“İnqilab balası”nın ikili oyunu: bu dəfə də üzünü Türkiyəyə çevirib
![]()
Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan Türkiyə ilə sərhədləri açmaq istəyir.
Ermənistan tərəfi ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik əlaqələr qurmaq istəyini bildirib. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə qeyd-şərtsiz diplomatik əlaqələr qurmağa hazır olduğunu bəyan edib. Paşinyan “Türkiyə-Ermənistan sərhədini bağlayan tərəf Türkiyədir. Biz tərəfdən sərhəd açıqdır. Heç bir şərt irəli sürmədən diplomatik əlaqələr də qurmağa hazırıq”,- deyə vurğulayıb. Paşinyan həmçinin, regionun daha təhlükəsiz, dinc və firavan olması üçün konstruktiv olmağa hazır olduqlarını da dilə gətirib.
Məlumat üçün bildirərk ki, 2009-cu il oktyabrın ayının 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair "Diplomatik münasibətlərin təsis olunması protokolu" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu" imzalanıb. Sənədləri Ermənistan və Türkiyənin xarici işlər nazirləri imzalayıb.
Sürix protokolları Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutub. Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağda işğalın davam etməsi səbəbindən bağlasa da, sonralar sərhədləri açmaq üçün başqa şərtlər də irəli sürmüşdü. Bu şərtlər aşağıdakılardır:
- Ermənistan 1915-ci il hadisələrini beynəlxalq aləmdə “soyqırım” kimi tanıtma siyasətindən əl çəkməli, hadisələri araşdırmaq üçün türk və erməni tarixçiləri ilə yanaşı, digər tərəfsiz tarixçilərin də daxil olduğu komissiyanın yaradılmasına razılıq verməlidir.
- Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməməli və Ağrı dağının təsvirini bayrağından çıxarmalıdır.
- Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın istədiyi həll variantını qəbul etməlidir.
- Naxçıvan-Azərbaycan yolunu açmalıdır
Amma sənədlərin imzalandığı zamandan ötən müddətdə bu istiqamətdə hər hansı bir irəliləyiş baş vermədi. Ermənistan Türkiyəyə qarşı qondarma erməni soyqırımı iddialarından nəinki geri çəkildi və qeyd edilən komissiyanın yaradılmasına razılıq verdi, əksinə, qondarma soyqırımın tanıdılması üçün öz fəaliyyətini daha da genişləndirdi. Türkiyəyə qarşı ərazi iddialarından geri addım atmadı, Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etdi. Özünün aqressiv, işğalçı siyasətini daha da gücləndirdi. Əslində Sürüx protokolları imzalanan gündən heç bir perespektiv vəd etmirdi. Bu, yalnız Ermənistana imitasiya məqsədi üçün lazım idi.
Yəni, bununla İrəvan dünyaya güya əslində danışıqların, dialoqun tərəfdarı olduğunu göstərmək istəyirdi. Əvvəldən də bəlli idi ki, Ermənistan Türkiyənin heç bir şərtini qəbul etməyəcək. Sonrakı proseslər də bunu sübut etdi. 2010-cu ilin aprelində Ermənistanın o zamanlı hakim koalisiyası protokolların ratifikasiyası prosesinin dayandırılması haqqında qərar qəbul edib. 2015-ci ilin fevral ayının 16-da Sarkisyan protokolları Ermənistan parlamentindən geri çəkdi.
Ermənistan rəsmiləri protokolların ləğv ediləcəyi anonsunu bir neçə dəfə vermişdi. 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında çıxış edən Sarkisyan bəyan etmişdi ki, Ermənistan-Türkiyə protokollarının reallaşmasında müsbət irəliləyişlər olmadığından İrəvan onları ləğv edəcək. Beləliklə də məsələ gözlənildiyi kimi yekunlaşdı, başqa sözlə desək, qapadıldı. Hazırda Ermənistanda hakimiyyət dəyişikliyilə məsələ yenidən gündəmə gəlib və maraqlıdır Ermənistan tərəfinin bu dəfə gözləntiləri nələrdir?
Siyasi şərhçi Fikrət Sadıxov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Paşinyan bu bəyanatla yeni Amerika kəşf etmir: “Çünki bu, onların çoxillik istəyidir. Əlbəttə ki, Ermənistan tərəfi istəyir ki, sərhədlər açılsın və daha rahat nəfəs alsın. Ticarət dövriyyəsi artsın və Ermənistan iqtisadiyyatı bir qədər də inkişaf etsin. Təbii ki, bunu şübhə altına atmaq olmaz. Söhbət ondan gedir ki, bunun müqabilində Ermənistan nəyi təklif edə bilər? Vaxtilə Kəlbəcərdən ötrü Türkiyə sərhədləri bağlayıb və Ermənistanla diplomatik əlaqələri kəsib. Bu məsələnin həlli üçün ilk növbədə Azərbaycan torpaqları azad olunmalıdır. Gəlin, Türkiyə - Ermənistanla münasibətinin formatına baxaq. Ermənistan indiyədək qondarma soyqırım məsələsini gündəmə gətirməkdən əl çəkmir, bütün dünyada bunu yayır. Onun zəngin lobbisi maliyyə vasitələrindən istifadə edərək, bir sıra parlamentlərdə məsələyə artıq nail ola bilir. Bu, Ermənistanın siyasətidir, biz onu bilirik”.
Politoloq qeyd edib ki, digər tərəfdən, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiası var: “İndiyədək Ermənistan iddia edir ki, Türkiyənin yarısı ermənilərə məxsusdur. Belə bir şəraitdə hansı özünə hörmət edən dövlət sərhədlərini aça bilər? Əminəm ki, Türkiyə heç vaxt buna gedə bilməz. Bu, Türkiyənin maraqlarına ziddir. Əgər Ermənistan real olaraq bunu istəyirsə, onda bu ölkə bir neçə şərtlərə əməl etməli, eləcə də beynəlxalq hüquq normalarını yerini yetirməlidir və bundan sonra bu məsələni müzakirə etmək olar”.
Fikrət Sadıqov onu da əlavə edib ki, Türkiyənin bu məsələdə qərarı bəllidir: “Ermənistan isə əvvəlki kimi öz fikrində qalacaq. Bu ölkədə artıq yeni hakimiyyət var, o, gərək məsələni bütünlüklə təhlil edib, götür-qoy etsin. Yaxid Türkiyə ilə münasibətlərdə düzəlişlər etsin və Azərbaycanla münasibətlərdə hansısa bir yenilik olsun. Ermənistan bunu etməsə, bundan sonra da həmin vəziyyətdə yaşayacaq və sözügedən məsələ heç vaxt həllini tapmayacaq”.Cebhe.info
Rubrika.az
Facebook-da paylaş








