Azərbaycanda FETÖ müzkirələri... - Bu addımı ilk dəfə atacağıq...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın FETÖ qruplaşmasını terror təşkilatı kimi tanımasından sonra Azərbaycanın da bu addımı atmasına dair fikir səsləndirib. Terror fəaliyyəti ilə məşğul olan qurumların rəsmən terrorçu təşkilat kimi tanınması hansı meyarlarla və necə baş tutur? Bunun üçün hansı prosedurların olması ilə bağlı müxtəlif mövqelər səslənməkdədir.
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında dedi ki, terror törətməsi təşkilatın terrorçu qurum kimi tanınmasının başlıca şərtidir: “Bir neçə yerdə terror olmalıdır. Digər tərəfdən tutaq ki, Cənubi Amerikada bir terror təşkilatı var və ancaq Latın Amerikası ölkələrində bu fəaliyyətlə məşğul olur. Belə olan halda Azərbaycanın onu tanıyıb-tanımamasının elə də əhəmiyyəti yoxdur. Amma İŞİD kimi təşkilatları müsəlman olduğumuz, dinimiz İslam olduğu üçün tanıya bilərik. Bu da zərurət yaranarsa, ola bilər, yəni fəaliyyətin qadağan olunması ilə bağlı. Amma FETÖ-nun terror təşkilatı olduğunu əminliklə deyə bilmərik. Çünki indiyə qədər bu təşkilatın haradasa partlayışlar törətdiyini görməmişik. Doğrudur, onların elmi yollarla fəaliyyətlərinin sonunda İslam dövlətinin yaradılması məqsədi var idi.
Onlar terror deyil, başqa xətlər tutaraq planlarını həyata keçirməyə çalışırdılar. FETÖ-nun təsiri altında olan şəxslər vasitəsilə haradasa partlayışların törədildiyinin şahidi olmamışam. Bu baxımdan onun terror təşkilatı kimi tanınmasını Azərbaycanın boynuna yükləmək olmaz. Ola bilər ki, Türkiyədə kimlərsə hansısa təşkilatlarla əlaqədə olsunlar. Amma qardaş ölkədə də nələrsə törətməyiblər. Zərərli ideologiyalar aparıla bilər, amma bunu terror kimi qələmə vermək olmaz. Məsələn, faşist ideologiyası qadağan olunur, amma o da deyilmir ki, faşistlər terrorçudurlar. Bildiyimiz kimi, Pakistan terrorçuların vətənlərindən biri sayılır. Talibanların bir hissəsi burada cəmləşib. Eyni zamanda, bu ölkədə FETÖ məktəbləri var. Ola bilsin ki, FETÖ-nun bu cür fəaliyyəti Pakistan hökumətinin xoşuna gəlməsin və bunun üçün onu terror təşkilatı kimi tanısın. Azərbaycanda düşünürəm ki, buna ehtiyac yoxdur. Bəzi məsələlərlə bağlı FETÖ-nun mənəvi terror etdiyini düşünmək olar. Amma klassik anlamda şəxsən mən onun terror təşkilatı olduğunu düşünmürəm”.
Sabiq MTN polkovniki dövlətlərin təşkilatları terror təşkilatı kimi necə tanımasına da toxundu: “Bunun hüquqi mexanizmi yalnız parlament yolu ilə mümkündür. Hüquq mühafizə orqanları əsaslı şəkildə məsələ qaldırır, layihələr təqdim edir və faktlar göstərir ki, bu təşkilatı konkret olaraq bizim ölkənin ərazisində yaxud əraziyə yaxın yerdə ciddi terrorla məşğuldur. Və bunun uzantıları ölkəmizə gəlib çıxa bilər, artıq bu var, kimlərsə bununla bağlı həbs edilib, o təşkilatın hansısa bir ideoloji ad altında yaxud İslam bayrağı adı altında yayımlanması qadağan olunur. Rusiya mətbuatına tapşırıblar ki, istənilən halda İŞİD-ın adı çəkiləndə mütləq mötərizədə yazın ki, Rusiyada qadağan olunub. Bizdə belə bir şey yoxdur. Terror təşkilatı kimi tanımağın mexanizmini belə bilirəm ki, parlament vasitəsilə olur. Parlamentdə də layihəni hüquq-mühafizə və xüsusi xidmət orqanları təqdim edirlər. Müzakirələr əsasında belə bir qərar qəbul olunur. Bu hansısa bir strukturun deyil, parlamentin razılığı ilə olmalıdır”.
Rubrika.Az
Facebook-da paylaş















