Bayıl sakinlərinin narazılığına reaksiya verildi - FOTOLAR

Bayıl yamcındakı sürüşmə zonasında yaşayan bir qrup sakin Prezident Aparatının qarşısına toplanıb.
Bu barədə musavat.com-a sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, narazı sakinlər arasında həm Bayıldakı sürüşmə zonasında yaşayan məcburi köçkün ailələri, həm də yerli sakinlər olublar.
Məlumata görə, yerli sakinlər verilən kompensasiyanın azlığından şikayət edirlər. Rəsmi şəkildə açıqlanmasa da sakinlər iddia edirlər ki, onlara köçürülmə zamanı mənzillərinin hər kvadratı üçün 700 manat kompensasiya veriləcək. Bu məbləğ isə yerli sakinləri qane etmir. 27 məcburi köçkün ailəsinin isə etirazı başqadır.
Belə ki, məcburi köçkün ailələrinə Səbayel Rayon İcra Hakimiyyətindən bildirilib ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olub. Bildirirlər ki, illərdir əziyyət çəkib, tikdikləri evi verib, yerinə məcburi köçkünlər üçün nəzərdə tutulan müvəqqəti mənzili almaq istəmirlər.
Məcburi köçkün ailələri bildirirlər ki, araşdırma aparıb öyrəniblər ki, onlara veriləcək evlər müvəqqətidir və bu evləri kimsəyə satmaq mümkün deyil. Eyni zamanda həmin evlər Bakının mərkəzindən xeyli uzaqdır.
Sakinlərin sözlərinə görə, onları Prezident Aparatında qəbul ediblər. Sakinlərə bildirilib ki, yerli sakinlər Səbayel Rayon İcra Hakimiyyətinə, məcburi köçkünlər isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə getsinlər. Bildirilib ki, onlar sakinləri dinləyib, problemlərini həll edəcəklər.
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş










