İş adamı Məsud Əhmədov necə azadlığa çıxdı? - Çovdarovdan zərərçəkən şəxs məhkəmədə uduzdu

Akif Çovdarovun zərərçəkmişi olduğu deyilən şəxs məhkəmədə uduzdu. Ona görə həbs edilən şəxs bəraət alaraq azadlığa çıxdı.
Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Prokuror şirkət rəhbəri olan və 3 nəfərə qarşı 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq etməkdə ittiham edilən Məsud Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
M.Əhmədovun vəkili Faiq Nağıyev müdafiə çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Təqsirləndirilən Məsud Əhmədov isə özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Müşavirədən sonra məhkəmə M.Əhmədov barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə qeyd edilib ki, M.Əhmədova qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı dövründə öz təsdiqini tapmayıb.
İttihamda göstərilirdi ki, Məsud Əhmədov Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə dövründə Məsud Əhmədov sadəcə Cahangir Alışovla barışıq əldə edə bilməmişdi. Sonradan ona qarşı bu ittiham əsassız olduğu barədə qənaətə gəlinib və ona bəraət verilib.
Zərərçəkmişlərdən Cahangir Alışov MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdı. Amma işi araşdıran Bakı Hərbi Məhkəməsi Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam vermişdi.
Onu da qeyd edək ki, Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədov da həbsdədir. Onlar da bir mənzili bir neçə nəfər satmaqda təqsirli bilinərək həbs ediliblər. Məsud Əhmədovun həbsinin səbəbi, Cahangir Alışovla biznes əlaqələri və bəraətin təfərrüatı barədə ətraflı məlumat verəcəyik.
Rubrika.Az
Facebook-da paylaş

















