Birinci sinif şagirdlərinə ev tapşırığını necə sevdirək? – VALİDEYNLƏR ÜÇÜN TÖVSİYYƏLƏR

Bir aydan sonra yeni tədris ili başlayır. Bu dövrdə ən çox müzakirə olunan mövzu ev tapşırıqlarıdır. Çətin və məsuliyyətli dövrü daha asan keçməsi üçün pedaqoq Lalə Məhərrəmli valideynlər üçün tövsiyələr hazırlayıb. Əsas şərti isə budur ki, ardıcıllıq pozulmasın.
Əvvəla unutmaq olmaz ki, onlar uşaqdırlar.
Yeni bilgiləri bizim kimi asan qavraya və yadda saxlaya bilmirlər. Bizə çox asan və aydın görünən mövzu onlara qarışıq və çətin görünə bilər.
1. İşlətdiyiniz ifadələrə hər zaman diqqət edin.
Adətən valideynlər dayanmadan uşağa “dərs oxu”, “ay uşaq, get dərsini elə”, “a bala, axşam oldu”, - deyir, amma bu, heç bir nəticə vermir. Əksinə ya münasibət korlanır və mübahisə düşür, ya axşam olur və uşaq yuxulu halda dərs edir, ya da qorxu ilə tələsik dərslərin başa vurur. Sual yarana bilər ki, bəs nə edək? Təklif edirəm ki, ifadələrimizi dəyişək. Məsələn: Bax, balam, bilirəm oynamaq istəyirsən, amma dərslərini də hazırlamalısan. Rahat olmaq istəyirsənsə, əvvəl dərslərini bitir, sonra günün qalan hissəsi bütövlükdə sənindir. İstədiyin qədər əylən. Cəmi 1 saat vaxtını alacaq. Bunun üçün niyə bu qədər narahatçılıq yaransın? Və onunla bərabər dərsə başlayın. Bitirdikdən sonra təbrik edin və oyununa davam edə biləcəyini söyləyin. Bir-iki dəfə bu halda necə rahat olduğunu ona xatırladın. Məsələn: Bax, bunu demək istəyirdim. Sən artıq sabahkı dərsə hazırsan və gör, oyun üçün nə qədər vaxtın var?! Əvvəl bu proses istədiyiniz nəticəni verməyə bilər. Siz səbirli və davamlı olun. O getdikcə bunu özü dərk edəcək.
Düzgün gün rejimi uğurun açarıdır.
Mütləq günün planını qurun. Və bunu mütləq uşağın özü ilə bərabər edin. O öz gününün planının yazılmağında iştirak etməlidir. Səhərin planını axşam bərabər yazın. Məsələn: Günün planı.1. Səhər oyanma vaxtı. 2. İdman və səhər yeməyi. 3. Məktəb. 4. Dərsdən evə gəlmə vaxtı. 5. Yemək və yatmaq. 6. Ev tapşırığı. 7. Oyun saatı. 8. Cizgi film saatı. 9. Kitab saatı. (Sadəcə sadə bir nümunə).
Planda edilmiş bəndləri mütləq özü işarələsin. Dərs çalışma saatını mütləq hər dəfə eyni vaxta qeyd edin. Zaman keçdikcə uşaq özü həmin vaxtın dərs vaxtı olduğuna öyrəşəcək və siz xəbərdarlıq etmədən dərslərini edəcək(istisna hallar ola bilər). Təbii ki bunun üçün zaman lazımdır. Səbirli olun.
Əsla uşağa qışqırmayın, vurmayın, təhqir etməyin, qolunu sıxmayın və gərgin səs tonundan istifadə etməyin.
Siz bununla heç bir şey əldə etməyəcəksiniz. İşləri daha da korlayacaqsınız. Unutmayın, onların sağlığı hər şeydən önəmlidir. Əgər nəyisə bacarmırsa, bu onun günahı deyil. Axı, o niyə qəsdən sizi əsəbləşdirsin ki? Belə gərgin, qorxu dolu dərs prosesi onun nəyinə lazımdır? Bütün bunları edib, sonra da təəccüblənirsiniz ki, uşağım niyə aqressivdir? Niyə dərsə marağı itib? Əvvəla məsləhətdir ki, uşaq dərsi özü sərbəst etsin. Yox, siz ev tapşırığı bitənə qədər onunla oturursunuzsa, mütləq səbirli olmağa çalışın. Sizi narahat edən hansısa məqam görsəniz (səliqəsiz xətt, imla səhvi, ləng yazma və s.) dərindən nəfəs alın, özünüzü sakitləşdirin. Düşünün ki, o hələ balacadır, bunlar normaldır, bunu qəsdən etmir. Gərginlik yaradaraq uşağın sağlığına zərər vurmayın, vaxt keçdikcə düzəldəcək. Biz də uşaq olmuşuq və bu səhvləri etmişik. İndi onun yanında tələbkar və əsəbi yox, qayğıkeş və dəstəkləyən ana və ataya ehtiyacı var.
Uşağın dərs çalışma məkanı mütləq eyni yer olmalıdır.
Uşaq hər dəfə bir yerdə dərslərini edirsə, bu işin ciddiliyinə təsir edir və uşaq məsuliyyətdən uzaqlaşır (istisna hallar var).
Uşaq israrla bir dərsi etməkdən boyun qaçırırsa, onu tənbeh etmək yerinə səbəbini soruşun.
Böyük ehtimalla həmin dərsi yaxşı başa düşməyib və ona nə isə qaranlıq qalıb. Bunun üçün də o, həmin mövzudan çəkinir. Həmin mövzunu əyləncəli üsullarla və müxtəlif variantlarda izah edin. Sonra siz şagird olun o müəllim. Qoy həmin dərsi sizə öyrətsin. Bu onda öz güvən yaradacaq.
Bəzən dərs danışanda onu videoya çəkib özünə göstərin.
Bu ona maraqlı gələcək və kənardan öz səhvlərini görə biləcək.
Əsla başqa uşaqla müqayisə etməyin.
Bizi başqası ilə müqayisə etsələr, əminəm ki, heç birimizin xoşuna gəlməz.
Tapşırıqların şərtlərini uşaq özü oxusun.
Uşaq ləng oxuduğu üçün əsəblərinizi tarıma çəkilir, amma unutmayın, o bu halda tapşırığı daha yaxşı qavrayacaq, getdikcə sürətli oxuyacaq və nitqi inkişaf edəcək. Siz də səbir edib bu nəticəni gördüyünüz üçün çox sevinəcəksiniz.
Uşaqlarla gündə 15 dəqiqə də olsa, yaddaşı və diqqəti gücləndirən məşqlər edin.
Bu haqda internetdə kifayət qədər material var. Araşdırıb ikiniz üçün də maraqlı olacaq oyunlar əldə edə bilərsiniz.
Rubrika.az
Facebook-da paylaş
















