• Bəşər Əsəd Rusiya ilə birlikdə yaz hücumuna hazırlaşır - dünya yenidən qarışacaq

    Bəşər Əsəd Rusiya ilə birlikdə yaz hücumuna hazırlaşır - dünya yenidən qarışacaq

    Strateji əhəmiyyətli bölgənin ələ keçirilməsi üçün son hazırlıqlar aparılıb, yazın gəlişi ilə əməliyyatlar başlaya bilər
    Suriya ordusu Türkiyənin etirazlarına rəğmən Rusiya Hərbi-kosmik qüvvələri ilə birlikdə müxalifətçilərin əlində olan ərazilərə genişmiqyaslı hücum həyata keçirə bilər. Bu barədə “Al-Masdar News” saytı məlumat yayıb.

    Rubrika.az Musavat.com-a istinadla bildirir ki, sayt öz informasiyasını Suriya ordusundakı qaynaqlara istinadən yayıb. Məlumatda qeyd olunur ki, hökumət qüvvələri Rusiyanın hava dəstəyi ilə Hama, Hələb, İdlib və Laziqiyyə əyalətlərindən keçən 20 kliometrlik neytral zonanı qəfil zərbə ilə tutmağa hazırlaşır.

    Ordunun ilk hədəfləri sırasında Hamanın şimalındakı Murək və Əl-Latamina şəhərləri, habelə Hamanın şimal-qərbi ilə İdlibin cənub-qərbi arasında yerləşən Əl-Qaab düzənliyi olduğu bildirilir. Hücumda avanqard olaraq “Pələng gücləri”adlı elitar diviziyanın hissələri iştirak edəcək. Onlar 4-cü tank diviziyası və 5-ci korpusla birlikdə hərəkət edəcəklər.

    Daha öncələr “Pələng gücləri” Palmira, Şərqi Hələb, Şərqi Quta, Dəra və İdlibin cənub-qərbinin ələ keçirilməsində aktiv rol oynayıb. Hücumun müəyyən hazırlıqlardan sonra, yaxın 2 həftə ərzində başlanılması gözlənilir.

    Xəbərdə qeyd olunan ərazi İdlib vilayətinin cənub hissəsi, yəni hazırda faktiki olaraq müxalif qrupların nəzarətində olan bölgədir. İdlibin qeyd olunan 3 məntəqəsi vilayətin cənuba enən “çıxıntı”sı kimi görünür və bu ərazi bir tərəfdən Rusiyanın bəlgədəki hərbi bazaları üçün əsas təhdid mərkəzlərindən biri olmaqla yanaşı, eyni zamanda Tartus və Laziqiyyə şəhərlərini təhdid edir və nəhayət Dəməşqi Hələblə birləşdirən ölkənin əsas nəqliyyat qovşağı olan M-5 magistralının keçdiyi bölgədir. Adı keçən 3 məntəqənin ələ keçirilməsi Hama şəhərini silahlı müxalifətin hücumundan qorumaq baxımından da mühüm əhəmiyyət kəsb edir, bu, şəhərin mühafizəsinin təşkili üçün vacibdir.

    Məsələ ondadır ki, hər nə qədər mühasirə bölgəsi hesab olunsa da, İdlib böyük sayda cihadçı qrupların toplandığı vilayətə çevrilib. Aydın məsələdir ki, müxaliflərin İdlibdə bu şəkildə uzun zaman qalması mümkün deyil. Çünki birincisi, əhali sayı həddən artıq çoxdur, hazırda vilayətdə 3,5 milyon insanın yaşadığı güman edilir. Bu isə dinc dövrdəkindən azı iki dəfə çoxdur. İkincisi isə son iki ildə Suriyanın müxtəlif bölgələrində mühasirəyə alınan silahlılar məhz bu vilayətə köçürülüb. Bu səbəbdən də artıq həmin qruplar arasında indiyə qədər bir neçə dəfə ağır silahlı toqquşmalar olub və olmaqda davam edir. Ötən həftə ən-Nusra qruplaşması (Heyət Təhrir əş-Şam) İdlibdə bir neçə İŞİD silahlısını ələ keçirib edam etdi. Silahlıların həddən artıq “şişdiyi” İdlibin “partlamaması” üçün yayılması şərtdir. Bu səbəbdən də daha əvvəl öz aralarında nüfuz müharibəsi aparan silahlılar son zamanlar hökumət qüvvələrinə hücumları artırıb.

    Ötən həftə silahlılar Hama vilayətinin şimal bölgəsində Suriya ordusu mövqelərinə hücum edib. Hamanın şimalında əl-Masasna bölgəsində ordu qüvvələri ilə toqquşmalar nəticəsində hər iki tərəf çox sayda itki verib. Suriya ordusu genişmiqyaslı hücumu dayandıra bilsə də, 18 hərbçi itirib. Hücum edən silahlılar isə 32 canlı qüvvə itki verib.

    Əlbəttə, bu hücum Suriya və Rusiya üçün İdlibin cənubunda əməliyyat aparmaq baxımından əsaslı fürsətdir. Ehtimal ki, gələcək həftə havaların isinməsi ilə Suriya ordusu şimala doğru irəliləyəcək. M-5 yolunun təmizlənməsi Suriya ordusu üçün mühüm əhəmiyyət kəsb edir. Ancaq təbii ki, bu əməliyyatın qarşısında əsas maneə Türkiyədir. Ankara bu əməliyyata isti yanaşmayacaq. Sözügdən xəbərdə də Türkiyənin İdlibə hücuma sərt təpki verəcəyi qeyd olunub.

    Məsələ ondadır ki, Soçi anlaşmasına və ondan əvvəlki Astana prosesinə əsasən, İdlibdə Türkiyənin atəşkəsə nəzarət məntəqələri fəaliyyət göstərir. 2018-ci il 17 sentyabrda Soçidə Ərdoğan və Putin arasında əldə olunmuş anlaşmaya əsasən, Türkiyə İdlibin mərkəzindən keçən silahsızlaşdırılmış bölgənin yaradılmasına cavabdehdir. Bundan başqa, Türkiyə ordusu İdlibin demilitarizasiya zonası boyunca 18 müşahidə məntəqəsi qurub. Ancaq Rusiya XİN bildirir ki, Soçi anlaşmasına əsasən, Türkiyə İdlibdə atəşkəs zonası yaradılması prosesini tam başa çatdıra bilməyib.

    Türkiyə üçün indi İdlibdə əməliyyatların başlaması uyğun deyil. Çünki Ankara silahlı güclərini Suriyanın şimal-şərq bölgəsinə, Fəratın şərq sahili və Menbic üçün hazırlayıb. Bir qədər əvvəl Türkiyə müdafiə naziri Hulusi Akar ABŞ prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefrini qəbul edib. Görüşdə əsas mövzu Türkiyənin Fəratın şərq sahilinə hazırladığı əməliyyat və eləcə də Menbicin boşaldılması ilə bağlı razılaşmanın yerinə yetirilməsi prosesi müzakirə olunub. Bu gedişatın fonunda Suriya və Rusiyanın İdlibdə əməliyyata başlaması Türkiyənin maraqlarına cavab vermir.

    Ancaq indi demək olar ki, alternativ yoxdur. Suriya hökuməti ya şimal-şərqdəki kürdlər (SDQ – Suriya Demokratik Qüvvələri koalisiyası – K.R.) ilə savaşa girməlidir, ya da İdlibə hücum etməlidir. Ancaq son ayların gedişatı göstərir ki, Dəməşq üçün kürd məsələsi o qədər də öncəlik deyil. Çünki kürdlər onsuz da Dəməşqlə anlaşmağa yaxındır. Üstəlik Rusiya amili də var. Kürdlər ruslara güvənir və amerikalılar çıxdıqdan sonra rusların vasitəçiliyi ilə Dəməqşlə hansısa formada anlaşmaya gedəcəklər. Bu səbəbdən də indi ABŞ ordusunun çəkilməyə başladığı bir vaxtda Əsəd kürdlərin üzərinə gedib Vaşinqtonun Suriyada qalması üçün bəhanə vermək istəmir. Bunun əvəzində İdlibdə kürdlərdən fərqli olaraq yerli olmayan, mühüm bir qismi gəlmələrdən ibarət silahlı cihadçı militanlar var.

    Eyni zamanda mümkündür ki, bu dəfə Ankara Rusiya və Suriyaya İdlibdə əməliyyat üçün razılıq versin. Çünki birincisi, Türkiyə üçün indi əsas məsələ Fərat və Menbicdir, İdlibin cənubu Ankara üçün o qədər də əhəmiyyət kəsb etmir. İkinci tərəfdən, İdlibin özündə son aylarda radikal cihad qrupları fəallaşıb və Türkiyənin dəstəklədiyi müxalif qüvvələri sıxışdırıb bir sıra bölgələrdən çıxarıb. Mümkündür ki, Ankara nəzarətdə olmayan qrupların cəzalandırılması üçün Moskvanın İdlibin cənubundakı əməliyyatlarına göz yuma bilər. İstənilən halda Ankaranın mövqeyi yaxın günlərdə məlum olacaq. Lakin indi Moskva və Dəməşqin əməliyyatı növbəti dəfə təxirə salması az ehtimaldır.

    Rubrika.az


    Facebook-da paylaş