“Neftçi” yenə uduzdu, dublyorlar isə...oynamadı

Xüsusən idman jurnalistləri “Neftçi”yə az qala “Porşe” “qaz”ı vermişdilər, lap belə: “Mərhələni asan keçəcəyik, üstündən su içəcəyik”
Azərbaycanın bir çox film və tamaşalarında “Neftçi”haqda məzəli replikalar var. Onların ən tirajlılarından biri şübhəsiz ki, “Neftçi yenə uduzdu. Dublyorlar heç-heçə oynadı” replikasıdır.
SSRİ vaxtında-daha konkreti 80-cı illərdə güclülər dəstəsində oynayan “Neftçi”nin çox qəribə bir şakəri vardı. Özündən güclü klubla inamla oynaya bilir, hətta qalib gələ də bilirdi. Amma di gəl ki, çempionatda ondan da zəif olan kluba ya uduzardı, ya da zorla heç-heçə edərdi.
“Neftçi”nin Tula “Arsenal”ına hər iki oyunda qalib gəlib Rusiya çempionatından zəif olan, Yaxin Şərq ölkəsi olsa da Avropa hesab olunan İsrailin vitse-çempionuna ümumi hesabda 4:3 məğlub olması həmin günləri yada salır. Yox, nə “Neftçi” o keçmişdəki klubdur, nə futbolçular, nə Azərbaycan...Fəqət “Neftçi”nin dəyişməyən “ənənəsi” qalır.
“Bney Yehuda” qətiyyən pis klub deyil, amma SSRİ liqası ilə müqayisə etsək, uzaqbaşı Ukrayna “Çernomorets” kimi klub olar, ya da Qazaxıstan “Kayrat”ı...Təkrarçılıq olmasın, “Neftçi” isə həminki ənənəsi ilə gedir...Rəhmətlik Yaşar Nuri necə demişdi? ““Neftçinin heç udan vaxtı olub ki...”
Təkrar oyun ərəfəsində də qeyd etmişdik ki, “Neftçi” bundan əvvəlki rəqiblərini asanlıqla keçmiş, son oyunlarda qapısını toxunulmaz saxlamış və xeyli qollar vurmuşdu. Bu səbəbdən də xüsusən idman jurnalistləri “Neftçi”yə az qala “Porşe” “qaz”ı vermişdilər. İsrail klubunu hətta küçümsəyənlər də vardı.
Az qala lap belə: “Mərhələni asan keçəcəyik, üstündən su içəcəyik”. Amma “Bney Yehuda” “Neftçi” nin “boğazında qaldı” və Bakı klubu mübarizəni yarıda dayandırdı. Biz oyun ərəfəsi beləcə də yazmışdıq: ““Neftçi” Bakıda işini çətinə saldı. Bordinin optimizminə baxmayaraq, klub Bakıdakı kimi oynayarsa, nəticə fərqli olmaya bilər. Yada salaq ki, hətta qolsuz bərabərlik rəqibi növbəti mərhələyə çıxarır. “Neftçi”nin bu klubla oyunda büdrəməsi həqiqət də üzücüdür. Klub çempionatda çempionluğu necə əldə verdisə, eyni tale ilə Avroliqda da üzləşə bilər. Bu isə klub adına böyük uğursuzluq sayılacaq”.
“Neftçi” İsraildə Bakıdakından da zəif oynadı. Daha dəqiqini “Neftçi”nin kapitanı Emin Mahmudov deyib. Sitat: “Tək cinahlar yox, bütün komanda yatmışdı. Özü də bu iki oyunda bənzər yalnız ilk 45 dəqiqələr yox, hər iki 90 dəqiqə oldu. Bəli, ilk matçdan sonra baş məşqçimiz bizə nə etməli, necə etməli olduğumuzu izah etmişdi. Təəssüf ki, onun dediklərinin heç birini yerinə yetirmədik”.
Bordini günahlandıranlar da var. Onun gəlişi ilə “Neftçi”nin oyununda dəyişikliləri etiraf etməmək ədalətsizlik olar. “Arsenal”la oyunda rusiyalı şərhçilər ona xeyli təriflər də dedilər. İtaliyalının şəxsi göstəricilərinin kluba hansı təsiri olduğunu uzaqda oturub demək çətindir.
İtaliyalılar adətən, bir az “dəymə-düşər”olurlar. Özündən tez çıxırlar, hay-küy salırlar. Bordində də o xarakter ekranda görünür, amma məsələn, başqa bir italiyalı məşqçi Kontiyə yaraşan hay-küyçülük Bordinə yaraşmır. Yəni azərbaycanlılar demişkən, “dilin varsa, dilçəyin də olmalı”.
“Bordin “Neftçi”də daha nələr edə bilər”, “nələri niyə edə bilmir” kimi suallara cavab tapmaq çətindir. Bu klub da digərləri kimi “qara qutu”dur, qəzadan sonra şifrəsindən yüz mütəxəssis baş aça bilməz. Bu səbəbdən “Neftçi”nin bir oyun yaxşı, bir oyun pis oynamasının professional cavabı da yəqin ki, yoxdur. Nə qədər ki, stabil klub qurmaq mümkün olmayacaq, bir gün hətta qarşılaşsa “Bavariya”ya da ciddi müqavimət göstərə biləcək klublarımız iki gün sonra virtual adla desək, bazar adamlarından formalaşan “Binəvariya”ya da uduzacaq... /musavat
Rubrika.az
Facebook-da paylaş








