Trampın Silah Ticarəti Sazişindən çıxmaq qərarı dünyaya nə vəd edir?

Tofiq Zülfüqarov: “Tramp lazım olmayan qadağalara çox da fikir vermir, ABŞ-ın maraqları əsasında siyasət yürüdür”
Ötən cümə günü ölkənin ən güclü silah hüquqları müdafiəsi qrupu olan Milli Silah Assosiasiyasının illik toplantısında prezident Donald Tramp ABŞ-ın 2013-cü ildəki Birləşmiş Millətlər Təşkilatının Silah Ticarəti Sazişindən geri çəkildiyini və bunun xarici silahlı münaqişələrə silah verilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.
Bununla bağlı “Amerikanın Səsi”nin yaydığı məlumata görə, amerikalılar 390 milyondan çox silaha sahibdir. Bu isə dünyada silah sahibi olan vətəndaşların sayının təxminən yarısını təşkil edir. Bu silah sahiblərinin əksəriyyəti ABŞ-ın siyasətində təsirli lobbiçilik qrupu və ABŞ-ın BMT razılığına qoşulmasını dayandırmaq üçün sərəncam imzalayan prezident Donald Trampın yaxın müttəfiqi olan Milli Silah Assosiasiyasının üzvləridir. “Mənim rəhbərliyim heç bir zaman BMT Silah Ticarəti müqaviləsini ratifikasiya etməyəcək. Ümid edirəm sevindiz” - Donald Tramp deyib.
BMT-nin Silah Satışı üzrə beynəlxalq razılaşma 2013-cü ildə Obama administrasiyası dövründə imzalanıb, lakin heç zaman Senat tərəfindən ratifikasiya edilməyib. Bu razılaşma qeyri-nüvə silahlarının transsərhəd təchizatını tənzimləyir və insan hüquqlarının pozulmasına yol verənlərə qeyri-qanuni silahlardan istifadəyə mane olur. Tomas Kantrimən müqavilə üzrə ABŞ-ın aparıcı vasitəçisi olub. “İran, Şimali Koreya və Suriya 2013-cü ildə bu müqaviləyə səs verməkdən imtina edən yeganə ölkələr olub. İndi isə ABŞ da özünü bu ölkələrlə bir sıraya qoyur”, Silaha Nəzarət Assosiasiyasından Tomas Kantrimən deyib.
Qeyd edək ki, BMT razılaşması Milli Silah Assosiasiyası (NRA) və amerikalıların silah sahibi olmaq hüququnu müdafiə edən konstitusiyanın 2-ci düzəlişini pozacaqlarına inanan digər mühafizəkar qruplara ziddir. Tramp razılaşmanı rədd edərək, öz administrasiyasının silah hüquqlarını müdafiə edəcəyini göstərməyə can atır. Hesab olunur ki, 2020-ci ildə yenidən prezident seçilməyə çalışan Tramp üçün NRA-nın dəstəyi vacibdir. Trampın bu qərarı Paris İqlim sazişi və İranın nüvə razılaşması kimi beynəlxalq müqavilələrdən çıxması kimi addımların sonuncusudur. “Bu, ABŞ-ın dünyadakı etibarlılığı və liderliyini daha da azalda bilər”, Tomas Kantrimən deyib.
Administrasiya rəsmiləri qeyd ediblər ki, Rusiya və Çin də daxil olmaqla, 25 ən çox silah ixrac edən ölkədən 17-si indiyədək 96 ölkənin ratifikasiya etdiyi BMT-nin Silah Ticarət Sazişini imzalamayıblar. Trampın qərarı dünya üçün nələr vəd edir?
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ öz xarici siyasətinin vacib elementi kimi, bu və ya digər ölkələrə silah satışına çox böyük önəm verirdi: “İndi də həmin məsələ mövcuddur. Çünki baxsaq, bu təcrübə çoxdan var. ABŞ konfliktlərdə iştirak edən ölkələrə silah satışını həyata keçirməklə bağlı tələbləri çoxdan pozurdu. Xüsusilə Yaxın Şərqdəki konfliktləri nümunə kimi götürmək olar”. Keçmiş nazir bildirdi ki, Qarabağ münaqişəsi ilə bağlı da silah qadağası olmalı idi: “Əslində BMT qətnamələri mövcud olduğundan heç bir ölkə bu və ya digər konfliktdə iştirak edən ölkələrə silah verməməli idi. Amma həm Azərbaycan müxtəlif ölkələrdən silah alır, Ermənistana da silah verilir. Yəni ölkələr artıq BMT qətnamələrinin tələblərini pozublar. Bizim xəbərimiz var ki, digər həmsədr ölkə Fransanın istehsal etdiyi silahlar Yunanıstan vasitəsilə Ermənistana ötürülüb və sair”. T.Zülfüqarov BMT-də problemlərin çox olduğunu da vurğuladı. Qeyd etdi ki, bu qurum hərdən ABŞ-ın əlində alətə çevrilir: “Trampın siyasətinə diqqət etsək, o, lazım olmayan qadağalara çox da fikir vermir, ABŞ-ın maraqları əsasında siyasət yürüdür”.
Amma ABŞ rəsmisi Con Boltonun İrəvanda “silahı Rusiyadan yox, bizdən alın” məzmunlu çağırış etməsi də faktdır. Belə olduğu halda, Trampın qərarının nə dərəcədə işlək olacağı da sual doğurur. T.Zülfüqarov bu barədə danışarkən dedi ki, Ermənistan ABŞ-dan silah ala bilməyəcək: “Bolton daha çox işarə etdi ki, Rusiya tərkibindən çıxın, sizə bu və ya digər şəkildə kömək edək. Azərbaycana gəldikdə, ümumiyyətlə, ABŞ silahları bahadır. Amma Azərbaycanın onların analoqlarını digər ölkələrdən almaq imkanı indi də var. İstisna etmirəm ki, gələcəkdə Azərbaycanın bu silahları almaq imkanı da olacaq”.
Bu da məlumdur ki, Azərbaycana qarşı ABŞ-ın sanksiyası hələ 1992-ci ilin payızından tətbiq olunur. Söhbət Azadlığı Müdafiə Aktına 907-ci düzəlişdən gedir. T.Zülfüqarov qeyd etdi ki, ABŞ prezidentinin rəyi ilə bu düzəlişin tətbiqi dayandırılır: “Bu baxımdan, istəsələr, Azərbaycana silah sata bilərlər.
ABŞ böyük miqdarda silah satır və dünyada ən böyük silah ticarətçisidir. Eyni zamanda silah bazarının böyük hissəsi də kredit yolu ilə satılır. Yəni hansısa ölkəyə kredit verilir, deyilir ki, filan silahları almağa məcbursunuz. Bu baxımdan Trampın qərarı ABŞ-ın xaricdəki maraqlarını daha çevik müdafiə etmək üçün addımdır. İnanmıram ki, bizimlə bağlı vəziyyət hansısa şəkildə dəyişəcək".
Eks-nazir bu qərarın Rusiya ilə bağlı siyasətə təsir etməyəcəyini də vurğuladı: “Əsas maraq digər nöqtələrlə, ilk növbədə İsraillə bağlıdır. Həmçinin Misirlə də bağlı ola bilər. Əvvəllər də müəyyən qadağalar mövcud idi və bu qadağalar ABŞ büdcəsinin formalaşmasına müəyyən problemlər yaradırdı”.
Rubrika.Az
Facebook-da paylaş














