Rubrika.az saytı “Kimi Təhsil naziri görmək istərsiniz?” sualı ilə paytaxtda sorğu keçirdi

Prioritetləri və hədəfləri bilən, ali idarəetmə qabiliyyətli mütəxəssis kimi C.Bayramov respondentlər tərəfindən yüksək qiymətləndirildi
Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur.
Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir. Bu gün məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir.
Bütün bu ali məqsədlərin həyata keçirilməsində peşəkar , öz işinə məsuliyyətlə yanaşan, xalqa xidməti özünün həyat amalı hesab edən kadrların xidmətləri danılmazdır. Bu bir həqiqətdir ki, güclü dövlətin güclü kadrları olmalıdır və elə kadrlar ki, həm yorulmadan işləməyi, həm də səriştəli rəhbərlik etməyi bacarsınlar. Hər bir hakimiyyətin başlıca nailiyyətlərindən biri də geniş və qlobal miqyasda düşünməyi və lokal şəkildə fəaliyyət göstərməyi bacaran kadrlardır. Onlar sürətlə dəyişən gerçəkliklərlə ayaqlaşmalı, keçmişin təcrübəsini unutmamalı, daim irəliyə baxmalı, baş verəcək hadisələri proqnozlaşdırmalıdırlar.
Ümumiyyətlə, hər bir ölkənin uğurlu inkişafı onu idarə edən rəhbər kadrların uzaqgörənliyindən, strateji düşünmə qabiliyyətindən, bütövlükdə dövlət qulluğunda çalışanların ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirməsindən, öz işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından, müasir dünyanın tələblərini bilməsindən, öz bilik və bacarığını daim təkmilləşdirməsindən çox asılıdır. Bu baxımdan dövlət qulluqçularına verilən tələblər çox yüksəkdir.
Son illər təhsil sistemində aparılan inqilabi islahatların həyata keçirilməsində yuxarıda qeyd etdiyimiz keyfiyyətləri özündə birləşdirən yeni düşüncəli, islahatçı kadrların böyük rolu olub. Təhsil nazirinin müavini Ceyhun Bayramovun bu sahədə fəaliyyəti Azərbaycan təhsil tarixində silinməz izlər kimi qalacaqdır.İstər nazirliyin aparat rəhbəri, istərsə də nazir müavini olduğu dövrdə bütün qüvvəsiylə qarşıya qoyulan məqsədlərin reallaşdırılması istiqamətində çalışan Ceyhun müəllim öz fəaliyyəti ilə bir nümunə oldu. Təhsilin millətin, dövlətin inkişafındakı müstəsna rolunu yüksək qiymətləndirən C. Bayramovun iş prinsipində məsuliyyət, şəffaflıq, tələbkarlıq əsas cizgilərdir. Bu isə böyük uğura aparan yolda əsas şərtlərdir.
C. Bayramov bu gün Təhsil naziri səlahiyyətlərini həyata keçirərkən də bu amala, bu ideyaya xidmət edir. Onu çoxminli pedaqoji ictimaiyyətə sevdirən də elə bu xüsusiyyətlərdir. Sirr deyil ki, ölkənin pedaqoqları onu özlərinin yaxın dostu, silahdaşı hesab edir, ona inanır və güvənirlər.
Rubrika.az saytı olaraq paytaxtın müxtəlif təhsil ocaqlarında müəllim və tələbələr arasında sorğu keçirərək Təhsil naziri olaraq kimi görmək istədiklərini soruşduq. Rəyini soruşduqlarımızın mütləq əksəriyyəti Ceyhun Bayramovu bu posta ən layiqli namizəd olduğunu bildirdilər.
Respondentlər son illər ərzində təhsil sahəsində xüsusilə prioritetlərin müəyyənləşməsi istiqamətində ciddi işlər görüldüyünü. müəllimlərin işə qəbul prosesinin elektronlaşdırıldığını və şəffaflaşdırıldığını böyük uğur kimi qiymətləndiriblər. Xüsusilə orta məktəblərdə direktor və direktor müavinlərinin təyinatı ilə bağlı görülən işləri, mütəxəssislərin hazırlanması prosesini dəstəkləyən paytaxt sakinləri bu proseslərin davamlı olmasını istəyirlər.
Prioritetləri və hədəfləri bilən, idarəetmə bacarığını mənimsəmiş mütəxəssis olmadan bu sahədə islahatlar aparılması mümkün olmadığını söyləyən respondentlər C. Bayramovun proseslərin mərkəzində duran fiqur kimi rolunu yüksək dəyərləndirirlər.
Gənclərə böyük etimad göstərilməsi, müəllimlərin statusunun və nüfuzunun cəmiyyətdə qaldırılması üzrə işlərin görülməsi, yeni tikilən məktəblərə, yeni ab-hava, yeni düşüncə gətirilməsi, təhsilin səviyyəsinin artırılması C. Bayramov üçün hər zaman prioritet fəaliyyət istiqamətləri olub. Müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış şəffaf mühit bütövlükdə təhsilə olan münasibəti dəyişib. Universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, “Sabah” qrupları, ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə dəyişməsi qışa müddətdə əldə olunmuş böyük uğurlardır. Bu uğurların davamlı olması üçün başlanan prosesləri sona çatdırmağa qadir olan, islahat paketini dərindən bilən kadr kimi C. Bayramov respondentlər tərəfindən yüksək qiymətləndirilib.
Rəyi soruşulanlar ölkədə 5 yaşlıların məktəbəhazırlıq qruplarına cəlbi sahəsində də əhəmiyyətli addımlar atıldığı, orta məktəblərdə dövlət hesabına məktəbəhazırlıq qruplarının yaradılmasını müsbət addım kimi qiymətləndirir, görülən işlərdə C. Bayramovun müstəsna rol oynadığını xüsusi qeyd ediblər. Bütün bunlar deməyə əsas verir ki, görülən işlər, çəkilən əmək ölkənin pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirir. Bu proseslərdə Ceyhun Bayramovun rolu isə xüsusi qeyd edilir. Xalqın etimadı, sevgisi isə ən böyük dəyər, ən yüksək qiymətdir.
P.S. Geniş ictimaiyyətin son zamanlar bu məsələyə böyük marağını nəzərə alaraq belə bir sorğu keçirdik və respondentlərin fikirlərini işıqlandırdıq. Təbii ki, bu məsələdə həmişəki kimi son və ən doğru qərarı cənab prezident verəcək. Bu isə ən düzgün qərar olacaq!
Rubrika.Az saytının Baş redaktoru
Nicat Mahmudov
Facebook-da paylaş















