• Əfqanıstan uğurunda böyük rəqabət

    Əfqanıstan uğurunda böyük rəqabət

    Amerika Əfqanıstanı Rusiya və İrana tərk etmək istəmir, heç kimin qalib gələ bilmədiyi ölkə uğrunda mübarizə yenidən qızışır

    Xəbər verdiyimiz kimi, iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib. Toplantıda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzay, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edib. Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

    Qeyd edək ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçiləri daxildir. Əfqanıstan və Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədridir. Bakı toplantısı Əfqanıstan hökuməti və Taliban arasında atəşkəs razılaşmasından sonra keçirilib. Amerikalı rəsmi APA-ya müsahibəsində bildirib ki, Vaşinqton atəşkəs və sülh danışıqları prosesini dəstəkləyir. Sitat: “Biz Bakı görüşündə də sülhə və prezident Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik”.

    Uels bildirib ki, Əfqanıstandakı mülki əhali və “Taliban” tərəfindən bu kimi təşəbbüsə dəstək verilib və yaxşı qarşılanıb. O, həmçinin ölkəsi adından Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstandakı fəaliyyətinə və hərbi mövcudluğuna görə təşəkkürünü bildirib.

    “Hərbi mövcudluq vacibdir. Lakin digər təşəbbüs iqtisadi cəhətdən əməkdaşlıq edərək Əfqanıstanın inkişafına təkan verməkdir. Azərbaycan bu sahədə müstəsna rol oynayır. Azərbaycan iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir. ”Lapis lazuri" Əfqanıstanın inkişafına təkan verən təşəbbüsdür, Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən birini təşkil edir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. Prezident Əliyevə Əfqanıstana yardımlar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm", - deyə A. Uelis bildirib.


    Qeyd edək ki, Əfqanıstanda Talibanla danışıqlar təşəbbüsü ABŞ-ın Əfqanıstanda uğur qazana bilmədiyi məlum olduqdan sonra irəli sürülüb. İlk dəfə bu təşəbbüsü prezident Həmid Kərzay irəli sürüb. Hələ 2009-2010-cu illərdə ABŞ-ın dövlət katibi Hillari Klinton danışıqlar təklifini dəstəklədiyini bildirirdi. Çünki təxminən 10 illik müharibə kampaniyası faktiki olaraq uğursuzluğa düçar olmuşdu. Əfqanıstanın yalnız iri şəhərləri və ətrafı koalisiyanın qoruduğu hökumətin nəzarətində idi, qalan əyalətlər, xüsusən də dağlıq ərazilər Talibana tabe idi.

    Hətta bununla bağlı Vaşinqtonla Kərzay arasında soyuqluq da yaranmışdı. Amerikalılar 2014-cü ildə Əfqanıstandan formal olaraq çıxana qədər bir neçə dəfə Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqlar oldu. Lakin sonrakı proseslər Vaşinqtonu, necə deyərlər, Talibanla danışıqlara vadar etdi. Söhbət Əfqanıstanda son 4 ildə cərəyan edən proseslərdən gedir.

    Məsələ ondadır ki, 2014-cü ildə Yaxın Şərqdə peyda olan İŞİD bir neçə aydan sonra öz varlığını Əfqanıstanda da göstərdi. İlk dəfə Əfqanıstanda, ardınca isə Pakistanda Talibandan ayrılan komandirlər İŞİD-ə beyət (tabeçilik - K.R.) etdiklərini bəyan etdilər. Beləliklə, qısa zaman ərzində Əfqanıstanda İŞİD fəallaşdı. Hazırda formal olaraq Kunar, Cəlalabad, Zabul əyalətlərində İŞİD-in nəzarət etdiyi bölgələr var.

    Ötən il isə Əfqanıstanın şimalında, Türkmənistan sərhədləri boyunca İŞİD-in varlığı üzə çıxıb. Hətta bir neçə dəfə Türkmənistan ordusu da İŞİD-ə qarşı əməliyyatlara qoşulub. Ehtimal olunurdu ki, İŞİD Əfqanıstan üzərindən Orta Asiyaya keçməyə çalışır. Hətta İran rəhbərliyi Qərbin İŞİD-i Əfqanıstana köçürməyə çalışdığını bəyan edib.

    Ötən ilin payızında Əfqanıstanın şimalında 300-dən çox yerli gəncin İŞİD düşərgələrində təlim keçdiyi xəbərləri yayılıb. Türkmənistanla həmsərhəd Cüzcan vilayətinin Darzab rayonunun valisi Baz Muhamməd Davar mətbuata verdiyi müsahibədə gənclərin yaşının 20-dən çox olmadığını və onların hər birinə 30-40 min “afqani” (Əfqanıstan pul vahidi) və ya 434-580 dollar arasında maaş aldığını bildirmişdi.

    Məhz bu dövrdə İŞİD və Taliban arasında toqquşmalar qeydə alınmağa başladı. Hətta ilk vaxtlar Taliban İŞİD-in törətdiyi terror aktları və zorakılıqları pisləyən bəyanatlar verirdi, daha sonra isə iki qruplaşma arasında açıq savaş başladı. Hətta ən son Ramazan bayramı zamanı hökumət qüvvələri ilə Taliban arasında atəşkəs elan olunsa da, İŞİD hər iki qruplaşmanı hədəfə alan terror aktları törədib.

    Amerikalıların Talibanla bağlı siyasətinin dəyişməsinin ən əsas səbəblərindən biri isə Rusiya və İranın bu qruplaşma ilə danışıqlar aparması oldu. Almaniya isə hələ iki il əvvəl rəsmən bəyan etdi ki, Əfqanıstanda sülh əldə etmək üçün Talibanla danışıqlar başlamalıdır. Rusiya isə ilk dəfə 2015-ci ildə artıq “ortaq düşmən” İŞİD-ə qarşı mübarizə üçün danışıqlara başlayıb. Bu barədə mətbuata Putinin Əfqanıstan üzrə xüsusi təmsilçisi Zamir Kabulov məlumat vermişdi. Bu əməkdaşlıq ilk vaxtlarda informasiya mübadiləsi formasında olsa. Bir il əvvəl Rusiyanın Talibana silah dəstəyi verdiyi xəbərləri də yayılmışdı.

    Təbii ki, Vaşinqton Rusiyanın Əfqanıstana bu “tədrici” qayıdışını həzm edə bilməz. Bu mənada Əfqanıstanda Talibanla danışıqların başlaması təkcə siyasi və ya təhlükəsizlik məsələsi deyil, həm də beynəlxalq siyasi mübarizənin elementidir. Amerika Əfqanıstanı İran və Rusiyaya tərk etmək istəmir. Bu isə o deməkdir ki, Əfqanıstan hələ uzun illər böyük güclərin rəqabət meydançası olaraq qalacaq. Nəzərə almaq lazımdır ki, Əfqanıstan hazırda dünya güclərinin böyük diqqət mərkəzində olan Orta Asiyanın “giriş qapısı” hesab olunur.

    Rubrika.Az


    Facebook-da paylaş