• Kütlə Paşinyanın 100 gününə nə deyəcək?

    Kütlə Paşinyanın 100 gününə nə deyəcək?

    Düzünü desək, ermənilərin də arasında Qarabağ problemilə bağlı həqiqəti deməyə çalışanlar, bu məsələdə daha realist və hətta ədalətli siyasət yürütməyə çağıranlar, Azərbyacana və azərbaycanlılara qarşı münasibəti dəyişməyə səsləyənlər olub, - bəli, zaman-zaman ayrı-ayrı insanlar buna cəhd ediblər.

    Amma bunlar daha çox ziyalılar və bir də müxtəlif ictimai fəallar olublar. Siyasətdə isə hələ ki bir presedent məlumdur–bu da Ermənistanın keçmiş prezidenti L.Ter-Petrosyandır. Yalnız bu adam vaxtaşırı olaraq Dağlıq Qarabağ problemi ilə bağlı realist və praqmatik fikirlərlə gündəmə gəlir.

    Rubrika.az musavat.com-a istinadla bildirir ki, bu günlərdə Ermənistanın Milli Konqresindən eyni müstəvidə daha bir cəhd oldu–təşkilatın bir qadın təmsilçisi ölkəsini Qarabağın işğalına son qoymağa çağırdı. Düşünürük ki, bu, növbəti təsadüf və yaxud fluktasiya deyildi, güman ki, L.Ter - Petrosyanın təşkilatı cəmiyyətə daha bir mesaj göndərməyə və buna sosial reaksiyanı öyrənməyə çalışır.

    Belə mesajlar təbii ki, yalnız sosial bir məzmun kəsb etmir. Onların indiki hakimiyyətə və xüsusən baş nazir N.Paşinyana da təsiri istisnasız deyil. Səhv etmiriksə, iyulun əvvəllərində Petrosyanla Paşinyan arasında görüş də olmuşdu.

    Ümumiyyətlə, bu iki siyasətçinin arasında ciddi yaş fərqləri olsa da, onların siyasi trayektoriyaları bir neçə dəfə kəsişibdir.

    Həm də inqilabın ilk günlərində pərdəarxası liderlərdən birinin L.Ter-Petrosyan olduğu deyilirdi. Düzdür, “məxməri inqilab”dan üç ay keçməsinə baxmayaraq bunun dəqiqliyilə bağlı yəqinlik hasil olmayıb, amma bir az əvvəl qeyd etdiyimiz görüş və N.Paşinyanın belə təmasların davam edəcəyilə bağlı bəyanatı ümid etməyə əsas verir ki, baş nazirin kontakt yaradacağı siyasi qurumlardan biri də Ermənistanın Milli Konqresi olacaqdır.

    Hazırda Ermənistanda ciddi proseslər gedir. Motivlərindən asılı olmayaraq kriminal Dağlıq Qarabağ siyasi klanına qarşı hüquqi təqiblərə başlanılması bütün hallarda müsbət prosesdir. Bu, təkcə iki siyasi cinah arasındakı savaş deyil, həm də elitalar arasındakı mübarizədir.

    Əyalət mənşəli Qarabağ klanı mərkəzi Ermənistan elitasını ölkə həyatının bütün sferalarında sıxışdırmışdı. Ayıdn məsələ idi ki, əbədi olaraq belə davam edə bilməz, mütləq toqquşma olacaq və bu toqquşma artıq başlayıbdır.

    Hakim Respublika partiyası əvvəl öz hayına qalmışdı, amma indi görürlər ki, məsələ ciddi xarakter alır və elə bu səəbdən də Koçaryanın müdafiəsinə qalxıblar.

    Rusiya da indiyədək məsələyə nisbi bir təmkinlə yanaşırdı, amma sonradan gördülər ki, proses ciddi bir xarakter alır, çünki “Qarabağ qəhrəmanları”nın canilər kimi müttəhimlər kürsüsündə oturdulması insanlar arasında cəmi Dağlıq Qarabağ prosesinə neqativ və ya təftişçi münasibət yarada bilər, Kreml isə bunu istəmir, çünki ona “milli azadlıq” savaşı aparan Qarabağ hələ çox lazımdır.

    Elə bu səbəbdən də artıq nazir səviyyəsində - S.Lavrovun özü məsələyə münasibət bildirib və Paşinyanı ən azı mitinqlər zamanı verdiyi vədləri unutmamağa çağırıb. Paşinyan isə onda demişdi ki, heç kim siyasi təqiblərə məruz qalmayacaq. Kremlin “sözçü”lərindən birisə bu günlərdə daha sərt bir çağırışla yadda qaldı – bəli, söhbət A.Duqindən gedir. O, açıq mətnlə bəyan etdi ki, ya Paşinyan ağlını başına yığmalı, ya da devrilməldir.

    İndi görək, məsələ necə çözülür. Paşinyan geri çəkilərsə və Kremlin hədəsilə razılaşarsa, bu, o demək olacaqdır ki, hansısa dəyişikliyə ümid etməyə dəyməz. Yox, əgər hüquqi təhqiqatlar, kriminal Qarabağ klanını sıxışdırmağa yönəlik siyasət davam edərsə, o, halda nəyəsə ümid etmək olar.

    O ki qaldı Azərbaycanın siyasətinə, ötən günlərdə prezident bildirdi ki, Ermənistanın təcrid edilməsi siyasəti davam edəcək.

    Düşünürük ki, bu, doğrudan da ən effektli yoldur. Dağlıq Qarabağ klanı bu illər ərzində tək münaqişənin həllilə bağlı danışıqlar prosesini deyil, bütövlükdə ölkəni – Ermənistanı dalana gətirib çıxarıb. Paşinyan bunu başa düşsə və siyasəti dəyişməyə, region dövlətlərilə-Türkiyə və Azərbaycanla yeni münasibətlər qurmağa çalışsa, problemlər tədricən həllini tapacaq. Yox, əgər başa düşməsə, o halda, Ermənistanın vəziyyəti daha da ağır duruma gələcək.

    Əlbəttə ki, heç biz də bunu istəmirik. Elə ona görə də N.Paşinyana L.Ter-Petrosyanla daha tez-tez görüşməyi tövsiyyə edərdik, çünki eks-prezident hazırda Ermənistanda ən realist düşüncəli siyasət adamıdır və burada Paşinyan üçün də ibrətamiz detallar var.

    Ter-Petrosyan da vaxtında kütlənin ovqatından və Kremlin ssenarilərindən kənara çıxmağa çalışmadı. Amma sonradan gördü ki, bu siyasət ölkəsini uçuruma aparır və ona görə də ondan dönməyə çalışdı.

    Paşinyan da oxşar dilemma qarşısındadır. O kimi və nəyi seçəcək? Təəssüf, hələ bu sualı cavablandırmaq mümkün deyil. Hələ Ermənistanda heç hakimiyyət məsələsi də tam həll olmayıb. Həll olunar, onda baxarıq. Biz bu sətirləri yazarkən ikən xəbərlər yayıldı ki, N.Paşinyan avqustun 17-nə böyük mitinq təyin edib. Desək ki, xəbər bizim üçün gözlənilməz oldu, əlbət, düzgün olmaz, çünki həm obyektiv, həm subyektiv səbəblərdən bu ölkədə mitinqlər dövrü hələ bitməyibdir.

    Obyektiv səbəb budur ki, İrəvanda hələ də “hakimiyyət məsələsi” tamamilə həll olunmayıbdır və biz də bunu təkrar qeyd edirik. İnqilablar daim son məqsədə çatmaqda israrlı olurlar. Bu mənada “erməni inqilabı” da istisna deyil – proses mövcud siyasi arxitektura ayaq-baş olana qədər, “axırıncılarla birincilərin yeri dəyişənədək” davam edəcək.

    O ki qaldı subyektiv səbəblərə, bunlar bir deyil. Bir tərəfdən, sentyabr ayında İrəvanda munisipial seçkilərin keçirilməsi (munisipalitet sonradan şəhərin merini seçəcək), digər tərəfdən, R.Koçaryanın həbs olunmasının indiyədək səbrini basan Kremli qeyzləndirməsi və nəhayət, yoldaş N.Paşinyanın hakimiyyətə meydanlardan gəlməsi, mitinqlərin və meydanların yenidən siyasətin əsas amillərinə çevrilməsini diqtə edir.

    “Meydan onun şeiriyyətidir” – nisbətən loyal köklənən təhlilçilər inqilabçı baş naziri belə xarakterizə edirlər və xüsusilə vurğulayırlar ki, Paşinyan meydanlarda daha effektlidir, çünki yaxşı natiqdir, həm də ki, kabinetlərə alışmamış bir siyasətçidir.

    Biz də bu qiymətləndirmələri bölüşürük. Əslində baş nazir kimi, Paşinyanın əlində indi çox imkan və səlahiyyət var. Məsələn, o, radio və televiziya ilə də cəmiyyətə müraciət edə bilər, geniş mətbuat konfransı keçirə və ən tirajlı qəzetlərə və reytinqli telekanallara müsahibələr verə bilər. Amma o, meydana can atır...

    Dərindən baxanda bütün meydan liderləri belə edir. Onlar meydanda özlərini daha rahat hiss edirlər, çünki buranın dirijoru onlar özləridirlər, kimsə çaşdırıcı sual vermir, prosesin istiqamətini dəyişməyə çalışmır və həm də effekt daha əyani olur – kükrəyən meydan liderə dəstəyin bilavasitə təsdiqinə çevrilir. Yetər ki, lider onları – etirazçıları emosional bir həddə çatdırsın, o halda, meydandakılar tonqal ətrafında atılıb-düşən ibtidai əcdadları kimi emosional tərzdə siyasi kumirlərinə dəstək nümayiş etdirəcəklər. Deyilənə görə, Paşinyan bunu – kütləni emosional vəziyyətə çatdırmağı bacarır. Hər halda, bu adam C.Sarkisyanı həmin kütlənin köməyilə devirə bildi və bu, mütləq nəzərə alınması vacib gələn amildir.

    Amma kütlənin liderindən soyuması halları da olur. Belə hallarda yaxşısı onun üzünü görməməkdir, çünki kütlə həm yaddaşsız olur, həm də ki, fərdlərdən fərqli olaraq, kütləni özünün necə görünməsi maraqlandırmır, ən azı ona görə ki, fərdlər kütlədə öz əkslərini axtarırlar, kütlə fərdlərdə yox!

    Elə Paşinyanın da bir məqsədi guya kütlənin onun 100 günlük hakimiyyətinə münasibətini öyrənməkdir. Bəli, kütlə 100-ün artmasına da dəstəkiçi ola bilər, bitməsinə də.

    Əlbəttə, bizim erməni cəmiyyətinin əvəzinə “qiymətləndirmələr” aparmaq fikrimiz qəti yoxdur. Amma böyük hesabla bu 100 gün yalnız ziddiyyətli bəyanatlarla və bir də bir-iki həbslə yadda qalıbdır.

    Yadınıza gəlirsə, Paşinyan parlamentə guya baş nazir kimi proqram da təqdim etmişdi. Amma hətta ona simpatiyası olan təhlilçilər belə həmin sənəddən diqqətəlayiq bir-iki tezis tapa bilmədilər. Parlament də küçənin xofu hələ canında qaldığı üçün dərinə getmədi, “Qəbul etdik” deyib yeni baş naziri yola saldılar.

    O vaxtlar da yazmışdıq ki, N.Paşinyanın parlamentə proqram təqdim etmək üçün hələ mandatı yoxdur – seçkilər olar, məlum olar ki, seçicilər həqiqətən də ona dəstək verirlər və bu halda artıq o, özünü əsl baş nazir kimi hiss edərək parlamentə hətta proqram da təqdim edə bilər (həm də etməlidir!..).

    Hələliksə hər şey inqilabın məntiqilə gedir. Onun məntiqisə sadədir: tutmaq, asmaq və kəsmək! Yox, sizə elə gəlməsin, Ermənistandakı son proseslər bizə ləzzət etmir, edir, özü də yetərincə! Kriminal Qarabağ klanının ifşa edilməsi və motivindən asılı olmayaraq məsuliyyətə cəlb edilməsi, “Qarabağ qəhrəmanları”nın müttəhimlər kürsüsündə əyləşməsi bütün halda ermənilərin otuz ildə apardığı Qarabağ prosesini ifşa edir, ölkənin içində və dışında insanları düşünməyə vadar edir. İçəridə insanlar “Bunlardırmı bizim qəhrəmanlarımız?” deyə soruşurlar, çölündə isə “Bəlkə bunlar rədd olsa... “ deyirlər.
    Ona görə də Paşinyanın apardığı savaş bütün hallarda təqdirəlayiqdir, çünki həmin savaş nə vaxtsa, olmalı idi: mərkəzi erməni elitası əyalətdən gəlmiş “Artsax elitası”na savaş açmalı idi. Ona görə də qoy, bacardıqları qədər biri-birini qırsınlar, didsinlər. Hər halda, bunun bizə ziyanı yoxdu.

    Rubrika.Az


    Facebook-da paylaş