“Moskva Ermənistanda Sərkisyanı əvəzləyəcək nüfuzlu fiqur tapa bilmədi”

Politoloq: “Bu səbəbdən daha əvvəl istifadə olunmuş kadrlarını oyuna daxil etmək zorunda qaldı”
Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, Rusiyalı hərbi ekspert Pavel Felgenhauer son dövrlərdə İdlibdə baş verənlərdən Ermənistanın olduqca narahat olduğunu və gələcəkdə bunun Cənubi Qafqazda proseslərə təsir edə biləcəyini deyib.
Hərbi ekspert Türkiyə ilə Rusiyanın İdlib məsələsində razılığa gəlməsini ən çox rəsmi İrəvanın istəmədiyini diqqətə çatdırıb. İrəvan Moskvanı inandırmağa çalır ki, Suriyada Türkiyə ilə kompromisə gedilməsi gələcəkdə Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxaracaq. Bu isə erməniləri böyük təhlükə altında qoyur.(Teleqraf.com) P.Felgenhauer Türkiyənin gələcəkdə Naxçıvanda hərbi baza qurmaq istəyinin olduğunu da vurğulayıb: “Hələ ki, Ankara Naxçıvanda hərbi baza qurmağa tələsmir. Lakin böyük bir ehtimal var ki, Türkiyə ilə Suriyada işbirliyi üçün Kreml ona Naxçıvanda baza yaradılmasına razılıq versin. Bundan sonra isə Suriyada Türkiyənin tam dəstəyi üçün Putin Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə və bununla da Ermənistanı qurban verə bilər.”
Bu məsələnin bir qədər qəliz olduğunu deyən hərbi ekspert onun mümkünlüyünü də istisna etməyib. “Türkiyə zaman keçdikcə Qərbdən daha çox üz döndərir. Bu da onu Rusiyanın başçılığı altındakı cəbhəyə daha da yaxınlaşdırır. ABŞ-ın bu dövlətlərə dollar təzyiqi davam edərsə, hər iki dövlət daha da yaxınlaşacaq ki, bu da rəsmi İrəvanın heç bir halda maraqlarına cavab vermir. Bu yaxınlaşma daha çox Azərbaycanın xeyrinədir”.![]()
Rəsmi Moskva ilə İrəvan arasında münasibətlərə toxunan Felgenhauer son dövrlərdə bu əlaqələrin heç də ürəkaçan olmadığını diqqətə çatdırıb: “Rusiya ilə Ermənistan arasındakı münasibətlər hələ ki, normaldır. Lakin bu, hər an dəyişə bilər. Tam qırılma anına hələ çox var. Bir şeyi qeyd edim ki, Kreml Paşinyan hakimiyyətindən narazıdır, ancaq Ermənistanı itirmək hələ ki, sərfəli deyil. Qarabağda konfliktin alovlanması rəsmi Moskvanın maraqlarına cavab vermir. Çünki ortada Suriya və İdlib məsələsi var. Lakin bu konfliktlər davamlı deyil. Hazırki vəziyyətdə Qarabağ münaqişəsində Moskva və İrəvanın maraqları üst-üstə düşür”.
Rusiyal ekspert Ermənistanın Suriyaya humanitar yardım göndərməsini Moskvanın simpatiyasını qazanmaq üçün “siyasi jest” kimi qiymətləndirir.
Qeyd edək ki, Ermənistanın Suriyadakı proseslərdə Rusiya ilə birgə iştirak etmək niyyətini əksər ekspertlər baş nazir Nikol Paşinyanın özünü Kremlin qəzəbindən sığortalamaq cəhdi kimi qiymətləndirir. Röbert Köçəryanın reavanşının arxasında Moskvanın dayandığı artıq kimsədə şübhə doğurmur.
“Nikol Paşinyan hazırda çox mürəkkəb vəziyyətdədir. Bir tərəfdən o, baş nazir kimi geniş səlahiyyət sahibidir, Serj Sərkisyanın həyata keçirdiyi Konstitusiya dəyişiklikləri nəticəsində bütün icra səlahiyyətləri prezidentdən hökumət başçısına keçib. Amma ölkədə parlament idarə-üsulu formalaşıb və baş naziri məhz parlament seçir”.
Politoloq Şahin Cəfərli bu fikirləri “Yeni Müsavat”a Ermənistandakı mövcud durumu şərh edərkən söylədi.
Siyasi şərhçi xatırlatdı ki, hazırkı parlamentdə Sərkisyanın Respublika Partiyası çoxluğa malikdir: “Dövlət aparatında da köhnə kadrların ağırlığı davam edir, Paşinyanın onları dəyişmək üçün nə vaxtı və imkanı var, nə də kadr potensialı. Bir sözlə, ölkədə hakimiyyət dəyişsə də, sistem dəyişməyib. Paşinyan sistemə qarşı müxalifətdədir. Yaxud əksinə: sistem yeni rəhbərə müqavimət göstərir. Bu paradoksa son qoymaq üçün erkən parlament seçkilərinə getməkdən başqa çarə yoxdur, lakin bu məsələdə söz sahibi mövcud parlamentdir. Yalnız parlament çoxluğunun razılığı ilə hazırkı hüquqi tıxanıqlıq aşıla bilər”.
Ş.Cəfərli bildirdi ki, erkən seçki qərarı qəbul olunması üçün baş nazir istefaya getməli və qanunverici orqanda yeni baş naziri seçmək cəhdi iki dəfə uğursuz nəticələnməlidir: “Paşinyan isə qorxur ki, istefa versə, parlament çoxluğu öz adamını baş nazir seçə bilər, hətta bu halda Serj Sərkisyanın qayıtması ehtimalı da var. Ona görə də, Paşinyan Konstitusiyaya parlamentin buraxılması prosedurunu asanlaşdıran müddəalar daxil etmək istəyir. Amma bunun üçün də indiki parlamentə ehtiyac duyulur. Konstitusiyanı ya parlamentdə, ya da parlamentin qərarı ilə referendumda dəyişmək mümkündür. Paşinyan hazırda belə bir dolaşıq vəziyyətdən çıxış yolu axtarır. Onun yeganə resursu xalq dəstəyidir”.![]()
Politoloq hesab edir ki, sentyabrın 23-də İrəvan bələdiyyəsinə seçkilərdə Paşinyanın bloku böyük üstünlüklə qalib gələrsə, o, bundan güc alaraq xalqın təzyiqini parlamentə qarşı yönəldəcək və orada lazımi qərarları qəbul etdirməyə çalışacaq: “Şübhəsiz ki, qarşı tərəf - Qarabağ klanı buna müqavimət göstərməyə çalışacaq. Çünki qısa müddətdə yeni seçkilərin keçirilməsi Paşinyanın zəfəri ilə nəticələnəcək və parlament onun nəzarətinə keçəcək. Bu halda isə Qarabağ klanının revanş imkanları tükənmiş olacaq. Bilirsiniz ki, hazırda Robert Köçəryan və digərlərinə qarşı qanlı 1 mart 2008-ci il hadisələrini təşkil etməklə Konstitusiya quruluşunu zorla devirmək, eləcə də korrupsiya ittihamları əsasında cinayət işləri açılıb, istintaq aparılır. Hər iki ittiham üzrə məhkəmə perspektivi keçmiş rejim mənsubları üçün yaxşı heç nə vəd etmir və onların əleyhinə kifayət qədər sübut olduğunu təxmin etmək çətin deyil. Bu proses klanın Ermənistan siyasətindən silinməsi, onların öz varidatını və azadlığını itirməsi ilə nəticələnə bilər. Ona görə də, hazırda fürsət və imkan var ikən onlar bu prosesi dayandırmağa çalışırlar, şübhə yoxdur ki, Rusiyanın timsalında ciddi xarici dəstəkçiləri də var. Moskva Ermənistanda Sərkisyanı əvəzləyəcək nüfuzlu fiqur tapa bilmədi, bu səbəblə daha əvvəl istifadə olunmuş kadrlarını oyuna daxil etmək zorunda qaldı”.
Paşinyan-Köçəryan qarşıdurması barədə danışan Ş.Cəfərlinin sözlərinə görə, eks-prezidentin həbsdən buraxdırılması və Putinin şəxsən ona ad günü bəhanəsi ilə telefon açması göstərir ki, Moskva klanın məhvində maraqlı deyil və köhnə komandanı oyunun içində saxlamağa çalışır: “Lakin Köçəryan Ermənistanda xüsusi nüfuz sahibi deyil. Mən hələ 2001-cu ildə Ermənistanda səfərdə olarkən bunun şahidi olmuşdum. Xüsusən İrəvan əhalisi qarabağlıları heç vaxt həzm edə bilməyib və imkan yarandıqca, onlara qarşı çıxıb. Ona görə də mən hesab edirəm ki, Köçəryan indiki durumda Paşinyana rəqib ola bilməz. Paşinyan üçün əsas təhlükə budur ki, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi prosesi uzandıqca, onun arxasındakı xalq dəstəyi azala bilər. İnqilabın yaratdığı entuziazmın öləziməyə başlaması Paşinyanın əleyhinə işləyəcək. Ölkədə iqtisadi çətinliklər davam edir, qiymət artımı var. Əhali tədricən bu problemlərdə Paşinyanı günahlandıra bilər. Bu halda köhnə komandanın revanş imkanları genişlənmiş olacaq. Yəni hazırda Paşinyan zamanla yarışır”.
Rubrika.Az
Facebook-da paylaş















