Reklam bazarı bağlanır: Telekanallar pulu necə qazanacaq?
![]()
Xəbər verıldiyi kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli televiziya kanallarında gedən sosial yönümlü verlişləri tənqid edib.
O, APA-ya verdiyi müsahibəsində sosial problemli insanların üzərində şou yaratmaq hallarının olduğundan narahatlığın bildirib: "Bu, bizi çox narahat edir. Hesab edirəm ki, qarşımızdakı illərdə bu sahədə müəyyən dəyişikliklər ediləcək. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır".
"Cümhuriyət” qəzetinə açıqlama verən professor Zeynal Məmmədli MTRŞ-nin bəyanatının səbəbə deyil, nəticəyə hesablandığını düşünür: "Sosial yönümlü verilişlər sosial sahələrlə bağlı cəmiyyəti bilgiləndirən verilişlərdir. Əyləndirən, şou yaradan verilişlər isə əyləncə verilişləri hesab olunur. Bu verilişlər qarışıq xarakterlidir. Bilmək olmur onların məqsədi, cəmiyyəti ağlatmaqdır, yoxsa güldürmək? Bunları duyğuların işğalı adlandırmaq olar".
Zeynal Məmmədlinin fikrincə, bu problemi həll etmək MTRŞ-nin üzərinə düşmür: "Əgər, televiziyalar öz işlərini bu cür qurublarsa, buna qarışmaq müdaxilə hesab oluna bilər. Dövlət büdcəsindən maliyyələşən kanallar var. Zəhmət çəkib, cəmiyyəti bilgiləndirən, ictimai rəyi formalaşdıran, reklam cəlb edən verilişlər, layihələr hazırlasınlar. Bu zaman özəl kanallar da görəcək ki, gəlir hansı yönümlü verlışlərə axır və onlar da öz işlərini bu istiqamətdə quracaqlar. MTRŞ tenderlər elan edə, televiziyaları sanballı verlişlər hazırlamağa cəlb edə bilər".
Zeynal Məmmədli diqqətin televiziyalara ayrılan vəsaitlərin lazımsız formada xərclənməsinə yönəlməsini vacib hesab edir: "Bu vəsaiti debat proqramlarına, sosialyönümlü verilişlərə ayırmaqdansa, mənasız seriallara, ucuz əyləncəyə, dedi-qoduya yönəltdilər. Cəmiyyətə bunların hesabatı verilməlidir"
Zeynal Məmmədli hesab edir ki, səbəb araşdırılıb, bu durumu yaradan vəziyyət aradan qaldırılmalıdır, nəinki, nəticəyə hesablanmış bəyanat vermək.
Jurnalistlərin Həmkarkar İttifaqının sədri Müşfiq Ələsgərli son zamanlar televiziya verlişlərinin keyfiyyətinin böyük ictimaiyyəti narazı saldığını düşünür: "Ən yüksək dövlət məmurlarından tutmuş sıravi vətəndaşlara qədər. Əslində bildirilən iradlar da haqlıdır. Bayağı verlişlərin hazırlanması gənclərin milli-mənəvi şüurlarının pozulmasına təsir edir".
M.Ələsgərli hesab edir ki, müharibə vəziyyətində yaşayan Azərbaycan üçün, bu cür münaqişələrə cəlb olunmuş ölkələrin təcrübəsi, onlarda xalqın davranışının necə olması ilə bağlı debatlar, milli-mənəvi şüura xidmət edən verlişlər hazırlanmalıdır. Qloballaşma siyasətinin aparıldığı, bunun fonunda mədəniyyətlərin əriməsi proseslərinin getdiyi bir zamanda mənəvi dəyərlərin qorunması istiqamətinə yönələn təbliğatın aparılması vacibdir.
Həmsöhbətimizin qənaətinə görə, bu cür verilişləri ortaya qoymaq üçün televiziyalarda kifayət qədər potensialı olan kadrlar var: "Bu potensialdan istifadə etmək lazımdır. Amma paradoks odur ki, bu cür potensiallı insanların çalışdıqları televiziyalarda bayağı verilişlər hazırlayırlar. Bu baxımdan münasibət nəzərə alınmalıdır".
Rubrika.az
Facebook-da paylaş










