İki müxbirimiz qarpız satmağa getdi, ortaya bu reportaj çıxdı - video

Son günlərin ən çox müzakirə edilən mövzularından biri də qarpızın qiyməti ilə bağlı oldu. Çünki yay fəslində süfrələrin vazkeçilməz nemətlərindən biri olan qarpız-qovun bu il heç də hamı üçün əlçatan olmadı. Ötən illərdən fərqli olaraq bu yay qarpız və yemişin qiyməti “ceyran belinə" qalxdı. Son bir ayda qarpızın 1 kiloqramı 60-70 qəpik, yemişin kiloqramı isə 1 manat civarında oldu.
Ancaq bir neçə gündür ki, qarpız-yemişin qiymətində enmə müşahidə olunur. Bazarda qarpızın qiyməti 20-30 qəpik arasında dəyişir. Bununla da, aztəminatlı ailələr üçün qarpız mövsümünün hələ indi başladığını desək yanılmarıq.
Rubrika.az xeber verir ki, Musavat.com-un reportyor qrupu bu mövzunun ardınca Bakının ən böyük bazarlarından biri olan “8-ci kilomer” bazarına baş çəkib və qarpız satışı prosesinin həm müşahidəçisi , həm də iştirakçısı olub.
Bazarda yenicə ucuzlaşan qarpıza tələbat böyükdür. Bu baxımdan məhsul bolluğu da nəzərə çarpır. Bazara qarpız əsasən Sabirabad, Kürdəmir, Bərdə və Ağcabədi rayonlarından gətirilir. Bu səbəbdən də, satıcılar arasında əsl rəqabət gedir. Hər biri öz məhsulunu tərifləyib, müştəri cəlb etməyə çalışır, hər bir alıcının nazı ilə oynayırlar. Bu zaman təbii ki, məzəli zarafatlarından qalmır, bir-birilərinə atmaca ataraq diqqət cəlb etməyə çalışırlar.
Qarpızdan söz düşmüşkən, hər zaman Sabirabad qarpızı birinci yerdə dursa da, indi satıcılar onun əksini isbat etməyə hazırdırlar.
Emin adlı satıcı hesab edir ki, hazırda ən şirin qarpız Ağcəbədi rayonunda yetişir: “Bütün bu rayonlarda əkilən qarpızların toxumu eyni növə aiddir. Hamı eyni toxumu əkir. Məhsulun fərqli olmasının səbəbi isə torpaqdır. Burada əsas amil torpağın məhsuldarlığı, minerallarla zənginliyidir. İllərdir ki, Sabirabad qarpızı bazarlara liderlik edir. Şirinliyi, məhsuldarlığı ilə həmişə məşhur olub. Lakin son illər bazara Ağcabədi qarpızı daha çox gətirilir. Əminliklə deyə bilərəm ki, qarpızların “gözü” Ağcəbədi məhsuludur. Sabirabad torpağı artıq yaxşı məhsul vermir. Çünki illərdir ki, torpaq dayanmadan əkilir, dincəlmir. Nəticədə məhsuldarlıq azalır. Əvvəllər bazara çox iri Sabirabad qarpızları gələrdi. Hansına bıçaq vururdunsa bal kimi olurdu. Alıcı heç seçim də eləməzdi. İndi isə əksinə, qarpızı mütləq kəsidirib şirinliyinə əmin olurlar. Ağcabədi camaatı qarpız əkininə yeni başlayıb. Bu baxımdan torpaqda kifayət qədər məhsuldarlıq var. İstədiyiniz qarpızı seçin, kəsim, necə şirin olduğunu siz özünüz də görün.”
Söhbətin bu məqamında qollarımızı çırmayıb qarpızla dolu yük maşına qalxırıq və satıcılığa başlayırıq. Bir neçə saat satıcılıq məharətimizi göstərib məhsul sahibinə müəyyən qədər pul da qazandırırıq.
Bu minvalla ğyrəndik ki, yaxşı satış etmək üçün müştəriləri müxtəlif yollarla cəlb etmək lazımdır. Bunlardan biri də hamının eşidə biləcəyi uca səslə “bal kimi qarpız” “qarpızdan qalmadı” kimi ənənəvi ifadələrlə alıcıları səsləmək, eləcə də hansı bölgənin məhsulu olduğunu xatırlatmaqdır. Satıcılar deyir ki, bu məhsulu satmağın ən yaxşı üsuludur. Ticarətlə məşğulsansa, gərək bunları da bacarasan.
Satdığımız məhsul Ağcabədi rayonundan gətirilmişdi. Sabirabaddan məhsul gətirən satıcılar nədənsə bugünlük alverlərini bizə əmanət etməkdən çəkindilər. Bu səbəbdən Ağcabədi qarpızına bol-bol tərif yağdırıb alıcıları başımıza toplamağı da bacardıq. "Bal kimi qarpız” sorağını eşidən alıcılar yük maşınına yaxınlaşmağa başladılar. Qısa zaman ərzində təqribən 100 kiloqrama yaxın qarpız satmış olduq. Satıcılar bunu ilk təcrübə üçün yaxşı göstərici kimi qiymətləndirdilər, hətta zarafatla birgə çalışmağı da təklif etdilər.
Qısamüddətli satıcılıq təcrübəmizin ardından bazara məhsul gətirən digər “həmkarlarımızla” da söhbətləşdik.
Bərdə rayonunun Ləmbəran kəndindən olan Nurlan adlı satıcı öz bostanlarının qarpızını satışa çıxardığını bildirdi. O, qarpızın kiloqramını 30 qəpiyə təklif edirdi. Nurlanı digər satıcılardan fərqləndirən özəlliklərindən biri də, qarpızı çox yaxşı tanımasıdır. Özünün də dediyi kimi, uşaq yaşlarından bu işlə məşğul olub və valideynlərinin işini davam etdirib. Söhbət zamanı Nurlan zarafatından da qalmadı. Bildirdi ki, o qarpız tağlarının arasında doğulub, bu səbəbdən də heç kim qarpız seçməyi ondan yaxşı bacara bilməz.
Satıcılar deyir ki, bu il qarpızın baha olması alıcıları məmnun etməsə də, kəndliləri çox sevindirib. Torpaq sahəsində qarpız əkənlər birə-beş qazanıb. Qarpızın baha olmasının səbəbi isə az əkilməsi ilə bağlıdır. Qiymət baha olduğundan, bu il istər qarpız əkənlər, istərsə də ticarəti ilə məşğul olanlar yaxşı qazanc əldə etdiblər: “Qarpızın baha olması kəndlini yaxşıca varlandırdı. Bostan əkənlər özlərinə ev, maşın aldılar. Biz ticarətçilər qarpızı sahədə 30 qəpiyə aldığımız vaxtlar olub. Rayonlarda ən az qarpız əkən 3-4 hektar əkir, hər hektardan da 50-60 ton məhsul götürür. Bu isə çox yaxşı qazanc deməkdir…”
Bazardan hazırladığımız maraqlı videoreportajı təqdim edirik.
Rubrika.az
Facebook-da paylaş













