Köhnə binaların köçürülməsində əngəl: Bəzi vətəndaşlar problem yaradır - VİDEOREPORTAJ, FOTOLAR

Məlum olduğu kimi, Bakının müxtəlif rayonlarında müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında, o cümlədən, yararsız olan fərdi yaşayış evlərində yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülməsi prosesi gedir.
Müxtəlif özəl tikinti şirkətləri pilot layihə çərçivəsində bu binaları sökərək, yerində müasir tələblərə cavab verən çoxmərtəbəli binalar tikir və sakinləri həmin binalarda evlə təmin edirlər. Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, bir ildən çoxdur ki, proses normal axarı ilə getsə də, bzən tikinti şirkətləri ilə vətəndaşlar arasında narazılıqlar da yaşanır.
Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, pilot layihə çərçivəsində sakinlərin köçürülməsi iki mərhələdə həyata keçirilir. İlk olaraq, binanın sökülməsinə başlanılarkən sakinlər kirayə evlərə köçürülür və yeni bina hazır olanadək onlara kirayə haqları ödənilir. Yeni bina istifadəyə verildikdə isə həmin ailələrə əvvəlki mənzillərinin kvadratmetrindən 20 faiz artıq olmaqla, evlər verilir. Lakin bəzi vətəndaşlar tikinti şirkətlərinə qarşı bu qaydalardan kənar tələblər irəli sürürlər, əks təqdirdə mənzillərinin sökülməsinə razı olmayacaqlarını bildirirlər. Nəticədə prosesin ləngiməsi həm müqaviləyə imza atmış digər sakinlərin, həm də tikinti şirkətinin işini çətinə salır.
Bu cür problemlə qarşılaşan şirkətlərdən biri də “Sipark” inşaat şirkətidir. Şirkətin şöbə rəisi Rizvan Məmmədov mövzu ilə bağlı musavat.com-a açıqlamasında bildirdi ki, məhz bu səbəbdən köçürülən sakinlərlə bağlanan müqavilələrdəki öhdəliklərin gecikməsindən narahatdırlar: “Bizim apardığımız söküntü prosesində 56 ailənin köçürülməsi nəzərdə tutulurdu. Onlardan 53 ailə ilə razılaşma əldə edildi, onlar köçürüldü. Bu ailələrlə Nazirlər Kabinetinin qərarı, Prezidentin sərəncamı əsasında, heç bir incidilmə və narazılıq olmadan müqavilələr bağlanılıb, kirayə evlərə yerləşdiriliblər və vaxtlı-vaxtında pulları verilir. Lakin 3 ailənin bizim şərtlərimizlə razılaşmaması tikinti işlərimizin ləngiməsinə səbəb olur. Bu ailələr bizimlə müqavilə bağlayıb, köçməkdən imtina edirlər və yüksək şərtlər irəli sürürlər. Sakinlərdən biri Həsənov Asif İbrahim oğludur. Onun faktiki yaşadığı mənzilin sahəsi 57,3 kvadratmetrdir. Ona təklif olunan mənzilin sahəsi isə 74,5 kvadratmetrdir. Lakin həmin şəxs qəti etiraz edir və tələb irəli sürür ki, ona şəhərin mərkəzində müxtəlif yerlərdə 4 otaqlı iki mənzil alıb verək. Biz bilmirik ki, bu sakin məsələyə hansı məntiqlə yanaşır. Bu, absurddur. Biz ona təklif edirik ki, verdiyimiz mənzilin sahəsini bir qədər də artıra bilərik. Lakin dördotaqlı iki mənzili heç bir sahibkar verməz”.
Şirkət rəsmisi bildirdi ki, hazırda bəzi binalarda tikinti prosesi yekunlaşmaq üzrədir: “Bizim hazırda iki böyük tikintimiz var. Bunlardan biri Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində inşa edilir. Digəri isə Kazım Kazımzadə və Təbriz küçələrinin kəsişməsində tikilir. 14-16 mərtəbəli 5 bina inşa edirik. Köçürdüyümüz sakinlərdən heç biri narazılıq bildirmir, heç biri bizim işimizə mane olmur. Uçurulan evlərin yenisi ilə əvəz edilməsi müəyyən vaxt tələb edir. Bu səbəbdən də biz sakinlərlə iki il müddətinə müqavilə bağlayırıq. Narazılıq edən sakinlərin bu hərəkəti bizim bu müqavilədəki öhdəliyi vaxtında yerinə yetirməmizə mane olur. Onlar nəinki bizim, eləcə də öz qonşularının planlarını pozurlar. Biz onlarla görüşüb, məsələni müzakirə etmək və mənzilləri bazar qiymətləri ilə dəyərləndirmək istəyirik. Hazırda tiktinti prosesi sürətlə gedir. Bəzi binalarda üzlük və suvaq işləri aparılır. Bu da işlərin yekunlaşmaq üzrə olması deməkdir. Çalışırıq ki, sakinlərə evlərini vaxtında təhvil verək”.
Musavat.com olaraq şirkətin Həsən Əliyev küçəsində tikdiyi binada da olduq. Öyrəndik ki, burada 56 ailə şirkətlə müqavilə bağlayaraq, kirayə mənzillərə köçürülüblər. Binanın inşası 2019-cu ildə başa çatdıqdan sonra həmin ailələr mənzillərinin kvadratmetrindən 20 faiz artıq olmaqla, həmin binadan yeni mənzillərlə təmin ediləcəklər. Şirkət rəsmisi bildirdi ki, lakin bir ailə hələ də köçmək niyyətində deyil.![]()
![]()
![]()
Rubrika.az
Facebook-da paylaş















