkcə pafoslu şairlərin həyatından çəkilən sənədli filmlər, AzTV verilişləri, ya da manıs klipləri üçün məkan deyil. Bura canlı tarixdir və tarixi qorumaq da bizim əlimizdədir.





    RUBRİKA.AZ


    Facebook-da paylaş