Avropa ABŞ-a qarşı valyuta yaratdı: ordu da yaradacaqmı...

Politoloq: “NATO-ya kifayət qədər maliyyə ayırmağı bacarmayan dövlət, Avropa ordusunu da maliyyələşdirə bilməz”...
Fransa prezidenti Emmanuel Makronun Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan etməsi dünya ictimaiyyətinin müzakirəsinə səbəb olub. Makronun bu təklifinə Rusiya prezidentindən və Almaniya kanslerindən dərhal dəstək gəlib. Bir zamanlar ABŞ valyutası dollara alternativ olaraq avronu yaradan Avropa, artıq NATO-ya alternativ ordu yaratmaq fikrindədir. Avropanın valyuta strategiyası kifayət qədər uğurlu alındı. Bu gün də valyuta bazarında avro dollarla rəqabətdədir. Bəs maraqlıdır ki, hazırkı iqtisadi və siyasi vəziyyətdə ümumavropa ordusunun yaranması mümkündür?
“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, əslində indiki məqamda Fransanın mövqeyi aydındır:
“Makrondan öncəki Fransa prezidenti, o cümlədən Jak Şirak da bu məsələni dilə gətirmişdi. Çünki Fransa Amerikadan asılı olmaq istəmir. Bu, uzun yüz illiklərdir ki, belədir. Almaniya və digər dövlətlərdən fərqli olaraq, Fransa özünün müstəqil siyasəti ilə öyünür. Hətta adi bir misal deyim ki, Almaniyada ingiliscə danışanı rahat başa düşərlər, Fransa da isə belə deyil. Onlar ancaq öz dillərində danışırlar. Yəni Fransanın belə bir özəlliyi var. Həm də Fransa xarici siyasət, təhlükəsizlik eləcə də bir çox məsələlərdə Amerika ilə razılaşmırlar. Məsələn, İrana qarşı sanksiya ilə Fransa razı deyil. Vaxtilə Amerika İraqı bombalayan zaman da Fransa razı deyildi. İndi də Avropanın Amerikadan asılılığını bir qədər azaltmaq üçün Fransa belə bir təşəbbüs ortaya qoyub. Almaniyaya gəlincə isə açıq demək lazımdır ki, bu ölkə İkinci Dünya Müharibəsindən sonra Amerikadan tam asılı vəziyyətə düşüb. Məsələn, Amerikanın Almaniyada hərbi bazaları var, ancaq Fransada yoxdur. Bu da İkinci Dünya Müharibəsinin şərtlərinə görədir. Buna görə də Almaniya müstəqil, bir qədər də təhlükəli siyasət aparmaqda çətinlik çəkir. Bu məsələlərdə Amerikaya baxmaq məcburiyyətindədir. Buna baxmayaraq, biz gördük ki, Merkel də Makronun bu təklifini dəstəklədi”.
E. Şahinoğlu hesab edir ki, bu təşəbbüsün gerçəkləşməsi real görünmür:
“Əsas sual bundan ibarətdir ki, bəs NATO nəyə gərək olacaq? Əgər Avropa ordusu yaranacaqsa bu, NATO-ya paralel struktur olacaq? Bunu kim maliyyələşdirəcək? Fransanın maliyyə imkanları yaxşı deyil. Belə çıxır ki, bu ordunu da Almaniyaya yükləyəcəklər. Almaniya isə bu yükün altından qalxa bilməz. Ona görə də Tramp haradasa “Siz hələ gəlin, NATO-ya borcunuzu ödəyin” deməyində haqlıdır. Amerika NATO-ya kifayət qədər böyük ianələr ayırır. Bu baxımdan Tramp haqlıdır ki, uzun müddətdir ki, Avropanı uzun on illərdir ki, Amerika qoruyur. 1990-cı illərdə keçmiş Yuqoslaviyada müharibə baş verirdi. Bu ərazi də Avropanın düz mərkəzində yerləşirdi. Lakin Avropa bu problemi həll edə bilmədi. Amerika müdaxilə etməsəydi, bu müharibə bəlkə də uzun illər davam edəcəkdi. Yəni Avropa belə bəzən Amerikaya möhtac qalır. Bu baxımdan Avropa ordusunun yaradılması, maliyyələşməsi məsələsini o qədər də real hesab etmirəm”.
Politoloq söyləyib ki, NATO-ya kifayət qədər maliyyə ayırmağı bacarmayan dövlət, Avropa ordusunu da maliyyələşdirə bilməz:
“NATO Əfqanıstanda sülhməramlı əməliyyatlar həyata keçirir. Avropa ordusunun əsas funksiyası nədən ibarət olacaq? Bəllidir ki, onlar məsələn, Ukraynaya dəstək verə bilməyəcəklər. Hansı məsələdə rol oynayacaqlar? Fransa və Almaniya Rusiya ilə münasibətlərində, bu ölkəyə qarşı sanksiya tətbiq etsələr də, əməkdaşlığı davam etdirirlər. Eləcə də Yaxın Şərqdə fəal olmaq istəmirlər. O zaman Avropa ordusu nəyə və kimə lazımdır. Bunu Trampa hədə kimi şərh edənlər də var. Tramp o qədər ağılsız prezident deyil ki, bu hədələr qarşısında geri addım atsın.
Tam əksinə, Amerikada yüzlərlə beyin mərkəzi var. Onlar hər bir detalı hesablayırlar. Bu hesaba uyğun da hərəkət edirlər. İndi həmin beyin mərkəzləri Makronun məqsədini də araşdırırlar. Amerikanın Avropada xeyli hərbi bazası var. NATO-nu da maliyyələşdirən yenə də Amerikadır. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Amerika istənilən halda bu prosesin qarşısını ala bilər. Əgər proses ABŞ-ın maraqlarına zidd olacaqsa, belə də addım atılacaq. İkinci bir tərəf də ondan ibarətdir ki, Makronun ideyasını dərhal Rusiya prezidenti Vladimir Putin dəstəklədi. Yaxşı, bəs onun məqsədi nədir? Bəyəm o Avropanın öz ordusunun olmasına sevinərmi? Burada əsas məqsəd odur ki, Makronun bu fikrini dəstəkləməklə, Avropa ilə Amerika arasında fikir ixtilafını dərinləşdirsin. Bu səbəbin özünə görə də Avropadan təklifə dəstək veriləcəyini düşünmürəm.
Məsələn, Polşa Amerikanın Avropadakı əsas strateji müttəfiqlərindən biridir. Hesab edirəm ki, Polşa Fransanın bu təşəbbüslərinə qoşulmaya bilər. Yəni Amerika, Avropadakı tərəfdaşlarının da vasitəsilə, Fransanın bu təşəbbüsünə ciddi sürətdə maneçilik yarada bilər”.
Rubrika.Az
Facebook-da paylaş












