• “Seçkilər demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcək”

    “Seçkilər demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcək”

    Prezident seçki ilə bağlı açıqlama verdi; ATƏT/DTİHB-in direktoru seçkini şəxsən izləyəcək

    Azərbaycan prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

    Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, söhbət zamanı Azərbaycanda 11 aprel prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

    Baş prokuror Zakir Qaralov da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb. Baş Prokurorluqdan sechki-2018.az saytına verilən xəbərə görə, ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.

    K.Yonker səmimi qəbula görə minnətdarlığını ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığa önəm verəcəyini bildirib.

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru İngibyorq Solrun Gisladottir isə apreldə Azərbaycana səfər etməyi planlaşdırır. Gisladottir aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyi planlaşdırır.

    Xatırladaq ki, İngibyorq Solrun Gisladottir (İslandiya) ATƏT/DTİHB-in direktor vəzifəsinə 2017-ci ilin iyulun 19-da təyin edilib və bu vəzifədə Mixael Qeorq Linki (Almaniya) əvəzləyib.

    Azərbaycan Ağsaqqallar Şurası isə martın 30-da 11 aprel prezident seçkiləri ilə bağlı yığıncaq keçirib. İclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycanda seçkilərin nümunəvi keçirildiyini, demokratiyanın, insan haqlarının qorunduğunu deyib: “Əminəm ki, seçkilər uğurla keçiriləcək. Ölkə inkişaf edirsə, bu, gənclər üçündür. Ölkənin gələcəyi gənclərin gələcəyidir”.

    Azərbaycanın dinlərarası, mədəniyyətlərarası, millətlərarası münasibətlərdə nümunəvi ölkə kimi tanındığını vurğulayan F.Heydərov bildirib ki, Azərbaycan bugünkü inkişaf və tərəqqi səviyyəsinə görə dünya dövlətlərinin hamısından fərqlənir.

    Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov 11 apreldə keçiriləcək seçkilərin demokratik şərtlərə cavab verdiyini söyləyib.

    Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının digər üzvləri də hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıblar.

    Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə dünən məlumat verib ki, gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq və bütün seçki məntəqələrinə Brayl əlifbası ilə hazırlanan bülletenlər veriləcək: “Gözdən əlil seçicilərin yaşadığı ərazilərdə onların sayı qədər seçki bülletenləri seçki məntəqələrinə paylanılacaq. Bununla yanaşı, ehtiyat üçün respublika üzrə bütün seçki məntəqələrinə ən azı 1 və ya 2 Brayl əlifbası ilə hazırlanmış seçki bülleteni veriləcək”.

    M.Rəhimov gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsində heç bir problemin olmayacağını vurğulayaraq söyləyib: “Mərkəzi Seçki Komissiyası bundan öncəki seçkilərdə də gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradıb. Bu istiqamətdə heç bir problem yoxdur. Gözdən əlil seçicilərin səsvermək üçün məntəqəyə gəlməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bilərlər”.

    Prezidentliyə namizədlərin təşviqat kampaniyası isə davam edir.

    BAXCP-nin namizədi Qüdrət Həsənquliyev martın 29-da cənub bölgəsində, Lənkəranda olub. Seçicilərlə görşülər keçirib.

    “Cəbhəçilər” Təşəbbüs Qrupundan prezidentliyə namizəd Razi Nurullayev isə təşviqat kampaniyası çərçivəsində dünən şimal bölgəsində olub.

    R.Nurullayevin seçki qərargahından verilən xəbərə görə, prezidentliyə namizəd kimi o, Qubada rayon ictimaiyyətilə görüşüb. Həmçinin R.Nurullayev Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Orada çıxışında deyib ki, dinindən və dilindən asılı olmayaraq hər kəs terroru ləntləməlidir. Mübarizələr sülh yolu ilə həll olunmalıdır: “Ermənistan rəhbərliyinin bu məzarlığa gəlib etdikləri hərəkətə görə Azərbaycan xalqından və bütün dünya ictimaiyyətindən üzr istəyəcəyinə inanıram”.

    R.Nurullayev Qubada Qırmızı Qəsəbədə tolerantlıq nümunəsi kimi Sinaqoqa da baş çəkib və Qırmızı Qəsəbənin dağ yəhudiləri icmasının sədri Yuri Niftəliyevlə görüşüb.

    R.Nurullayev həmçinin Katolik və Pravoslav kilsələrini də ziyarət edəcəyini deyib.

    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə məcburi köçkün seçicilərlə görüş keçirib.

    Preizdent seçkilərində namizədliyi MSK tərəfindən qeydə alınmayan VİP sədri Əli Əliyev isə “Yeni Müsavat”ın “Namizədlərdən kimi müdafiə edəcəksiniz” sualına cavabında deyib ki, partiya olaraq seçki ərəfəsində bütövlükdə seçki prosesinə münasibətii rəsmi şəkildə ifadə edəcəklər. Bu barədə partiyanın rəsmi mövqeyi gələn həftə açıqlanacaq: “O qərar nədən ibarət olacaq, indidən deyə bilmərəm. Şəxsən özümə gəldikdə, seçkiyə getmək məsələsində qərarlığım yoxdur. Yəqin partiyadaxili müzakirədən sonra mövqeyim qətiləşəcək. Debatların məndə formalaşdırdığı təəssürata gəlincə, təbii ki, ümumilikdə narazıyam. Sərdar Cəlaloğludan başqa hakimiyyəti tənqid edən görmədim. Sanki tərəflər YAP-ın namizədi İlham Əliyevin vəkilləridirlər, oraya da onu tərifləyib təşəkkür etməyə çıxıblar. Hələ belə əcaib kampaniya olmamışdı. Simpatiyam dostumuz Sərdar bəyin tərəfindədir. Düzdür, potensialından tam istifadə edə bilmir. Lakin bütün hallarda müqayisədə o da diqqəti cəlb edir”.

    Rubrika.Az


    Facebook-da paylaş