Türkiyə türkdilli ölkələrin vəkillərini bir yerə topladı

Sentyabrın 11-14-də Türkiyənin Ankara və Sivas şəhərlərində Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin Baş Assambleyasının 3-cü zirvə toplantısı keçirilib.
Rubrika.az virtualaz.org-a istinadla bildirir ki, tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Toplantıda çıxış edən Anar Bağırov Türkiyə Vəkillər Kollegiyaları İttifaqının yaradılmasının 50-ci ildönümü münasibətilə Türkiyə vəkillərinin simasında İttifaqın sədri Metin Feyzioğlunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından təbrik edib, ona Türkiyə Vəkillər Kollegiyaları İttifaqının emblemini özündə əks etdirən qiymətli xalça bağışlayıb.
◀▶
Toplantının ikinci hissəsində Sivas şəhərində Sivas Konqresinin 100 illiyinə həsr olunmuş “Qurtuluşdan Qurtuluşa, Sivas Konqresinin 100 illiyi” mövzusunda beynəlxalq hüquq qurultayı və simpozium keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Türk-Av adından rəsmi çıxış edərək, simpozium iştirakçılarını Türk-Av və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından salamlayıb, Sivas şəhərinin bütün türk millətləri üçün müqəddəs olduğunu, bu tədbirin məhz Sivasda keçirilməsinin əhəmiyyətini vurğulayıb, vəkillik peşəsinin müstəqilliyini, onun nüfuzunun artırılmasının vacibliyini qeyd edib.
Bundan başqa, səfər zamanı Vəkillər Kollegiyasının nümayəndə heyətinin Türkiyənin Sivas şəhərinin valisi Salih Ayhanla görüşü olub. Görüşün sonunda Sivas şəhərinin valisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qiymətli hədiyyə - şəhərin rəmzi olan qədim türklərin ədalət simvolu-ikibaşlı qartal tablosu verib.
Facebook-da paylaş










