• Tramp ərəbləri “oda salır”

    Tramp ərəbləri “oda salır”

    ABŞ prezidenti ərəb ölkələrini Suriyaya çəkmə planı

    Səudiyyə Ərəbistanı hökuməti ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb.Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, bu barədə dekabrın 24-də ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb. ABŞ prezidenti yazıb ki, Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün lazımi vəsait ayırmağa razılıq verib: “Görürsünüz? Məgər Suriyadan 5 min mil məsafədə olan böyük ABŞ-ın deyil, fövqəladə zəngin ölkənin qonşularının bərpasına kömək etməsi xoş deyil?".

    Xatırladaq ki, ABŞ prezidenti qoşunların Suriyadan çıxarılacağını dekabrın 19-da bəyan edib. Artıq müdafiə naziri bununla bağlı rəsmi əmr imzalayıb. 2 min nəfərlik ABŞ hərbi kontingenti 60-100 gün ərzində Suriyanı tərk edəcək.

    Bazar günü isə ABŞ və Türkiyə prezidentləri arasında telefon danışıqları barədə məlumat yayılıb. ABŞ prezidenti şəxsi hesabından yazıb ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul olacaq. O, Türkiyə prezidenti ilə bu barədə razılaşdığını deyib.

    İndi isə Tramp Suriyanın bərpa edilməsi prosesinə ərəblərin, konkret olaraq Səudiyyə Ərəbistanının cəlb olunacağını bildirir. Yeri gəlmişkən, ərəblərin Suriyada fəallaşması barədə bundan bir neçə ay əvvəl Tramp özü açıqlama verib. O zaman ABŞ prezidenti ərəb ölkələrini Suriyada aktiv fəaliyyət göstərməyə dəvət etmiş və ABŞ-ın Suriyadakı hərbi xərclərini ödəməyi təklif etmişdi.

    Bu ilin oktyabrında isə Səudiyyə Ərəbistanı hökuməti Suriyada kürdlərin (Suriya Demokratik Qüvvələri - K.R.) nəzarət etdiyi bölgələrin təmiri və yenidən qurulmasına 100 milyon dollar ayırıb. Oktyabrın 16-da ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib. Burada o, kral Salman bin Əbdüləziz, eləcə də ölkənin əsas adamı olan vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüb. Səfərin əsas məqsədi isə oktyabrın 2-də İstanbuldakı Ərəbistan konsulluğunda yoxa çıxmış jurnalist Camal Qaşıqçının işi olub.
    Tramp ərəbləri “oda salır”

    Ancaq Krallığın maliyyə yardımını ayırması məhz bu görüşlərlə eyni təqvimə təsadüf etdiyi üçün ciddi tənqidlərə səbəb olub. Bir çoxları bu yardımı məhz Qaşıqçı cinayətinin ört-basdır edilməsi üçün ər-Riyadın Vaşinqtona rüşvəti adlandırırlar.

    “Nyu York Tayms” qəzetinə açıqlama verən amerikalı dövlət rəsmisi 100 milyonun məhz bu ərəfədə ayrılmasının təsadüfi olmadığını bildirib. Prezident Trampın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi təmsilçisi polkovnik Brett Makqurk isə bu ittihamları rədd edib. O deyib ki, Ərəbistan hökuməti Suriyanın şimalında İŞİD tərəfindən dağıdılmış bölgələrin təmiri üçün 100 milyon ayrılması haqda qərarı avqust ayında qəbul edib, ancaq ödəmə payıza təsadüf edib.

    Noyabr ayında isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərdən ibarət heyəti Suriyanın şimalında kürdlərin nəzarətində olan Ayn İsa şəhərində Suriya Demokratik Qüvvələri (SDQ) və koalisiya rəsmiləri ilə görüşüb. Bu barədə İraq kürd muxtariyyətində fəaliyyət göstərən “Basnews” saytı məlumat yayıb.

    Saytın xəbərində görüşdə İŞİD-lə mübarizə, həmçinin İŞİD-dən azad edilən bölgələrdə terror təşkilatına məxsus gizli hücrələrin ifşa olunması istiqamətində atılacaq addımlar və regiondakı təhlükəsizliyin vəziyyəti müzakirə olunub. Bundan başqa toplantıda Suriyanın şimal və şərq sərhədlərində yerləşdiriləcək sərhəd mühafizəsi qüvvələrinin formalaşdırılması, onlara təlim və təchizatının körfəz ölkələri tərəfindən təmin olunması imkanları dəyərləndirilib.
    Tramp ərəbləri “oda salır”
    Səfər və toplantı haqqında sayta açıqlama verən Suriyanın şimalından olan kürd siyasətçisi isə toplantının əsas məqsədinin Türkiyənin Fəratın şərqində həyata keçirəcəyi əməliyyata qarşı atılacaq addımlların müzakirəsi, eləcə də İranın Suriyaya əsas giriş yolu olan şərq sərhədlərinin (İraq sərhədi - K.R.) möhkəmləndirilməsi və bununla da Tehranın Suriyada güclənməsinin qarşısını almaqla bağlı görüləcək işlər olduğunu deyib.

    Maraqlıdır ki, ərəb heyəti ilə kürdlərin görüşündə həm də İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndələri də qatılıb. Mənbə iddia edib ki, amerikalılar Suriyada hələ uzun müddət qalmağı düşünür və bu toplantının əsas hədəflərindən biri də məhz bunun üçün şərtlərin hazırlanmasıdır.

    Maraqlıdır ki, təxminən eyni günlərdə Suriyanın kürd bölgəsinə (SDQ nəzarətində olan ərazilər - K.R.) ərəb ölkələrində bir siyasi heyət də gəlib. Ayn əl-Arab şəhərinə gələn ərəb mülki heyətin burada SDQ liderləri ilə danışıqlar apardığı qeyd olunur. Bu barədə məlumatı Suriyada müxaliflərə yaxın, mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzinin yaydığı açıqlamada qeyd olunur ki, körfəz ölkələrindən gələn mülki heyət SDQ rəsmiləri ilə toplantı keçiirb. Xəbərdə deyilir ki, körfəz ölkələrindən gələn birgə heyət Fəratın sağ sahilindəki vəziyyət və görülə biləcək tədbirlər haqda danışıqlar aparıb.

    İndi isə bütün bu səfər və yardımların səbəbi açıqlanıb. Səudiyyə Ərəbistanı Suriyada aktiv şəkildə iştirak edəcək. Məsələ ondadır ki, körfəz ölkələrinin, xüsusən də ABŞ-ın regionda əsas müttəfiqi kimi çıxış edən Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveytin, həmçinin Misirin Suriya münaqişəsində aktiv iştirakı çağırışına ABŞ prezidenti özü çağırış edib.

    Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, Sudan prezidenti Ömər əl-Bəşirdən sonra yaxın günlərdə Misirin prezidenti Əbdülfəttah əs-Sisi də Suriyaya səfərə gedəcək. Belə görünür ki, körfəz ərəb ölkələrini, yəni Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ittifaqını Suriyada aktivləşdirən elə Vaşinqtondur. O da bəllidir ki, gələn il Kemp Deviddə müttəfiq ərəb liderləri ilə ABŞ prezidentinin ənənəvi toplantısı olacaq.

    Məsələ ondadır ki, Ərəblərin Suriyanın şimalında aktiv gücə çevrilməsi bir tərəfdən İranın təsirini azaltmaq, Hizbullah və digər müttəfiq qüvvələri ilə Suriyada əsas sahə gücünə çevrilməsi qarşısında maneə yaratmaq məqsədi güdür, ikinci tərəfdən isə Fəratın şərqində əməliyyat keçirməyə hazırlaşan və son iki ildə Rusiya ilə yaxınlaşmaqla faktiki olaraq Suriyanın şimalında təsirli hərbi gücə çevrilən Türkiyənin rolunu azaltmaqdır. Yəni indiki halda bu layihə bir tərəfdən də ABŞ-dan sonra yaranan boşluğun ərəblər tərəfindən doldurulması və necə deyərlər. kürdlərin yalnız qalmaması üçün ola bilər.

    Yeri gəlmişkən, noyabrın ortalarında körfəz ölkələrindən birinə məxsus ilk hərbi baza Suriyanın şimal-şərqindəki Deyr əz-Zor vilayətinə yerləşdirilib. Deyr əz-Zor hazırda kürdlərlə hökumət qüvvələri və qismən də İŞİD-in nəzarətində olan bölgədir. Vilayətdə hərbi əməliyyatlar dayanmır. Suriyanın İraqla əsas sərhəd-keçid məntəqələrindən biri olan, üstəlik ərazisində neft və qaz istehsal olunan vilayət uğurunda savaşlar son 7 ildə dayanmayıb.

    Artıq necə deyərlər, ilk addım atılıb. Körfəz ölkələrindən biri Suriyada öz hərbi varlığını yaradıb. Son iki səfər onu göstərir ki, ərəb ölkələrinin aktivliyi daha da artacaq. Bəlli olduğu kimi, artıq BMT nəzdində Suriyada Konstitusiya Komissiyası yaradılması istiqamətində işə başlanılıb. Ölkənin gələcəyi ilə bağlı qərar yaxın dövrdə veriləcək. Bu prosesdə körfəz ölkələri də aktiv iştirak edəcək. Ancaq bu gedişə Türkiyə və İranın hansı reaksiyanı verəcəyi maraqlıdır.


    Rubrika.Az


    Facebook-da paylaş