Məmurlar üçün “Səlim Müslümov təcrübəsi”

Etimadı poetik danışıqla, pafoslu çıxışlarla doğrultmağın həzin sonu
2013-cü ilin prezident seçkilərindən sonra formalaşdırılan hökumət kabinetində yeni adların olması diqqətdən yayınmadı. Nazir postuna yeni təyin olunanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun atdığı ilk addımlar onun islahatçı kadr imicinin formalaşmasına xidmət edirdi. Medianın gündəmini hər gün bənzər xəbərlər bəzəyirdi : “Səlim Müslümov nazirlik əməkdaşını işdən çıxardı” , “ Səlim Müslümov adı korrupsiyada çəkilən məmuru iclas zalından qovdu” və s. Hər gün keçirilən toplantılar, hədə-qorxular, kütləvi işdən azad etmələr Səlim Müslümovun reputasiyasını müəyyən edirdi. TSEK müdirlərini, digər nazirlik əməkdaşlarını iclas zalından qovan, sadə vətəndaşların problemlərinin həlli üçün sanki özünü fəda edənm nazir imici uğurla formalaşdırılırdı. Lakin...
Rubrika.Az-a daxil olan məlumata görə, müəyyən vaxt keçdikdən sonra ƏƏSMN-nin adı ətrafında yaradılan mif dağılmağa başladı. Nazirlikdə və onun yerli şöbələrində baş verən müxtəlif korrupsiya faktları, qanunsuzluqlar gündən-günə çoxalmağa başladı. Artıq pafoslu çıxışlar da baş verənləri gizlətməyə yetmirdi.
Səlim Müslümov ünvanlı sosial yardım sistemindən korrupsiyanın və rüşvətin yığışdırılması ilə məşğul olduğunu deyirdi, amma insanlar fərqli reallıqların şahidi olurdular. Əgər əvvəlki nazirin dövründə aztəminatlı ailələrin 1 il müddətinə təyin olunan yardımın 4-5 ayı mənimsənilirdisə, Səlim Müslümov nazir təyin olunandan sonra 2 illiyə təyin olunan yardımın 8-9 ayı mənimsənilməyə başlanıldı. Səlim Müslümov isə bütün eybəcərliklərin fonunda ona çalışırdı ki, pafosla danışıb insanlarda özü ilə bağlı savadlı, sahəsini yaxşı bilən, şəffaf işləyən, korrupsiyaya bulaşmayan, rüşvəti aradan qaldırmaq istəyən nazir obrazı yaratsın. Əslindəbaş verənlərin fonunda bu ona ilk növbədə ona görə lazım idi ki, toxunulmazlıq statusu əldə etsin və bundan sonra qurduğu korrupsiya şəbəkəsinin fəaliyyətini daha rahat şəkildə davam etdirə bilsin.
Səlim Müslümov nazir olan kimi ünvanlı sosial yardımla bağlı elektronlaşmanı ortaya atdı və 3 il dayanmadan onu pafosla cəmiyyətə təqdim etdi. İnsanlarda böyük illüziyalar yarandı. Amma nəticədə nə baş verdi? Məlum oldu ki, kasıb insanlar nahaq yerə Səlim Müslümovun dediklərinə inanıb ümidləniblər. Yeni qaydalar və elektronlaşma heç bir halda nəinki kasıbların xeyrinə olmadı, əksinə birmənalı olaraq onların əleyhinə oldu.
Ötən dövr ərzində ölkədə ünvanı sosial yardım mexanizminin kasıb insanların sosial müdafiəsində rolu kifayət qədər yüksək olub. Bununla yanaşı bu sahədə bir sıra neqativ hallara da yol verildi ki, bu da haqlı olaraq cəmiyyətdə narazılıqla qarşılandı. Ən böyük nöqsan rüşvət və korrupsiya ilə bağlı oldu. Aztəminatlı ailələrə təyin olunan yardımların bir neçə ayı məmurlar tərəfindən mənimsənildi. Bu sahədə rüşvətin aradan qaldırılması üçün bir sıra inzibati tədbirlər həyata keçirildi. Cəza tədbirləri tətbiq olundu, həbs olunanlar belə oldu. Amma nazirlikdə mövcud olan korrupsiya şəbəkəsi fəaliyyətini davam etdirdiyindən bu sistemdən rüşvət aradan qaxmadı. Yəni Səlim Müslümovun bu sahədəki “islahatları” pafosdan o tərəfə keçmədi.
Səlim Müslümov ona göstərilən böyük etimadı “pafos səviyyəsi”nə endirdi, ölkənin olduqca həssas bir sahəsində korrupsiya toru qurdu, insanlarda təmsil olunduğu hakimiyyətə qarşı mənfi imic formalaşdırmağa başladı. Hakimiyyət qarşıdakı gözlənilən iqtisadi çətinliklər dövründə kasıb insanların sürpriz addımları ilə rastlaşmaq istəmədiyi üçün sosial müdafiə sahəsini Səlim Müslümovun və onun komandasının buxovundan azad etmək üçün hərəkətə keçdi.
Rubrika.Az xəbər verir ki, 11 aprel prezident seçkilərindən dərhal sonra formalaşdırılan yeni kabinetin tərkibində adı nəzərə çarpmayan ilk nazir də elə Səlim Müslümov oldu. Təbii ki, yuxarıda sadaladığımız faktlar istənilən nazirin postunu itirməsi üçün yetərli idi. Lakin, məlum oldu ki, S. Müslümovun adı ətrafinda deyilən korrupsiyanın miqdarı da elə etdiyi pafoslu çıxışlar qədər cazibədar imiş. Verilən məlumatlara görəı uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. Rubrika.Az-a daxil olan məlumatda bildirilir ki, iddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb.
Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. Səlim Müslümov təcrübəsi bir daha göstərdi ki, etimadı doğrultmaq üçün pafoslu çıxışlar kifayət etmir, sadəcə əməli işlər görmək vacibdir.
Odur ki, yeni nazir və komandası ictimaiyyət qarşısında sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərə uyğun çıxışlar etsinlər, insanları boş və yalan vədlərlə ümidləndirib, onlarda xəyal qırıqlığı və narazılıq yaratmasınlar. Kasıb insan bilsə ki, ümumi iqtisadi problemlər fonunda onun da sosial müdafiəsində müvəqqəti çətinliklər yaranıb, o bunu anlayışla qəbul edəcəkdir. Amma, onu bayağı çıxışlar ilə aldatmaq lazım deyil. Öz pafoslu çıxışları ilə cəmiyyətdə antipatiya qazanan Səlim Müslümov təcrübəsi istənilən məmur üçün görk ola bilər. Cənab prezident bir daha sübut etdi ki, göstərdiyi etimadı doğrultmayan istənilən məmur cəzalandırılacaq. Etimadı isə poetik danışıqla, pafoslu çıxışlarla doğrultmurlar.
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş















