"Kimsə mənim dostuma söyüş söyə bilməz" - çay evində hesab üstündə baş verən ölüm işi

Çay evində baş verən qətlə görə məhkəmə iclası davam etdirilib. Bu iş üzrə iki nəfər məsuliyyətə cəlb edilib.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə və xuliqanlıqda təqsirli bilinən Sənan Həsənov və Asim Muxtarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Təqsirləndirilənlərdən Asim Muxtarov həbsdədir. Sənan Həsənov isə polis nəzarətinə verilib.
Hakim Azər Paşayevin sədrliyi ilə məhkəmə iclasında şahid qismində Elşad Əhmədov ifadə verib.
Elşad Əhmədov qətlə yetirilən Sahil Əlizadənin dostu olduğunu deyib. O, hadisə yerinə sonradan gəldiyini bildirib.
"Hava qaranlıq idi. Saat 20 radələrində kafenin qarşısından keçirdim. Çox sayda adam var idi. Ora yaxınlaşanda dava olduğunu eşitdim. Mən sadəcə tərəfləri sakitləşdirmək istəyirdim. Sahil mənim dostumdur. Onunla birlikdə məşq eləmişik. Mən Sənan və Asimi taksiyə mindirmək istəyirdim. Dedim ki, getsinlər, sabah danışarıq. Sonra Sahil həyətə çıxdı. Onlar bir-birinə hücum etdilər. Birdən Sahil dedi ki, kimsə məni bıçaqla vurdu"- deyə şahid bildirib.
Elşad Əhmədov deyib ki, hadisə yerinə gələndə kiminsə söyüş söydüyünü eşitməyib: "Kimsə mənim yanımda dostuma söyüş söyə bilməz. Həmin vaxt orada söyüş eşitməmişəm".
Suallara cavab verən zaman Elşad Əhmədovun ziddiyyətli fikirlər söylədiyi məlum olub. Belə ki, E.Əhmədov ilk ifadəsində mərhumla təqsirləndirilən şəxslər arasında əvvəllər də mübahisə və problem olduğunu deyib. Daha sonra isə onların dost olduqlarını söyləyib.
E.Əhmədov dostunu xəstəxanaya aparanda onunla getmədiyini deyib, bildirib ki, mərhumun yanında Xəyalə adlı xanım da olub.
Şahidə sual verilib ki, niyə bıçaqlanan dostu ilə xəstəxanaya getməyib?
E.Əhmədov belə cavab verib: "Sahilin vəziyyəti yaxşı idi. Onun yanında xanım olduğu üçün maşına minmədim. Həm də fikirləşdim ki, ora gedəndə polislər gələcək, izahat vermək lazım olacaq. Mən səhər Sahilin öldüyünü eşidəndə pis oldum".
Məhkəmə iclası oktyabrın 25-də davam etdiriləcək.
Məhkəmə iclasında mərhum Sahil Əlizadənin atası Fəxrəddin Əliyev də hüquqi varisi kimi iştirak edib.
F.Əliyev oğlunun qətlində iştirak edən şəxslərin azadlıqda olmasına etiraz edib. O bildirib ki, Sənan Həsənov oğlunun qətlində əsas günahkardır. O, bu cinayətdə daha bir neçə nəfərin iştirak etdiyini deyib.
Sənan Həsənov isə Fəxrəddin Əliyevə "mən sizin oğlunuzu öldürməmişəm" deyə cavab verib.
Hadisə bu il fevralın 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki çay evlərinin birində baş verib.
Sənan Həsənov və Asim Muxtarov həmin çay evində işləyən 1993-cü il təvəllüdlü Sahil Əlizadə ilə dava ediblər. Nəticədə Sahil Əlizadə bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisə hesab üstündə yaranan mübahisə zəminində baş verib.
Asim Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq), Sənan Həsənov isə 221.3-cü maddəsi ilə ittiham edilir.
Rubrika.az
Facebook-da paylaş













