“Şamaxılılar sizə güvənir, cənab Prezident!” – ZƏLZƏLƏNİN “RAM EDİLMƏSİ”

2019-cu il fevral ayının 5-i gecə saatlarında episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan təxminən 6 bal gücündəki zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub, bir çox evdə dağıntı halları baş verib. Bu xəbər ölkədə ciddi narahatlıq yaratsa da qısa zaman kəsiyində problemlərin araşdırılması, aradan qaldırılması üçün təcili tədbirlərə start verilməsi sakinlərin narahat qəlblərinə rahatlıq gətirdi.
Rubrika.az bildirir ki, zəlzələnin baş verməsindən dərhal sonra bütün diqqətlər təbii fəlakətdən daha çox zərər çəkmiş Şamaxı rayonuna yönəlib. Gecə ilə bütün müvafiq orqanlar – Şamaxı Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi əməkdaşları, zəlzələ bölgəsinə gəlmiş könüllülər sakinlərlə çiyin-çiyinə idi. Bunun ardınca Prezident İlham ƏliyevinŞamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalaması və təbii fəlakətdən zərər görmüş tikililərin bərpası məqsədilə maliyyə vəsaitinin ayrılmasına göstəriş verməsi vətəndaşda “dövlət hər zaman arxamızdadır” fikrini daha da qüvvətləndirmiş oldu. Sərəncamda qeyd edilir ki, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.
Məlumat üçün bildirək ki, təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində hazırda da zəruri tədbirlər davam etdirilir.
Fevralın 7-də isə prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna gəlməsi yerli sakinlərdə böyük ruh yüksəkliyi yaradıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun müşaiyyəti ilə zəlzələdən zərər görmüş fərdi yaşayış evlərinə şəxsən baxış keçirən president elə yerindəcə öz tapşırıqlarını verib: Hansı binaları ki bərpa etmək mümkündür, bərpa ediləcək. Bərpa edilməsi mümkün olmayan evlərin əvəzinə isə yeniləri tikiləcək.
Sakinlərlə səmimi söhbəti zamanı tezliklə dağınti nəticələrinin aradan qaldırılacağını vəd edən ölkə başçısı növbəti dəfə istənilən halda hər bir vətəndaşının yanında olduğunu, problemlərinin həllinə yardım göstərdiyini əyani şəkildə göstərib. Həmin söhbətləri əks etdirən videogörüntülərə isə həyacansız baxmaq mümkün deyil. Şamaxılıların öz prezidentlərinə necə inandıqlarını, ona xitabən “nə yaxşı ki, bizim prezidentimizsiniz” söyləmələrini əks etdirən həmin görüntülər həm də İlham Əliyev siyasətinə xalq dəstəyinin növbəti təsdiqi idi.
Rubrika.az saytı olaraq eyni zamanda zəlzələnin baş verdiyi gecə saatlarından başlayaraq problemlərin həllinə başlamış Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovun bu örnək sayılacaq addımını alqışlayırıq. Bəli, prezidentin Şamaxıda da da ifadə etdiyi kimi zəlzələ təbii fəlakətdir, çalışıb onun fəsadlarını aradan qaldırmaq lazımdır. Bu baxımdan zəlzələ həm də sınaq idi: Şamaxılılar isə bu sınaqdan üzüağ çıxanları, eləcə də icra başçısı Tahir Məmmədovun gərgin əməyini heç vaxt unutmayacaqlar.
Arif
Rubrika.az
Facebook-da paylaş










