Yunis Səfərovun həbs müddəti uzadıldı

Gəncədə icra başçısını öldürməyə cəhd edən Yunis Səfərov hakim qarşısına çıxarılıb.
Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərov, onun qohumu, Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması, təşkil edilməsində ittiham olunan Ceyhun Qurbanov və Aydın Qurbanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Bu gün Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən hər üç şəxsin həbs müddəti daha 4 ay artırılıb.
Gəncə hadisələri ilə bağlı yayılan rəsmi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı terror aktı törədilib. Rəsmi məlumata görə, bundan sonra isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxs tərəfindən xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına hücum edilib.
Xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə qətlə yetiriliblər.
Rubrika.Az
Facebook-da paylaş










