Gürcüstan qarışır: Qarşıdurmanın mərkəzi Marneulidir - Saakaşvili xalqı meydanlara çağırır

Gürcüstan Mərkəzi Seçki Komissiyası 28 noyabr prezident seçkisinin ikinci turu ilə bağlı ilk nəticəni açıqlayıb. Səslərin 38 faizi sayıldıqdan sonra 57,37 – 42,63 faiz nisbəti ilə iqtidarın dəstəklədiyi Salome Zurabişvilinin birləşmiş müxalifətin namizədi Qriqol Vaşadzeyə qalib gəldiyi bildirilib. MSK-nın növbəti açıqlamasının saat 2-də elan ediləcəyi gözlənilir.
Rubrika.Az Musavat.com-a istinadla bildirir ki, müxalifət liderinin 15 faiz az səs toplaması rəsmən elan edildikdən az öncə eks-prezident Mixeil Saakaşvili xalqı vətəndaş itaətsizliyinə çağırıb: “Artıq iş dünyasının kirli adamı Bdzina İvanişvili Gürcüstan rəhbərliyindən uzaqlaşdırılıb. Bu gün vətəndaşlar müxalifətə səs verib. Mən hər birinizi küçələrə çıxaraq səslərinizi qorumağa çağırıram. Biz Gürcüstanı korrupsiya bataqlığında boğan iqtidarı hakimiyyətdən endirməliyik. Sizi ölkədə növbədənkənar parlament seçkisi keçirmək üçün ayağa qalxmağa çağırıram”.
Səslərin sayılması prosesi ölkənin bir çox bölgələrində ciddi qarşıdurmalarla müşahidə olunub. Əsas qarşıdurma nöqtəsi isə Gürcüstanın ikinci milli azlığı olan tükrlərin kompakt yaşadığı Kvemo-Kartli bölgəsində yaşanıb. Marneulidə səslərin sayılması zamanı yerli əhali ilə hüquq mühafizə orqanları arasında başlanan insident əraziyə xüsusi təyinatlıların gətirilməsi və mərkəzi meydana toplaşan müxalifətçilərin kütləvi döyülməsi ilə nəticələnib.
Qriqol Vaşadzenin seçki qərargahından aldığımız bilgiyə görə, səslərin sayılması zamanı məntəqələrdən birində müxalif namizəd qalib gəlib, protokol yazıldıqdan sonra Salome Zurabişvilinin partiyasından olan məntəqə üzvü protokolu götürüb, məntəqədən çıxıb. Yaranan insidentə qoşulan onlarla seçici arasında gərginlik əlbəyaxa davaya keçib. Şəhərin mərkəzinə sıçrayan qarşıdurmanın yerli polisin müdaxiləsi ilə yatırılması mümkün olmadıqdan sonra yerli hakimiyyət təmsilçiləri xüsusi təyinatlı dəstələri bölgəyə dəvət edib.
Yüzlərlə insanın küçələrə axışması haqqında kadrları müxalifətçilər sosial şəbəkələrdə yayıb. Rustavi2 kanalı hadisə yerindən canlı yayıma çıxıb. Olayların Tiflisə keçmə ehtimalının yüksək olduğu bildirilir.
Vaşadzenin seçki qərargahı onlarla insanın həbs edilərək Tiflisə aparılması haqqında xəbər yayıb.
Rubrika.Az
Facebook-da paylaş







