“Bəzi məmurlar jurnalistlərə qarşı davranışlarda etik həddi aşırlar” - AÇIQLAMA
![]()
Xəbər verdiyimiz kimi, bir müddət öncə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyev onunla əlaqə yaratmaq istəyən “Bizim Yol” saytının əməkdaşı, jurnalist Əli Cahangiroğlunu təhqir etmişdi
Baş verən hadisə vətəndaş-jurnalist münasibəti məsələsini gündəmə gətirib.
Bununla bağlı Metbuat.az saytına açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, Mətbuat Şurası isə hər zaman bu məsələlərə aktiv reaksiya verir:
“Söhbət peşəkar jurnalistlərdən gedirsə, onların sorğusuna cavab vermək lazımdır. Peşəkar jurnalistin təhqir edilməsi yolverilməzdir. Bunu öncə qanun qoruyur. Qanuna görə, peşə fəaliyyətlə məşğul olarkən insanın təhqir olunması yolverilməzdir. İkinci tərəf, bununla məşğul olan çoxlu sayda jurnalist təşkilatları var. Bunların 25-20-si kifayət qədər aktiv təşkilatdır. Təbii ki, jurnalistlərlə bağlı problem yaranan zaman bu təşkilatlar münasibət bildirməli, belə halları pisləməli və jurnalistlərin müdafiəsi ilə məşğul olmalıdırlar. Təbii ki, jurnalist haqlı olan məqamda. Bu, təkcə Mətbuat Şurasının üzərinə düşən öhdəlik deyil. Qeyd etdiyim kimi, ölkədə bu işlə məşğul 50-yə yaxın jurnalist təşkilatı var. Mətbuat Şurası isə hər zaman bu məsələlərə aktiv reaksiya verir. İstənilən məsələ ilə bağlı neqativ hal varsa, ona ilk növbədə Mətbuat Şurası adından bəyanat verilir və pislənilir. Növbəti mərhələdə isə neqativ halın yaratdığı problemin aradan qaldırılması üçün addımlar atılır”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə qeyd edib ki, jurnalistlərə qarşı kobud ifadələr işlədən bir qayda olaraq yüksək rütbəli məmurlar olur:
“Mətbuat Şurası ölkədə media müstəvisində etik qayda-qanunların bərqərar olması üçün çalışır. Bu, həm jurnalistlərin davranışlarına diqqət, onların media etikasından kənara çıxmaması, həm də jurnalist olmayan kəsimin jurnalistlərlə davranışında etik çərçivələri aşmamasıdır. Bunun üçün maarifləndirmə, eyni zamanda, vətəndaş və jurnalistlər arasında ümumi təbliğat işləri aparılır. Əlimiz çatdıqca, səsimiz yetdikcə Kütləvi İnformasiya Vasitələrinin imkanlarından istifadə edirik ki, vətəndaş-jurnalist müstəviləri etik müstəvidə cərəyan etsin. Amma təəssüf olsun ki, hərdən bəzi məmurlar jurnalistlərə qarşı davranışlarda etik həddi aşırlar:
Düzdür, biz iddia edə bilmərik ki, dəfələrlə baş verən bu cür davranışların səbəbkarı məhz onların özləridir. Bəzən insanların gözlərini “deşməyə” hazır olan, vəzifələrindən sui istifadə edən həmkarlarımız da olur. Təbiidir ki, qarşı tərəfin əsəbləri davam gətirmir. Gətirmədiyinə görə də, etik hədləri aşırlar. Ümumilikdə, jurnalistlərə qarşı kobud ifadələr işlədən bir qayda olaraq yüksək rütbəli məmurlar olur. Yaxud da, ayrı-ayrı icra hakimiyyəti və qurumların müxtəlif vəzifəli şəxsləri. Həmin şəxslər media ilə davranışlarında təmkinli olmağa borcludurlar. Onların vəzifələri Kütləvi İnformasiya Vasitələrinin işçiləri ilə münasibətdə diqqətli olmalarını tələb edir. Bunlara qarşı maarifləndirmə işləri davam edir. Ümumilikdə, bəzən elə hadisələr baş verir ki, jurnalistlər məhkəmələrə müraciət etməli olurlar. Bu məsələlərdə də Mətbuat Şurası jurnalistlərin arxasında durur, onların hüquqlarını müdafiə edir. Hazırda bu cür hallar elə də geniş yayılmayıb”.
Rubrika.az
Facebook-da paylaş







