Qədim yurdun müasir inkişaf yolu - "Qoy yalan, böhtan danışanlar bu inkişafı və tərəqqini görüb utansınlar”
![]()
Ulu öndər Heydər Əliyevin Azərbaycana sabitlik, dinamik inkişaf bəxş edən siyasəti bu gün bütün sahələrdə uğurla davam etdirilir. Qədim Şamaxının müasir tarixində dərin iz buraxan, tamamilə yeni bir səhifə açan tərəqqi dövrü cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Rayona dəfələrlə səfərlər edən, hər gəlişində yeni müəssisələrin, turizm obyektlərinin açılışını edən cənab Prezidentin diqqət və qayğısı Şamaxıda bütün sahələrdə hiss olunur.
Şamaxı rayonu təhsil sahəsində hər zaman ölkəmizdə ilk pillələrdə qərar tutub. Rayonda 70 ümumtəhsil məktəbi, o cümlədən 50 tam orta, 17 ümumi orta, 3 ibtidai, 21 məktəbəqədər tərbiyə, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumilikdə rayonun ümumtəhsil məktəblərində 12749 şagird təhsilə cəlb edilmişdir. Respublikanın bütün regionlarında olduğu kimi, Şamaxının təhsil infrastrukturu ilə bağlı məsələlər ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ilə birgə həyata keçirilir. Təhsilə dövlət qayğısının nəticəsidir ki, 2018-ci ilin ilk 6 ayında Meysəri kəndində 132 şagird yerlik yeni məktəb binasının, Nağaraxana kənd tam, şəhər 8 saylı ibtidai modul tipli yeni məktəb binalarının tikintisi sona çatdırılmışdır. Bütün avadanlıqlarla təchiz olunmuş hər 3 məktəb bu yaxınlarda şagirdlərin istifadəsinə veriləcəkdir. Bundan başqa, bu il rayonun Talışnuru kənd tam orta, Ərçiman, Çıraqlı, Cabanı, Çağan, Laləzar və Sabirli kənd ümumi orta modul tipli məktəblərinin tikintisinə başlanılacaqdır.
Şamaxıda fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı artıq öz ənənələri, uğurları ilə tanınan bir təhsil ocağına çevrilib. Şəhriyar qəsəbəsində yerləşən filial təkcə ölkə miqyasında deyil, həm də beynəlxalq miqyasda tanınır, nüfuzlu elmi konfranslara, tədbirlərə ev sahibliyi edir. Filialın direktoru Tünzalə Yusifova bildirir ki, ölkəmizdə müşahidə olunan dinamik inkişaf bu gün Şamaxıda bütün sahələrdə, xüsusilə də təhsil sektorunda tamamilə yeni bir mərhələ açıb: “Gələcəyin müəllimlərini hazırlayan filialımız bütün müasir infrastruktur ilə təmin edilib. Tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Son zamanlar müəllim peşəsinə dövlətimiz tərəfindən verilən dəyər, müəllim ordusuna göstərilən maddi və mənəvi qayğı gənclər arasında bu sahəyə marağı gücləndirib. Ümummilli liderimiz Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri də müəllimə verilən qiymətin bariz nümunəsidir. Biz də bu qayğıdan nümunə götürürük. Məqsədimiz savadlı, bilikli, özünə güvənən, vətənpərvər mütəxəssislər yetişdirməkdir.
Filialın müəllim və tələbə kollektivi hər zaman rayon miqyasında keçirilən tədbirlərdə fəal iştirak edir. Xüsusi məmnunluqla vurğulamaq istərdim ki, rayon rəhbərliyi də həmişə bizə xüsusi diqqət və qayğı göstərib. Hər hansı problemlə bağlı onlara etdiyimiz müraciət dərhal aradan qaldırılıb. Rayona qısa müddət ərzində rəhbərlik etməsinə baxmayaraq İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov artıq filialımıza gəlib, şəraitlə yerində tanış olub. Həmçinin istənilən məsələdə biz rayon rəhbərliyinin dəstəyini hiss edirik. Bu gün çəkinmədən demək olar ki, Şamaxı təhsili özünün uğurları ilə fəxr edə bilər.”
Rayon səhiyyəsinin qazandığı uğurlardan danışan həkim Ağaseyid Əmirov bildirdi ki, Şamaxıda əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün zəruri infrastruktur yaradılıb. “Rayonumuzda əhaliyə 131 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 15 çarpayılıq Göylər kənd sahə xəstəxanası, 14 kənd həkim məntəqəsi, 20 tibb məntəqəsi və Diaqnostika Mərkəzində ümumilikdə 132 nəfər həkim, 315 nəfər orta tibb işçisi xidmət göstərir. Əsas məqsədimizin insanların sağlamlığının keşiyində dayanmaq, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməkdir. Hər il olduğu kimi əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilib. Rayonda fəaliyyət göstərən tibb ocaqları ən müasir avadanlıqlarla təmin olunub, savadlı, təcrübəli həkimlərimiz insanların sağlamlığının keşiyində dayanır. Şamaxı səhiyyəsi bu gün özünün çiçəklənmə dövrünü yaşayır.”
Şamaxıda son illərdə aparılan yenidənqurma, abadlıq işləri rayonun simasını tamamilə dəyişib. Rayon ağsaqqalı Vaqif müəllim bizimlə söhbətində bildirdi ki, görülən işlərin nəticəsində Şamaxı mədəniyyət və turizm mərkəzinə çevrilib: “Təkcə Dəmirçi kəndində görülən işləri qeyd etmək kifayətdir ki, rayona göstərilən qayğı və onun nəticəsini tam mənası ilə dərk edəsən. Qədim tarixə malik olan Şamaxıya cənab Prezidentin, həmçinin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti artıq öz bəhrələrini verməkdədir. Əminliklə söyləmək olar ki, rayonumuza gələn turist sayı ildən-ilə artır. Hazırda Şamaxı rayonun ərazisində üç beşulduzlu otel, 22 istirahət-turist mərkəzi mövcuddur. 2018-ci ilin 6 ayı ərzində rayonumuza 35100 nəfər turist gəlmişdir ki, bunlardan 7750 nəfəri xarici turist olmuşdur.
Dövlətin qeyri-neftr sektorunun inkişafına göstərdiyi diqqət Şamaxıda ilkin nəticələrini göstərməkdədir. Rayonda kənd təsərrüfatının inkişafı üçün ciddi proqramlar həyata keçirilir. Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda Şamaxıda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahə 1710 hektara çatdırılmışdır.
Bundan əlavə, Meysəri kəndinin ərazisində yerləşən “Şirvan Şərabları” müəssisəsində 120 hektar yeni üzüm bağı, 40 hektar isə yeni meyvə bağı salınmışdır. Hazırda həmin müəsissədə üzüm və meyvə bağlarının əkini davam etdirilir.
Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov Şamaxıda sosial-siyasi həyatın bütün sahələrində inkişafın, sabitliyin hökm sürdüyünü bildirir:
“Şükürlər olsun ki, bu gün Azərbaycan dünyada sülh, sabitlik simvoludur. Cənab Prezidentin siyasəti dövlətimizi bütün dünyada mühüm söz sahibinə, etibarlı tərəfdaşa çevirib. İqtisadiyyatımız güclənir, bunun da nəticəsində regionların sosial inkişafı sürətlənir. Şamaxı rayonunda görülən işlər dövlətimizin göstərdiyi qayğının bariz nümunəsidir. Təhsil, səhiyyə, elm sahələrində olan tərəqqini görməmək üçün ən azından kor olmaq lazımdır. Lakin, təəssüf ki, bir çoxları öz çirkin siyasi məqsədlərinə çatmaq üçün böhtan xarakterli məlumatlar yayır, rayonun inkişafına kölgə salmağa çalışırlar. Bütün rayon ziyalıları, ağsaqqalları adından bildirirəm ki, bu tip məlumat yayanların mənfur niyyətləri baş tutmayacaq. Rayonumuzda aparılan abadlıq-quruculuq işləri hər bir şamaxılının ürəyincədir. Qoy yalan, böhtan danışanlar bu inkişafı və tərəqqini görüb utansınlar”.
Artıq Yeni ilin astanasındayıq. Yeni il yeni arzular deməkdir. Qədim Şamaxı torpağı bu gün yeniliklərlə hər kəsi təəccübləndirir. Rayonda aparılan quruculuq işləri, həyata keçirilən uğurlu layihələr gələcəyə böyük ümidlər yaradır. Tam əminliklə demək olar ki, bu qədim diyar müasir Azərbaycanın uğur salnaməsində, inkişaf yolunda öz layiqli yerini tutur, görülən işlərə öz töhfələrini verir!
Nicat Mahmudov
RUBRİKA.AZ
Facebook-da paylaş








