Yağış Bakıda bir qəsəbəni bərbad duruma saldı: “Qəsəbəmiz ucqar dağ kəndini xatırladır” - VİDEOREPORTAJ, FOTOLAR

Bu gün yağışdan sonra Sabunçu rayonu, Ramana qəsəbəsi, “Gülçülük” sovxozu adlanan ərazi acınacaqlı vəziyyətə düşüb.
Musavat.com-un müxbiri “Gülçülük” sovxozu adlanan ərazidə olub, sakinlərlə həmsöhbət olub.
Müşahidə etdik ki, elə də güclü yağmayan yağış yolları bərbad duruma salıb. Əksər küçələrin kanalizasiya sistemi olmadığından hər tərəf gölməçə içərisindədir. Sakinlər bayıra rezin çəkmələrlə çıxmağa məcbur qalıblar. İllər öncə asfaltlanan yol örtüyü isə yağış sularının təsirindən bərbad vəziyyətə düşüb. Ərazidə su xətləri pərakəndə şəkildə çəkildiyindən qəzalı vəziyyətə düşüb. Bir neçə yerdə iri və xırda su gölməçələri yaranıb. Bəzi yerlərdə kanalizasiya sistemləri dolaraq daşır.
Ərazidə olduğumuz zaman marşrut gözləyən sərnişinlərlə də həmsöhbət olduq. Bir neçə sərnişin yağış sularında islanmamaq üçün özlərinə daldanacaq yer axtarırdılar. Öyrəndik ki, sərnişinlərin standartlara cavab verən bir dayanacağı belə yoxdur.
Sakinlərin əsas poblemlərindən biri marşrut qıtlığı ilə bağlıdır. Asif Camalov adlı sakin marşrutların uzun intervalla işlədiyini də bildirdi: “Gülçlük” sovxozuna azsayda marşrut işləyir. Bu səbəbdən də tez-tez gecikmələr olur. Bu istiqamətdə təkcə 160 nömrəli avtobus işləyir, onu da ki, gözləməkdən cana yığılırıq. Bəzən 1 saat intervalla işləyirlər. Məcbur qalıb, əlavə xərcə düşməli oluruq. “Koroğlu” metrostansiyasına getmək üçün taksilər 1 manata aparırlar. Bu böyüklükdə ərazinin nə normal yolu, nə də marşrutu var. Yalnız “Daş bazarı”adlanan ərazidən başlayaraq sovxozun girişinə qədər olan yol asfaltlanıb. Yağış suları bu yolu da qəzalı vəziyyətə salacaq. Keçələrimiz keçilməz durumdadır. Qəsəbəyə baxanda ucqarda yerləşən dağ kəndi xatırladır. Halbuki şəhərin mərkəzinə zamanla götürsək, 15-20 dəqiqəlik yoluuz var”.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.
Rubrika.az
Facebook-da paylaş












